Azərbaycanlı deputat ABŞ Dövlət Departamentinə çağırış etdi
Zahid Oruc: “Azərbaycan əleyhinə planın Con Kerrinin birbaşa özü, yaxud ofisi tərəfindən yönləndirilməsi Azərbaycan əleyhinə əməliyyatların bütövlükdə ABŞ-ın siyasi elitasından qaynaqlandığını sübut edir”
29 Aprel 2015 17:15 Siyasət"Beynəlxalq tədbirlərdən əvvəl Azərbaycana qarşı olan təzyiqlər əksər hallarda Azərbaycanın bir sıra Qərb dairələrinin regional siyasətinə dair qərar verməməsi, fərqli mövqe tutması, xüsusi olaraq İranla bağlı məsələlərdə öz prinsipial xəttini qoruyub saxlaması, Ermənistanın özünə qarşı xüsusi qüvvə kimi yetişdirilməsinə kəskin etirazını bildirməsi, o cümlədən son illərdə Rusiya əleyhinə məlum bloklarda yer alaraq Ukrayna ilə ittifaq qurmaması və sair kimi amillərlə əlaqələndirilir". ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisinin Azərbaycana qarşı başlatdığı kampaniyaya münasibət bildirən millət vəkili Zahid Oruc belə deyib. "Olaylar"a açıqlamasında Z.Oruc qeyd edib ki, bunlar əksər hallarda demokratiya ideologiyası ilə sixronlaşdırılır və cəmiyyətə belə təqdim olunur. Millət vəkilinin sözlərinə görə, artıq bir ilə yaxın dövrdür ki, ABŞ-la Azərbaycan arasında ciddi fikir toqquşmaları, müxtəlif məsələlərə baxış fərqləri var. Bunun təəssüf doğurduğunu deyən Zahid Oruc qeyd edib ki, Avropa Oyunları öncəsi, Azərbaycan əleyhinə planın məhz Con Kerrinin birbaşa özü, yaxud onun ofisi tərəfindən yönləndirilməsi Azərbaycan əleyhinə əməliyyatların bütövlükdə ABŞ-ın siyasi elitasından qaynaqlandığını sübut edir: "Bunları sadəcə erməni marağına, yaxud oradakı erməni tərəfdarlarına bağlamaq da yalnış olardı. Hesab edirəm ki, ən önəmli məsələ bununla əlaqəli cəmiyyətdən gələn reaksiyaları, narahatlıqları, dövlət qurumlarında olan bu mövqeləri, parlament üzvlərinin düşüncələrini bir sənəd halına gətirərək, Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə Amerika səfirliyinə təqdim etmək lazımdır". Zahid Oruc bildirib ki, Robert Sekuta yeni səfir kimi cəmiyyətimizlə fərqli isti münasibətlərə dair mesajlar verib. "O cümlədən əvvəlki dövrlərdə baş vermiş yalnışlıqların aradan qaldırılmasına bizləri inandırmağa çalışır. Əgər gerçəkdən belədirsə, Kerri Azərbaycan əleyhinə əməliyyatlara rəhbərlik etmədiyini sübut etsin. Sübut etməlidir ki, həqiqətən ABŞ-Azərbaycan münasibətləri keçmişdə bu regionun geosiyasi mənzərəsini dəyişib, müxtəlif iqtisadi, siyasi və təhlükəsizlik məsələlərində böyük birliklər, əməkdaşlıqlar formalaşıb. Onların davamlılığı üçün Amerikanın dövlət rəhbərliyində iradənin olduğunu ortaya qoysunlar. Qoy, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, real əməllərdə də müdafiə etdiyini bizə göstərsin. Bu silsiləni genişləndirmək olar. Məsələnin mühüm bir məqamı ondan ibarətdir ki, biz bütün illər ərzində Qərblə əlaqələrin istiləşməsini istəyən, bu əməkdaşlığın faydasını hər iki xalqın və dövlətin görəcəyini düşünən insanlarıq. Amma bu fonda baş verənlər sübut edir ki, ABŞ Azərbaycanda öz tərəfdarlarını getdikcə itirir. Bu uğurlu xətt deyil. Ona görə də, Azərbaycan əleyhinə qəbul olunmuş bu konsepsiyanın nə dərəcədə reallığı ifadə etməsi, onun kəşfiyyat məlumatları kimi mötəbərliyinin şübhə altına alınması səfirlik və Dövlət Departamentinin işidir. Ona görə də mən bu çağırışı edirəm" - deyə millət vəkili qeyd edib. ("OLAYLAR İA")