"Con Kerri ABŞ-ın maraqlarını erməni iddialarına qurban verib"

Musa Qasımlı: "ABŞ-ın dövlət katibi erməni milyarderlərinin cibindədir"

Aprelin 30-da Bakıda Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası "Qərbin ikili standartları: demokratiya və insan hüquqları" mövzusunda dəyirmi masa keçirib.Tədbirdə millət vəkilləri, QHT və KİV rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, I Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyası daha da güclənir. Bu günlərdə ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana qarşı planı ilə bağlı mətbuatda yayılan sənəddə hər şey açıq-aşkar bəlli olur, sənəddə ciddi faktlar ortaya qoyulur: "Bütün bunlar da, sözsüz ki, qərbin ikili standartlarından irəli gəlir. Düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin kampaniya əvvəllər də olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək".

"Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri: Azərbaycan nümunəsi" mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, Azərbaycana qarşı C.Kerrinin rəhbərliyi ilə hazırlanan bu sənəd mahiyyət etibarı ilə əvvəlki sənədlərdən fərqlənir: "Müstəqillik dövründə çoxlu müxtəlif hadisələrlə rastlaşmışıq. Bu günlərdə rastlaşdığımız sənəd isə çox maraqlı faktlarla ortaya çıxıb. Əminəm ki, bu iki hissəli bir plandır. Bir hissəsi artıq mətbuatda yayımlanıb. Əminəm ki, ikinci hissəsi də var". Z.Oruc bildirib ki, ABŞ-ın hazırkı dönəmdə dünya siyasəti özünün bərqərar etmək istədiyi demokratikləşməyə, demokratik dəyərlərə zərbə vurur: "Faktiki olaraq ABŞ-ın demokratiya sahəsində yürütdüyü siyasət dünya dövlətlərinin xalqlarını qorxutmaqdadır. Demokratiya qeyri sabitliyin müharibələrin və toqquşmaların sinoniminə çevrilib". Z.Oruc əlavə edib ki, ABŞ dünyada öz tərəfdarlarını itirir və bu heç şübhəsiz ki, Azərbaycanı da itirməkdir. Koalisiyanın koordinatoru Aydın Quliyev isə bildirib ki, bəzi Qərb ölkələri özlərini demokratik inkişaf yolunda model hesab edirlər: "Amma təcrübə göstərir ki, özünü klassik demokrat kimi göstərməyə çalışanlar öz ölkələrində baş verənlərin fərqində deyillər, öz daxillərində cərəyan edən hadisələrə münasibət bildirmədən digər ölkələri ittiham edirlər ki, bu da ikili standartlara yol açır". A.Quliyev ABŞ-da və digər qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar və s. barədə konkret faktlarla misallar gətirib. Qeyd edib ki, bu faktlar həmin ölkələrdə insan haqlarının real vəziyyətinin necə olması barədə aydın təsəvvür yaradır. "ABŞ-da və Avropada irqi və dini ayrı-seçkilik hallarının artması: multikulturalizmin iflası" mövzusunda çıxış edən "İctimai Problemlərin Tədqiqi Assosasiyası" İctimai Birliyinin sədri Məhərrəm Zülfüqarlı qeyd edib ki, dünyaya demokratiya öyrətməyə çalışan ABŞ insan haqları ilə bağlı 13 konvensiyadan 9-na qoşulmayıb: "Avropa Birliyinə gəldikdə isə insan haqları ilə bağlı vəziyyətə nəzarət edən heç bir qurum yoxdur. Başqa ölkələrin insan haqları barədə vəziyyətə münasibət bildiririlər, amma özlərində insan haqları ilə bağlı heç bir qurum yoxdur. Bu da orada vəziyyətin qeyri-normal olduğunu göstərir". "Konstitusiya Araşdırmaları" Fondunun rəhbəri Əliməmməd Nuriyev isə "Dövlət orqanlarının və beynəlxalq təşkilatların fəaliyyətində korrupsiya" mövzusunda çıxış edərək deyib ki, Azərbaycanı korrupsiyada ittiham edənlərin özlərində kifayət qədər korrupsiya faktları mövcuddur: "Bildiyiniz kimi, beynəlxalq təşkilatlarda da korrupsiya faktlarına