BMT-nin İnkişaf Proqramının mütəxəsisləri Azərbaycana gəlir
30 Aprel 2015 12:33 SiyasətAzərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2014-cü il tarixli 397s nömrəli Sərəncamına uyğun olaraq yaradılmış "Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu"nun mütəxəssisləri üçün təlim proqramlarının keçirilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi və İşçi Qrupunun birgə təşkilatçılığı ilə may ayının birinci yarısında BMT İnkişaf Proqramı xətti ilə 2 nəfər mütəxəsisin - Hoseyn Kalalı və Vesna Markoviç Daşoviçin Azərbaycana gəlməsi planlaşdırılır.
Təlim proqramının keçirilməsi Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycana və ölkə vətəndaşlarına dəyən zərərlərin "Beynəlxalq Standart"lara əsaslanaraq qiymətləndirilməsinin yüksək səviyyədə aparılmasını təmin etmək məqsədini daşıyır.
Qeyd etmək lazımdır ki, "İşçi Qrupu" Nazirlər Kabinetinin müvafiq sərəncamlarına uyğun olaraq, bir il ərzində müəyyən həcmdə işlər görməklə bərabər beynəlxalq və respublika səviyyəli tədbirlər həyata keçirmişlər.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində tarix və mədəniyyət abidələrinə, əhalinin mülkiyyətinə, ətraf mühitə və təbii sərvətlərə, eləcə də milli-mənəvi dəyərlərlə yanaşı genofondumuza vurulan ziyanların həcmi "İşçi Qrupu" tərəfindən hesablanaraq başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaqdır.