Müxalifəti liderlərin yalanı nüfuzdan saldı
Səxavət Əlisoy: “5-i bir araya gələ bilməyən müxalifətin iqtidara qarşı mübarizəsinin heç bir səmərəsi ola bilməz”
27 Aprel 2015 17:48 SiyasətAzəbaycan müxalifətinin əsas güc mərkəzi kimi illərdir cəmiyyətə sırınan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daxilində son vaxtlar baş verən proseslər, biri-birinin ardınca müşahidə edilən istefalar hər iki partiyanın sosial bazasının kifayət qədər zəifləməsinə səbəb olub. Hər iki partiyadan kifayət qədər nüfuzlu və siyasi çəkiyə malik funksionerlərin istefa verməsi AXCP və Müsavat üçün ciddi bir itgi hesab edilə bilər. Sözügedən partiyalardan istefa verən funksionerlər zaman-zaman istefaların səbəbləri, vaxtı ilə üzv olduqları partiyalarda cərəyan edən proseslər barədə cəmiyyəti bilgiləndirib, eyni zamanda partiya rəhbərliklərini fəaliyyətlərində dönüş etməyə çağırsalar da, lakin reallıq ondan ibarətdir ki, nə Müsavat, nə də AXCP rəhbərliyi hələ də meydan psixologiyasından ayrıla bilməyib. Bu isə mərhələ-mərhələ adıçəkilən partiyalardan sağlam düşüncəli insanların ayrılmasına gətirib çıxarır.
Sabiq müsavatçı Səxavət Əlisoy bildirib ki, 20 ildir bəzi özündənrazı, yekəxana liderlər kal armud kimi bu xalqın boğazına pərçimlənib. Onun sözlərinə görə, məhz yekəxanalıq imkan vermir ki, müxalif qüvvələr bir araya gəlsin: "Bir ovuc adamın patoloji məninə rəğmən minlərlə, onminlərlə müxalifətçi məşəqqət içində yaşayır, onların bir qismi siyasəti anlamadığı üçün olanların fərqində deyil. Bir qismi də abırına qısılıb susur. Bir müxalif partiyada belə tənqid gözə dəymir, lideri barədə tənqidi bir fikir söyləyənin o partiyada duruşu mümkün deyil. Liderin sadiq qulbeçələri dərhal o zatı hakimiyyətin adamı elan edib, partiyaya xəyanətdə suçlayacaq. Kimsə misal göstərə bilərmi ki, lideri tənqid etdiyinə görə filan müxalifətçi yüksək görəvdə qalmaqda davam edir. Yaxud tənqid edəni partiyada düşmən elan etməyiblər. Budur yekəxana liderlərin zehniyyəti. Eynən orta əsr xəlifələri kimi özlərini hiss edirlər. 5-i bir araya gələ bilməyən müxalifətin iqtidara qarşı mübarizəsinin heç bir səmərəsi ola bilməz". Sabiq müsavatçı hesab edir ki, müxalifəti nüfuzdan salan 2-ci amil yalandır: "Son 20 ildə yekəxanaların iqtidarın ünvanına söylədikləri yalanları toplasan irihəcmli bir kitab alınar. Hər seçkidən-seçkiyə "bu iqtidarı tarixin arxivinə göndərəcəyik", "bu il bu rejimin sonudur" və sair bu tipli yalan tirajlayanların cəmiyyətdən dəstək alması mümkün deyil. Liderlərə sadiq qəzetlər, internet səhifələri isə, liderlərin xislətinə, mahiyyətinə, zehniyyətinə uyğun olaraq qeyri-ciddi, əsası olmayan yalanları tirajlamaqla müxalifəti daha da nüfuzdan salmaqdadır. Bəzi müxalif medianın Azərbaycanda demokratiyanın bərqərar olması üçün apardığı fədakar mübarizəni əsla kiçiltmək fikrində deyiləm. Həqiqəti yazan, obyektiv məlumatı cəmiyyətə çatdıran, ciddi araşdırmalar ortaya qoyan yazarlara cəmiyyətdə sayğı var. Eyni zamanda son 10-15 ildə yüksək dövlət məmurlarını yüz dəfələrlə manşetdə vəzifədən azad edənlər, öz şəxsi mənfəətlərindən yana dezinformasiya buraxanlar müxalifətin gözdən düşməsində müstəsna rol oynamaqdadır. Ziya Məmmədov, Kəmaləddin Heydərov, Hacıbala Abutalıbov və digərləri müxalif qəzetlərin səhifələrində nə qədər işdən çıxarıldı və bundan sonra da çıxarılacaq da. Cəmiyyətə yalan sıramaq olmaz. Nədən ki, yalan yalnız bumeranq effekt verir". Səxavət Əlisoyun sözlərinə görə, həmin liderlər siyasi səhnədən çəkilməlidirlər: "Özünə, məninə hörmət qoyan kəs, çəkilər. Meydana yalandan, yekəxanalıqdan uzaq olan, populizmi qəbul etməyən, praqmatik düşüncəyə, ciddi məntiqə sahib siyasi liderlər gəlməlidir. Bu nə qədər ki, baş verməyib, müxalifətin uğur qazanacağı barədə düşünməyə dəyməz. Nə qədər ki, yekəxanalar, yalançılar və populistlər postunda qalmaqda davam edir, nə müxalifət arasında birlik olacaq, nə də xalq müxalifətə dəstək verəcək. O liderlərə inananların, onları dahi sayanların ciddi düşünməsi gərəkdir. Əks halda liderləriniz raykom katibləri kimi yaşayacaq, sizlər isə Məhsul stadionuna 500-1000 nəfərlə toplanaraq şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaqla rahatlıq tapacaqsınız. Buna əmin ola bilərsiniz".
Füzuli