“Kerri Azərbaycana qarşı xüsusi təlimatlar əsasında işləyir”
Elşən Musayev: “O, son illərdə dünyada baş verən inqilabların ssenari müəllifidir”
30 Aprel 2015 16:59 Siyasət"Avropa Oyunları öncəsi Azərbaycana qarşı aparılan oyunlarda təkcə Kerrinin Konqresdəki ofisi yox, Qərbdən olan bəzi dairələr də iştirak edirlər". "Olaylar"a açıqlamasında politoloq Elşən Musayev belə deyib. E.Musayev bildirib ki, Avropa Oyunları ciddi beynəlxalq tədbir kimi bütün dünyanın diqqətini Azərbaycana yönəldib. Politoloqun sözlərinə görə, həmin dairələrin məqsədi bu oyunu pozmaqdır: "Son zamanlar Kerrinin ofisindən idarə olunan, bu gün isə Azərbaycan mediasında faktlarla təsdiq olunan sənədlər onu sübut edir ki, ABŞ ikili standartların və saxta demokratiyanın, "insan hüquqları"nın tərənnümü ilə məşğuldur. Qərb o zaman insan haqlarından danışır ki, orada onların maraqlarına toxunulur, onların hansısa arzusu, öz marağını təmin etmək üçün təsir istəkləri var. Qərb çalışır ki, bəlli dövlətlər kimi Azərbaycan da onun əsarətində olsun. Hörmətli Novruz Məmmədov Bakıda keçirilən beynəlxalq forumda çox ciddi məsələyə toxundu. Bu həm də Azərbaycan hakimiyyəti tərəfindən xalqa, cəmiyyətə verilən mesaj idi ki, ayıq olmaq lazımdır, Azərbaycana qarşı hər cür təxribat ola bilər. Con Kerri ümumiyyətlə son illərdə dünyada baş verən inqilabların ssenari müəllifidir. Bu adam təlimatla işləyir. Hesab etmirəm ki, Obamanın Cənubi Qafqaz haqqında təfərrüatlı məlumatları var. Sadəcə Amerikada fəaliyyət göstərən erməni lobbisi, Azərbaycana qarşı olan bəlli qüvvələr külli miqdarda pulların müqabilində ABŞ hakimiyyətində öz maraqlarını təmin etməyə çalışırlar. Con Kerrinin ofisində hazırlanan sənədlərin, planların tərkib hissəsinə baxmaq yetərlidir ki, bu adamaların Azərbaycana qarşı nə qədər qərəzli olduqlarını, əhəmiyyətsiz mövzulara toxunduqlarını görərik. Əgər Azərbaycan mediası bu gün foto-faktlarla Amerikanın pozuculuq fəaliyyətini ifşa edirsə, demək ki, Azərbaycan hakimiyyətinin bu barədə səhih məlumatları var. Hesab edirəm ki, həmin qüvvələr Avropa Oyunlarının pozulması üçün əllərindən gələni edəcəklər. Amma arzualarına çata bilməyəcəklər, çünki Azərbaycan hakimiyyəti bu proseslərə son dərəcə hazırlıqlı görünür. Nəticə olaraq, bu möhtəşəm idman oyunu baş tutacaq". ("OLAYLAR" İA)