rast gəlmək olar. Onlar qrant ayırırlar, həmin qrantlar necə xərcləndiyini bilirlərmi? "Freedom House" Təşkilatının vəsaitlərinin 80 faizi ABŞ büdcəsindən gəlir. Ona görə də həmin dövlətin maraqlarına xidmət edir. Demokratiya və insan haqları ilə bağlı yaydıqları bəyanatlarda da maliyyələşdirdikləri dövlətin maraqlarını əsas tuturlar. Bütün bunlara diqqət etdikdə görürük ki, onlar Azərbaycana qarşı qərəzlidirlər". Millət vəkili Musa Qasımlı bildirib ki, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan əleyhinə qarayaxma kampaniyasına göstəriş verməsi və ona başçılıq etməsində təəccüblü bir şey yoxdur. Ona görə ki, bu adam erməni milyarderlərinin cibindədir. O bildirib ki, C.Kerri həmin adamdır ki, Cənubi Qafqazda olmamasına və Azərbaycanın Dağlıq Qarabağ regionunun harada yerləşdiyini bilməməsinə baxmayaraq, "Azadlığa dəstək aktı"na 1992-ci ildə edilən 907-ci düzəlişin müəllifi oldu: "Belə bir şəxsdən hansı ədaləti gözləmək olar? Onunla ədalət, obyektivlik arasında 180 dərəcə fərq var". Deputat hesab edir ki, C.Kerri ABŞ tarixinin ən pis dövlət katibidir: "Onun Dövlət Departamentinə gəldiyi tarixdən bəri baş verən proseslərə diqqət yetirsəniz görərsiniz ki, dünyada ABŞ-ın nüfuzu sürətli şəkildə aşağı düşüb. Dünya xalqları Birləşmiş Ştatlara az qala nifrət edirlər. Bu vəziyyət ABŞ maraqlarını əsassız erməni iddialarına qurban vermiş dövlət katibi Con Kerrinin Amerika xalqı qarşısında "xüsusi xidmətidir". Bir gün amerikalılar ayılacaq və özlərinə belə bir sual verəcəklər: erməni maraqları Amerikanın maraqlarından nə üçün üstün tutulur və ABŞ-ı dünya siyasətində rüsvayçı vəziyyətə gətirib salan kimdir? O zaman Con Kerri cavab verməli olacaq". M.Qasımlı bildirib ki, Azərbaycana qarşı nə qədər uydurma kampaniyalar aparılsa da, heç bir şeyə nail ola bilməyəcəklər: "Azərbaycan dövləti Avropa oyunlarını ən yüksək səviyyədə təşkil edəcək. Gələcəkdə onun nümunəsinə müraciət edəcəklər. ABŞ-ın maraqları Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlığı tələb edir. Yanlış yoldan imtina edib, düzgün yola qayıtmaqda fayda var". Milli Məclisin üzvü Asim Mollazadə bildirib ki, C.Kerri Azərbaycan əleyhinə olan 907-ci düzəlişin müəlliflərindən biridir və Massaçusets ştatından senator olduğu vaxtlarda erməni diasporu ilə sıx fəaliyyətdə olub. A.Mollazadənin qənaətincə dövlət katibi postunda fəaliyyətinin bitməsi ərəfəsində C.Kerrinin erməni diasporu ilə əlaqələri yenidən güclənib: "Onun antiazərbaycan fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından deyil, daha çox varlı erməni diasporunun maraqları ilə izah olunur". Millət vəkili qeyd edib ki, Azərbaycan ABŞ-ın təhlükəsizliyi məsələsində önəmli rol oynayır: "Azərbaycanın dəstəyi ilə bu gün ABŞ öz əsgərlərini döyüş bölgələrinə apara bilir. Həmçinin, Azərbaycan enerji təminatında böyük rol oynayır. Bu da bir çox dairələri narahat edir. Onlar istəyirlər ki, istənilən üsullarla Azərbaycanı vursunlar. Bunun üçün isə çox böyük vəsait ayrılıb. Bunu isə erməni diasporaları təşkil edir". Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan gücləndiyinə görə, ABŞ-ın daxilində Xocalı soyqırımı ilə bağlı müvafiq qətnamələr qəbul olunub: "Bu onu göstərir ki, Azərbaycanın ABŞ-da, Avropada dostları var. Lakin onu da unutmayaq ki, Azərbaycana qarşı təzyiqlər var. Bu da təbii ki, qəbul olunmazdır. Biz çalışmalıyıq ki, bu qarayaxma kampaniyasına qarşı I Avropa Oyunlarını yüksək səviyyədə təbliğ edək".
