Müsavat: rayon təşkilatları mərkəzə tabe olmur
Arif Hacılı çətin durumdadır, asi rayon təşkilatları Vurğun Əyyubun tərəfinə keçə bilər
29 Aprel 2015 15:51 SiyasətMüsavat partiyasında ötən ilin sentyabrından başlanmış böhran davam edir. Xatırladaq ki, ötən ilin sentyabrında keçirilən qurultayda partiyaya yeni başqan seçilib. Əsas rəqibi Qubad İbadoğluna cəmi 20 səslə qalib gəlib başqan seçilmiş Arif Hacılını başqan kimi qəbul edənlər çox azdır. Narazılar Azərbaycan Demokratiya və Rihaf Hərəkatını yaradıblar. Təşkilatın sədri Qubad İbadoğlu, birinci müavini Vurğun Əyyubdur. Arif Hacılını tərəfdarlarının üstünlük təşkil etdiyi Divan bu günə qədər 10-a yaxın ADR-çini Müsavatdan kənarlaşdırıb. Arif Hacılının başqan kimi qəbul etməyən nüfuzlu müsavatçıların çoxu partiyanı tərk edib. Qubad İbadoğlu uzun müddətə-5 aylığa ABŞ-a səfər edib. ADR-ə faktiki rəhbərliyi Vurğun Əyyub edir. Müsavatın bərpası prosesində aktiv iştirak etmiş, uzun müddət Müsavatda rəsmi ikinci şəxs olmuş, ictimai rəydə nüfuzlu olan Vurğun Əyyubu partiyadan çıxarmağa ürək etmirlər. Çoxları düşünürdü ki, Qubad İbadoğlu gedəndən sonra Müsavatda parçalanma prosesi dayanacaq. Ancaq Vurğun Əyyub Arif Hacılının avtoritarizminə qarşı başlanmış prosesi uğurla aparır. Arif Hacılı yönətimi Vurğun Əyyubla bacarmır. Partiyanın Suraxanı təşkilatı Divanın razılığını almadan Vurğun Əyyubun Milli Məclis üzvlüyünə adaylığını təsdiq edib. Suraxanı rayon təşkilatı artıq partiyanın nəzarətindən çıxıb. Müşahidələr göstərir ki, rayon təşkilatlarının Müsavatın mərkəzi qurumlarına tabe olmaması prosesi arta xəttlə davam edəcək. Suraxanı rayon təşkilatının bir qrup üzvü Arif Hacılının istefa verməsini, fövqəladə qurultayın çağırılmasını tələb edir. Bu tələbin digər rayon təşkilatları tərəfindən də dəstəklənəcəyi gözlənilir. Son 9 ayda baş verən proseslərin təhlili göstərir ki, Arif Hacılının qazandığı yalnız partiyanın möhürü olub. Hələ ki Hacılı Müsavata faktiki rəhbərliyi ələ ala bilmir. Narazıların əsil lideri olaraq Vurğun Əyyubun üzə çıxması prosesləri daha da tündləşdirib. Arif Hacılı Qubad İbadoğlunu bir qərarla partiyadan çıxara bildisə, Vurğun Əyyub barədə bu cür ölçü götürmək mükün deyil. Sonuncunu partiyanın rayon təşkilatlarında ciddi dəstəkləyirlər. Narazıların fövqəladə qurultay ideyası baş tutarsa, bu dəfə aday yəqin ki, Vurğun Əyyub olacaq. İsa Qəmbər-Arif Hacılı ittifaqı sona qədər narazıları xain çıxarmaqda davam edəcəksə və repressiya siyasətini sürdürəcəksə, o zaman Vurğun Əyyubun rəhbərliyi ilə yeni partiya qurulacaq. Proseslər ona doğru gedir. Siyasi müşahidəçilər hesab edir ki, Qubad İbadoğlu prosesi düzgün apara bilmədi, bir çox hallarda Arif Hacılıya sərf edən xətalara yol verdi. Bir sıra ADR üzvlərinə görə, Qubad İbadoğlunun İsa Qəmbərlə bağları tam qırılmayıb. İsa Qəmbər-Arif Hacılı düşərgəsi narazılara daha qətiyyətli biri deyil, məhz Qubad İbadoğlunun başçılıq etməsini istəyiblər. Qəfil, müəmmalı şəkildə 5 aylığına ABŞ-a ezamiyyətə getməsi də Qubad İbadoğlunun mövqeyini möhkəmləndirmək üçün Arif Hacılıya edilən xeyirxah jest kimi də dəyərləndirilir. Proseslərin önünə Vurğun Əyyub kimi təcrübəli birinin keçməsi Arif Hacılı üçün ciddi problemlər yaradacaq. Vurğun Əyyuba qarşı təzyiqlər davam edərsə, Müsavat Qadınlar Təşkilatının elliklə, bir neçə rayon təşkilatının bütövlükdə ADR-ə qoşulacağı proqnozlaşdırılır.
Ərhun Abbas