AXCP Müsavatı çökdürmək istəyir
Arif Hacılı çətin duruma düşüb
1 May 2015 14:45 SiyasətMüsavat partiyasında gərginlik davam edir. Narazıların Vurğun Əyyubun ətrafında birləşməsi vəziyyəti daha qa qəlizləşdirib. Məsələ burasındadır ki, narazıların yaratdığı Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADRH) lideri Qubad İbadoğlu Müsavatdan çıxarılıb, 5 aylığa ABŞ-a gedib. Onunla bağlı məsələ demək olar ki, bitib. Ancaq Vurğun Əyyub illərini Müsavata vermiş təcrübəli bir siyasətçidir. Onu partiyadan çıxarmaq ictimai rəydə Arif Hacılının avtoritar imicini daha da möhkəmləndirəcək. Buna görə də qardaşı Mustafa Hacıbəyli kimi radikal zehniyyət sahiblərinin tələbinə baxmayaraq Arif Hacılı buna getmir. Vurğun Əyyubu Müsavat Məclisindən çıxarıblar, ancaq o, partiyada fəaliyyətini davam etdirir. Müsavatın Suraxanı təşkilatı tamamilə Vurğun Əyyubun nəzarəti altındadır. Təşkilat Vurğun müəllimin Milli Məclis üzvlüyünə namizədliyini irəli sürüb. Arif Hacılı komandasının "Namizədlərin irəli sürülməsi Divanla razılaşdırılmalıdır" tələbini qulaqardına vuran Suraxanı rayon təşkilatı Arif Hacılı üçün xoş olmayan bir prosesin əsasını qoyublar. Bu, rayon təşkilatlarının partiya rəhbərliyinə tabe olmamasıdır. Üstəlik, Müsavatın Suraxanı rayon təşkilatı Arif Hacılının istefasını tələb edir. Təşkilatın sədri Rövşən Dəmirli bildirib ki, belə bir tələb olmayıb, ancaq məsələ qaldırılıb. Tələb olmayıbsa da, bu gedişlə yaxın günlərdə hökmən olacaq. Çünki Müsavatın Suraxanı rayon təşkilatında əksəriyyət Arif Hacılını başqan kimi qəbul etməyən Vurğun Əyyubun təsirindədir. Arif Hacılı üçün məsələnin ən pis tərəfi Suraxanı təşkilatının sədri Rövşən Dəmirlinin AXCP sədri Əli Kərimlinin təsiri altında olmasıdır. Müsavatda Rövşən Dəmirlinin Əli Kərimli tərəfindən təlimatlandırıldığını ehtimal edirlər. Gələn xəbərlərə görə, AXCP sədri 2000-ci ilin qisasını Müsavatdan almaq, yaranmış situasiyadan yararlanaraq bu partiyanı tamamilə sıradan çıxarmaq istəyir. Müsavatı sıradan çıxarmaqda qərarlı olan AXCP sədri doğru proseslərin başından doğru taktika seçdi. O, ayrı-ayır funksionerlərlə işləmədi, Divanda, Məclisdə adamının olmasına çalışmadı. Rayon təşkilatları ilə işlədi. Əli Kərimli yaxşı bilirdi ki, başqan dəyişikliyi Müsavatda itkilərlə müşayiət olunacaq. Yeni başqanı hamı qəbul etməyəcək. Yeni başqan Arif Hacılı olunca məsələ bir az da tündləşəcək. Proqnozlar özünü doğrultdu. Qatı intirqant Arif Hacılının başqan seçilməsi Müsavatda əksəriyyəti narazı saldı. Hikmət Hacızadə, Niyazi Mehdi, Nəsib Nəsibli, Mehman Cavadoğlu, Qara Tofiq kimi adı brend şəxslər partiyadan istefa verdilər. Qubad İbadoğlu, Səxavət Əlisoy partiyadan çıxarıldılar. Partiyanın Tovuz təşkilatı elliklə istefa verdi. Suraxanı təşkilatında baş verənlər daha bir neçə rayon təşkilatının Müsavatdan çıxacağını söyləməyə əsas verir. İndi Arif Hacılı çıxılmaz durumdadır. Ya Suraxanı təşkilatı buraxılmalı, ya da bu təşkilatın şıltaqlığına dözüm göstərilməlidir. Suraxanı təşkilatı buraxılsa, Rövşən Dəmirli partiyadan çıxarılsa, vəziyyət nəzarətdən çıxa bilər. Ən yaxşısı seçkidən sonranı gözləməkdir. Arif Hacılı əsəbi davranıb indi radikal addımlar atsa, işini daha da çətinləşdirəcək.
Ərhun Abbas