   Tədbirdə "APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı rəhbərlik etdiyi agentlikdə yayımlanmış "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" sərlövhəli araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədləri nümayiş etdirib: "Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb. Ona görə biz redaksiya olaraq qərara gəldik ki, sənədləri nümayiş etdirək. Yazı 4 sənəd əsasında hazırlanıb. Bunlar "Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi", "2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd", "Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi" və "NED-in həyata keçirdiyi kampaniyanın layihəsi"dir". Millət vəkili Fazil Mustafa deyib ki, Azərbaycan cəmiyyəti öz maraqlarının müdafiəçisi kimi çıxış etməlidir: "Bu tədbir vasitəsilə güc nümayişi göstərmirik. Sadəcə, onların bizə qarşı rahatlıqla hansısa niyyətlərini həyata keçirməsi mümkün olmayacaq. ABŞ bir dəfə etiraf etsin ki, Ermənistanın əleyhinə hansısa sənədə səs verib. Nə olsun ki, ABŞ-ın 25 ştatında Xocalı soyqırımı tanınıb. Bir dəfə də haqq-ədaləti müdafiə etsinlər". Politoloq Elman Nəsirli bildirib ki, ABŞ qədər əslində beynəlxalq hüququ pozan ikinci bir dövlət yoxdur: "Bizi çox diqqətlə izləyirlər. Onların diqqətinə çatdırmaq istəyirəm ki, bizim vətəndaş cəmiyyətinin keçirdiyi tədbir heç də onların əleyhinə deyil. Sadəcə bəyan etmək istəyirik ki, strateji tərəfdaşımız olan ABŞ hakimiyyətinin yüksək etalonunda olan şəxslər bizə qarşı qərəzli mövqedədir. Onun sözlərinə görə, 2003-cü ildən Con Kerri vəzifəsinə başlayıb və elə uğurlu nailiyyətlər əldə etməyib. ABŞ-da əldə bayraq edirlər ki, onlarda korrupsiyaya qarşı mübarizə inkişaf edib. Hesab edirəm ki, bizə qarşı təzyiqlərin kökündə dayanan səbəb odur ki, biz azad siyasət yürüdürük. Biz onların dediklərini etsək, deyəcəklər ki, Azərbaycanda insan hüquqları da inkişaf edir". Millət vəkili Çingiz Qənizadə isə ABŞ-ın separatçılara dəstək verməsindən danışıb. O qeyd edib ki, beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyüdür: "Dövlətlərin ərazi bütövlüyü pozulanda isə hansı hüquqdan danışmaq olar. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib, amma bu gün işğalçı bir dövlət ABŞ-dan pul alır ki, bu da separatizmin, işğalçılığın "inkişafına" yönəlir". Ç.Qənizadə qeyd edib ki, ilk Avropa Oyunlarından sonra Azərbaycanın nüfuzu bir daha artacaq, on minlərlə insan Azərbaycana gəlib burada reallıqları görəcəklər: "Bundan narahat olan qüvvələr tələm tələsik Azərbaycana qarşı belə addımlar atırlar".

Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev diqqətə çatdırıb ki, Qərbin özündə insan hüquqları kütləvi şəkildə pozulur. Bu ölkələrdə kütləvi həbslər baş verir, sərbəst toplaşmaq azadlığı pozulur, həbsxanalarda dəhşətli işgəncələr verilir: "Bütün təzyiqlərə baxmayaraq biz Avropa Oyunlarından istifadə edib Azərbaycan dünyaya tanıtmalıyıq. Dünya bilməlidir ki, Azərbaycan dini tolerant, demokratik bir ölkədir". "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə təklif edib ki, jurnalist, QHT və gənclər təşkilatlarının nümayəndələrindən ibarət qruplar yaradılmalı və həmin qruplar vasitəsilə virtual məkanda Azərbaycana dəstək kampaniyası aparılmalıdır. Azərbaycanın 80 faizdən çox enerjisinin ABŞ yönümlü ölkələrə ixrac olunduğunu diqqətə çatdıran iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, I Avropa Oyunlarının iqtisadi qiymətləndirilməsi ilə bağlı yanlış məlumatlar da mətbuata daxil olub: "Bu oyunlar Azərbaycan üçün cari gəlirlərə malikdir. Belə ki, nəzərə alsaq ki, hər bir turist Bakıda 1 həftədə 1000 dollar xərcləyib, onda ölkəyə gələn hər bir turist ölkəyə 2000 dollar iqtisadi gəlir verəcək. Bu oyunlar həmçinin xarici valyuta gəlirinin artmasına imkan verəcək. Xərcləmələrin 78 faizi infrastruktur xərcləridir. I Avropa Oyunlarından sonra Azərbaycan bir neçə beynəlxalq yarışlar keçirəcək. Həmin oyunların təşkili zaman ölkə heç bir xərc etmədən həmin oyunları yüksək səviyyədə təşkil edə biləcək. Bu oyunlardan əldə edəcəyimiz gəlirlər ona xərclənən maliyyədən dəfələrlə çox olacaq".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00