İnsan hüquqlarının qorunması, hədə-qorxu və “qara piar”la əldə oluna bilməz
29 Aprel 2015 13:45 Siyasət"Ağ Yol" Vətəndaş Hərəkatı I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan "qara piar" kampaniyasını pisləyir və xalqımızın bu qərəzə qarşı dövlətimizlə bir yerdə olduğunu bəyan edir. "OLAYLAR"-a daxil olan bəyanatda bildirilir ki, insan hüquqlarının qorunması, demokratik inkişaf hədə-qorxu və "qara piar"la əldə oluna bilməz: "Azərbaycan dövləti və insanları öz yolunu özü seçir. Ölkəmiz demokratik və əsas azadlıqların qorunduğu bir məkandır. Azərbaycan ciddi demokratik inkişaf mərhələsini keçməkdədir və xalqın arzu və istəklərindən kənar heç bir addım atıla bilməz. Xarici havadarlarının hərtərəfli dəstəyi və diktəsi ilə xalqına və dövlətinə qarşı dayanan sapı özümüzdən olan baltalar da məğlubiyyətə uğrayacaqlar. Çünki, xalqın dəstəyi onlarla yox, dövlətlə, xalqla ürəyi bir vuran iqtidarladır. Londonda Azərbaycanla bağlı keçirilən dinləmələr də qərəzli idi. Dəvət olunan azərbaycanlı spikerlərin xalq adından danışmaq səlahiyyəti yox idi. Çünki, onlar 100 faiz Azərbaycana qarşı qərəz ortaya qoyan xarici fondlar tərəfindən maliyyə vəsaiti alırlar". Qurum ümidvar olduğunu bildirir ki, Con Kerri bu məsələyə şəxsən aydınlıq gətirəcək və Azərbaycan-ABŞ münasibətlərinin və strateji müttəfiqliyinin zədələnməsinə imkan verməyəcək: "Azərbaycan I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, gələn qonaqların təhlükəsizliyinin və rahatlığının təminatı üçün əlindən gələni edib. Bunun fonunda ölkəmizə qarşı "qara piar"ın aparılması ədalətsizlikdir. Dünya mətbuatı və sapı özümüzdən olan baltalar qoy Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində dediyi sözləri də tirajlasın. Bir daha bəyan edirik ki, ölkəmizə qarşı aparılan "qara piar" xarici anti-Azərbaycan şəbəkəsinin və erməni lobbisinin səylərinin birgə nəticəsidir. Anti-milli ünsürlər isə onların dəyirmanına su tökürlər. Biz təəssüf hissi ilə bildiririk ki, hazırda insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdilir, l Avropa Oyunlarını "boykot" çağırışları edilir və bu yolverilməzdir. Biz Azərbaycana qarşı anti-milli ünsürləri "qara piar" üçün maliyyələşdirən ABŞ-ın NED təşkilatını pisləyirik. Human Rights Watch, Amnesty İnternational, Freedom House və onlarla digər beynəlxalq təşkilatları Azərbaycan qarşı səmimi və qərəzsiz mövqe sərgiləməyə dəvət edirik".