Əlikram Hümbətov öz xalqına xəyanət etmiş insandır
Spiker: “Belə bir xəyanətkar seperatçıya görə, dövlət niyə mövqe bildirməlidir?”
28 Aprel 2015 18:15 SiyasətMilli Məclisin aprelin 28-də keçirilən plenar iclasında millət vəkilləri müxtəlif məsələlərdən danışıblar. Öncə deputat Zahid Oruc Rusiya məkanında yaşayan azərbaycanlıların durumu, təşkilati məsələlərinə diqqət yönəldib: "Biz istəmişik ki, Rusiyada ciddi təşkilatlatımız, lobbimiz olsun. 2013-cü ildə Milyarderlər İttifaqı yaranıb dağılandan sonra oradakı mədəni və ictimai təşkilatlarımız zəiflədi, parçalandı. Rusiya kimi böyük bir dövlətdə azərbaycanlıların daha yüksək mövqe tutması olduqca vacibdir və bu Azərbaycanın da maraqlarına uyğundur". Onun sözlərinə görə, Rusiyada yaşayan soydaşlarımızı fəhlə, ticarət sektorundan çıxarıb idarətməyə, parlamentə yönəldə bilsək böyük güc olar. Rusiyadakı azərbaycanlılar istənilən bir siyasi qüvvənin yanında yer ala bilərlər. Deputat Fəzail Ağamalı isə deyib ki, aprelin 24-də dünyanın gözü Ermənistana və Türkiyəyə yönəlib: "Türkiyədə Çanaqqala zəfəri, sülhə çağırış, çoxlu sayda qonaqların iştirakı, eləcə də cənab prezidentin bu tədbirdə iştirakı oldu. Dünyanın hər yerində bu tədbir müsbət qarşılandı. Minsk qrupunun iki həmsədr dövlətinin başçısı isə Ermənistanda keçirilən tədbirə qatıldı: "Onlar Ermənistanda olmaqla kimin yanında olduğunu göstərdilər. Biz isə Türkiyə ilə birgə olmalıyıq". Deputat Fazil Mustafa qeyd edib ki, ötən həftə prezident çox mühüm addım atıb: "Bildiyiniz kimi həbsdə olan Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı vəfat edib: "Bu hadisə ilə əlaqədar olaraq Tofiq Yaqublunun 7 gün azadlığa buraxılması müsbət haldır və cəmiyyətdə müsbət qarşılandı. Mən bu tribunadan prezidentə müraciət etmək istərdim. Yaqublular bir ailə faciəsi yaşayıb. Tofiq Yaqublu 2,4 il həbsdə yatıb. Mən onun əfv olunmasını həm cəmiyyətdə müsbət durum, həm də hakimiyyətin özünün nüfuzu baxımından yaxşı addım hesab edərdim". Deputat İqbal Məmmədov bəyan edib ki, Əlikram Hümbətovun Azərbaycana etdiyi pisliklər davam edir: "Əlikram Hümbətov talış xalqının adından uydurma soyqırımla bağlı Ermənistana başsağlığı verib, Azərbaycana qarşı ittihamlar irəli sürülüb. Onun bu dövlətə və xalqa aidiyyəti olmayıb. Onlar Azərbaycanda nifaq yaratmağa çalışırlar. Torpaqlarımızı işğal edən düşmənlə bu şəkildə əməkdaşlıq şəhidlərin ruhuna xəyanətdir. 20 il əvvəl Hümbətov Azərbaycana xəyanət edib, indi də düşmən ölkəyə satılıb".
Deputat Səyavuş Novruzov diqqətə çatdırıb ki, Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb və bundan sonra da olmayacaq: "Odur ki, Əlikram Hümbətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik". Millət vəkili İqbal Ağazadə bildirib ki, Əlikram Hümbətov mütəmadi olaraq Avropa təşkilatlarında çıxışlar edir, Azərbaycan əleyhinə mövqe ifadə edir: "Onun bu hərəkətləri, beynəlxalq təşkilatlara çıxışları məhdudlaşdırılmalıdır. Beynəlxalq təşkilatlar Azərbaycanda yeni münaqişə ocağının yaradılmasına rəvac verməməlidirlər". Spiker Oqtay Əsədov isə deyib ki, bir çox beynəlxlaq təşkilatlar belə xəyanətkar axtarırlar: "Belə bir xəyanətkar, seperatçıya görə, dövlət niyə mövqe bildirməlidir? O səviyyəsi olmayan bir adamdır. Öz xalqına, millətinə xəyanət etmiş bir insandır". Deputat Aydın Mirzəzadə Çanaqqala zəfərinin 100 illik törəninin keçirilməsini Türkiyə və Azərbaycanın dünyada və regionda artan nüfuzunun göstəricisi kimi səciyyələndirib. Eyni zamanda bildirib ki, Avropa Oyunlarının məşəlinin yandırılması ikinci böyük hadisədir: "Bu məşəlin yandırılması Azərbaycanın bu oyunlara layiq olduğunu sübut etdi". Deputat İlham Məmmədov həmkarını müdafiə edərək qeyd edib ki, alovlanan məşəlin tüstüsündən kor olan insanlar var: "Onlar həm daxildə, həm də beynəlxalq qurumlarda mövcuddur. Daxildə olanlar iki gündən bir mitinq keçirməklə, müəyyən fikirlər işlətməklə gündəmdə qalırlar. Hesab edirəm ki, artıq yetər. Onlar nəhayətdə daşı ətəklərindən töksünlər". Millət vəkili Elman Məmmədov çıxışı zamanı diqqəti üç məqama çəkib: "Çanaqqala zəfərində azərbaycanlıların da rolu olub. Biz bu zəfər yubileyi zamanı Türkiyənin yanında olduq. Arzu edərdim ki, biz Qarabağda zəfər çalaq və Türkiyə də bizimlə birlikdə bu bayramda iştirak etsin. Bununla paralel olaraq İrəvanda keçirilən saxta soyqırım tədbiri, bura gələn Rusiya və Fransa dövlətinin hərəkətləri timsahın göz yaşlarına oxşayır. Mən hesab edirəm ki, Minsk qrupu formatı dəyişməlidir. Fikrimcə, Jirinovski saxta soyqrımla bağlı Putindən ədalətli fikirlər söylədi". Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.
Alim