Amerikanın demokratiya adı altında oynadığı antidemokratik oyun

ABŞ dövlət katibi, yoxsa ermənipərəst qüvvələrin “xaç atası”

Birinci Avropa Oyunlarının başlanmasına bir aydan artıq bir müddət qalır. Ümumavropa tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm idman bayramına Azərbaycan ciddi şəkildə  hazırlaşır. Qısa müddət ərzində yarışlara hazırlıq istiqamətində görülən işlər, yeni idman infrastrukturlarının tikilib istifadəyə verilməsi ölkəmizin daha bir uğura imza atacağını qaçılmaz edir. Təəssüflər olsun ki, ölkəmizin bu uğuruna sevinənlərlə yanaşı, onu qısqananlar, hər vasitə ilə Azərbaycanın əldə etdiyi nailiyyətləri gözü götürməyən qüvvələr də yox deyil. Azərbaycan Birinci Avropa Oyunlarının keçirilməsi təşəbbüsü ilə çıxış edib onu evsahibliyi etməyi öz üzərinə götürən gündən ona qarşı qarayaxma kampaniyasına start verilib. Hər zaman ermənipərəsət mövqeyi ilə seçilən "Freddom House", "Human Rights Watch" kimi təşkilatlar ilk gündən başlayaraq Azərbaycana qarşı əsassız ittihamlar, iddialarla çıxış edərək Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə mane olmağa çalışdılar. Hətta bir qədər də irəli gedərək Avropa ölkələrinə Birinci Avropa Oyunlarını boykot etmək kimi çağırışlar edildi. Bu çağırışların səmərə vermədiyini gördükdə isə yağışdan sonra çıxan köbələklər kimi qondarma adlar altında qurumlar yaradılaraq Azərbaycana qarşı daha geniş miqyasda hücumlara start verildi. Təbii ki, irəli sürülən ittihamlar, edilən çağırışlar absur olduğu üçün antiAzərbaycan qüvvələrin fəaliyyətləri də bumeranq effekti verdi. İndi hər şeydən əli üzülən antiAzərbaycan şəbəkə Birləşmiş Ştatların dövlət katibi Con Kerrini özünün "xaç atası" elan edib. Bu günlərdə aparılan araşdırmalar nəticəsində ortaya çıxan faktlar ondan xəbər verir ki, Avropadan əli üzülən ermənipərəsət dairələr Birləşmiş Ştatların əli ilə Birinci Avropa Oyunlarına mane olmağı, Azərbaycanın imicinə xələl gətirməyi qarşıya məqsəd qoyub. Ermənipərəst mövqeləri ilə seçilən "National Endowment for Democracy", "İnternational Media Support", "Platform London", "Netherlands Helsinki Committee", "İndex on Gensorship", "Article XlX", "İnternational Partnership for Human Rights", "YouAid Foundation" və digər təşkilatların nümayəndələrinin birləşdiyi şəbəkə, eləcə də Birləşmiş Ştatlarda yaşayan bəzi üzdəniraq azəbaycanlıların dövlət katibi Con Kerriyə ünvanladığı müraciətdə Konqresdə Azərbaycanla bağlı dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması kimi absurd fikirlər əksini tapıb. Sənəddə "Azərbaycanı öz davranışlarına görə cəzalandırmaq" fikri də yer alıb. Təəssüf doğuran məqam ondan ibarətdir ki, ABŞ dövlət katibinin ofisi antiAzərbaycan qüvvələrin bu müraciətinə xüsusi həssaslıqla yanaşıb. Dünyaya demokratiya beşiyi kimi özünü sırayan Birləşmiş Ştatların antiAzərbaycan şəbəkəsinə dəstək nümayiş etdirməsi təəccüblü olduğu qədər də ortaya maraqlı sualların çıxmasına səbəb olub.
Birincisi, "Azərbaycanı öz davranışlarına görə cəzalandırmaq" dedikdə Birləşmiş Ştatlar nəyi nəzərdə tutur və hansı davranış ABŞ-ı razı salmır? Cavab sadədir. Azərbaycanın müstəqil siyasət yürütməsi. Bu gün Azərbaycanın müstəqil siyasi kurs həyata keçirməsi, kimin hansı mövqedə dayanmasından asılı olmayaraq milli maraqlara zidd addımlar atmaması təbii ki, Birləşmiş Ştatları razı salmır. Elə son Ukrayna hadisələrində Azərbaycanın balanslaşdırlmış siyasət yürütməsi və Qərbin, Avropanın antiRusiya kampaniyasına qoşulmamasını buna misal göstərmək olar. Ukrayna böhranı zamanı Avropa liderlərinin biri-birinin ardınca Bakıya elçi düşməsi, Azərbaycanı öz sıralarında görməsi arzusunun  reallaşmaması heç şübhəsiz ki, Birləşmiş Ştatların da imperialist maraqlarına ziddiyyət təşkil edirdi. Amerika bu vaxta qədər bir barmağının işarəsi ilə istənilən dövləti istənilən istiqamətə yönləndirməyə adət edib. Ancaq Azərbaycanın timsalında bunu reallaşdıra bilməməsi okeanın o tayında narahatçılıq yaradır. Yaxud Gürcüstan hadisələri zamanı da eyni proses təkrar olundu və həmin ərəfədə də Azərbaycan öz təhlükəsizliyini riskə atmayaraq Qərbin, Avropanın deyil, yalnız öz maraqlarını ön plana çəkdi. Bir qədər də dərinə getsək İran məsələsində bunu misal göstərə bilərik. Birləşmiş Ştatlar-İran münasibətləri müharibə müstəvisinə çatdığı illərdə dəfələrlə amerikalı yüksək rütbəli rəsmilərin Azərbaycana səfər edərək hava məkanımızdan istifadə etməklə İranın vurulması təklifini irəli sürsələr də, yenə də Azərbaycan dövləti və onun prezidentinin müstəqil və balanslaşdırılmış siyasəti Amerikanın İran planlarını gözündə qoydu. Məhz bütün bu davranışlardır ki, Birləşmiş Ştatları razı salmır və ermənipərəsət qüvvələrin təbirincə desək "Azərbaycanın öz davranışlarına görə cəzalandırılması" məsələsi gündəmə gəlir. Yaxın tarixə nəzər salsaq görərik ki, Birləşmiş Ştatlar məhz müxtəlif ölkələrin müstəqil siyasət həyata keçirməsi ilə barışa bilmədiyi üçün həmin ölkələri cəzalandırıb, hakimiyyət çevrilişləri edib. İstər mərhum İraq lideri Səddam Hüseynin, istər Misirin keçmiş dövlət başçısı Hüsnü Mübarəkin, istərsə də Liviyada Qəddafinin müstəqil siyasət həyata keçirmələri, Vaşinqtonun dirijor çubuğu ilə hərəkət etməmələri və nəticə etibarilə həmin ölkələrdə baş verən inqilablar belə deməyə əsas verir. Bir qədər də konkretləşdirsək Birləşmiş Ştatlar indiki dönəmdə Azərbaycan kimi müstəqil siyasət həyata keçirən bir ölkəni özü üçün başlıca təhlükə mənbəyi görür. 
İkincisi, ermənipərəsət şəbəkə və Birləşmiş Ştatların "Azərbaycanı öz davranışların görə cəzalandırmaq" niyyəti baş tutacaqmı? Cavab birmənalıdır. Qətiyyən yox. Düzdür, ciddi cəhd göstəriləcək ki, istər Birinci Avropa Oyunları ərəfəsində, istərsə də ondan sonra, xüsusilə parlament seçkiləri zamanı Azərbaycanda siyasi sabitlik pozulsun, kütləvi iğtişaşlar baş versin. İstər son proseslər, istərsə də bir müddət əvvəl mediada yer alan məlumat onu deməyə əsas verir ki, bu məqsədlə okeanın o tayından kifayət qədər vəsait də ayrılıb. Belə ki, bir müddət əvvəl Qırğızıstan mediası belə bir iddia ilə çıxış edib ki,  Ukraynaya aid iki təyyarə Birləşmiş Ştatların Bişkekdəki səfirliyinə həcmi 150 ton olan naməlum yük çatdırıb. "Dole No." qəzetinin məlumatına görə, mart ayının sonlarında Ukraynaya aid "AN-124" təyyarəsi Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərindən Manas hərbi bazasına iki reys gerçəkləşdirib. Reyslərdə gətirilən 78 və 74 ton olmaqla mənşəyi məlum olmayan yük 12 konteyner vasitəsilə ABŞ səfirliyinə daşınıb. Manas hava limanına endirilən yüklər ABŞ səfirliyinin 14 işçisi tərəfindən müşayiət olunaraq səfirlik kompleksinin ərazisinə gətirilib. 152 tondan ibarət yükün "diplomatik yük" statusu ilə Bişkekə gətirildiyini yazan qəzet iddia edir ki, yüklər 60 milyon dollarlıq əskinas və banknot qutularından ibarət olub. Eyni proses 2013-cü ildə Ukraynada yaşanan olaylar zamanı da baş verib.
Göründüyü kimi məqsəd aydındır. Ancaq antiAzərbaycan qüvələrin ölkəmizdə sabitliyi poza biləcəyi, hakimiyyət çevrilişinə nail olacağı mümkünsüzdür. Çünki Birləşmiş Ştatların indiyə qədər müxtəlif ölkələrdə həyata keçirdiyi hakimiyyət çevrilişlərindən fərqli olaraq Azərbaycanda xalqla hakimiyyətin, prezidentlə sadə azərbaycanlının vəhdəti, birliyi var. Azərbaycan Birləşmiş Ştatlar üçün nə İraq, nə Misir, nə də Ukrayna və ya bir başqası ola bilməz. Həmin ölkələrdə Amerikanın demokratiya adı altında oynadığı antidemokratik oyun ona görə baş tutdu ki, o ölkələrdə cəmiyyətlə hakimiyyət arasında uçurum vardı. Ancaq Azərbaycanda belə bir situasiya yoxdur. Digər tərəfdən Azərbaycan xalqı Birləşmiş Ştatların demokratiya adı altında yaxın və uzaq qonşularımıza "bəxş etdiyi" fəlakətləri görür və bundan nəticə çıxarır.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00