24 aprel, Papanın fitnəsi və Avropanın orta əsrlərə dönüşü...
Bəs Xocalı, bəs "Holokost"...
23 Aprel 2015 18:43 SiyasətMəni də, çoxlarını da dərindən düşündürür ki, Artur Evans, Şliman kimi məşhur Qərb arxeoloqları qardaş Türkiyənin torpaqlarının altını üstünə çevirərək neçə min illər tarixi olan möcüzəli Krit-Minoy mədəniyyətini, əfsanəvi Troyanı, Efesi, ümumən qədim dünyanın yeddi möcüzəsindən üçünün qalıqlarını üzə çıxara bildikləri halda, nədən cəmi yüz illik tarixə şamil edilən uydurma erməni genosidinin əsl mahiyyətini aşkar edən bir alim, bir siyasətçi tapılmır?
Hər şeyin azı bir nədəni olduğu üçün türklərin erməniləri soyqırım (?) etməsinin də bir nədəni olmalı idi. Nədən? Çox maraqlıdır ki, bu gün dünyada səlahiyyət sahibi olan bir çox kimsələr ermənilərə qətiyyən sərf etməyən bu sualı nə özlərinə, nə də ermənilərə verir. Yox ki, sual yada düşmür, ona görə ki, türklərin erməniləri kütləvi qırmasını labüd etmiş əsaslı bir arqument tapılmır. Əgər arqument varsa, yüz il əvvəl də olubsa, türklər niyə dünyanın, ən azı keçmiş SSRİ-nin dayandığı zirvədən böyük sürətlə aşağı dığırlandığı vaxtlarda fürsətdən istifadə edərək Ermənistanla nəinki hər hansı irimiqyaslı müharibəyə, heç xırda-xuruş sərhəd toqquşmalarına belə rəvac vermədi?
Tarix yaratmaqda ermənilər kim, Türklər kim...
Azı üç min illik tarixdəki Türk kökənli dövlət və imperiyaların, bir ucu Çindən başlayıb Romaya qədər yürüş etmiş, Sibiri, Mərkəzi Asiyanı, Yaxın və Orta Şərqi fəth etmiş xalqın yaratdıqlarını bir-bir saymağa ehtiyac yoxdu. Bu qədər uzun və zəngin dövlətçilik tarixi yaşamış, yaratmış türk xalqı zatı-kökü bilinməyən və 1918-ci ilə qədər heç bir dövlətçilik rüşeymi yaratmamış ermənilərin nəyini qısqana bilər və bilərdi? Türklər dünya tarixini hər dəfə yeniləyən bir-birindən qüdrətli dövlət və imperiyalar yaratdıqca ermənilər yalnız və yalnız ya yaranmaqda olan bu dövlətlərin qılığına girməklə nələrsə əldə etmək, ya da dağılmaqda olan imperiyalardan nəsə qoparmaq kimi kəmfürsət məqsədlər haqqında düşünüblər. Faktlar göstərir ki, dövlətçilik tarixi kontekstində türklər erməniləri özlərinə nə rəqib, nə də düşmən saya bilməz, bilməzdi və buna heç bir əsas yoxdur. Tarixçilər yaxşı bilir ki, əksinə, ən çətin tarixi dönəmlərdə ermənilər özləri üçün ən etibarlı təhlükəsizlik mühitini məhz türk dünyasının qanadları altında tapıblar. Baxın, V əsrdə öz separatçı baxışları ilə xristian dinində ilk parçalamanı ermənilər saldı, xristianlığa monofizitizm cərəyanı gətirdilər, İsa peyğəmbərin bəşəri mahiyyətini inkar edərək onu tək ilahiləşdirmək yolu tutdular. Nəticədə Bizans kilsəsindən qovuldular, bu vaxta qədər Sasani-Bizans müharibələrində Sasanilərin gizli əlaltıları kimi şərəfsiz bir mövqe tuturdularsa, bundan sonra ərəb-Bizans müharibələrində eyni missiyanı ərəblərin xeyrinə daşımağa başladılar. XI əsrdə xristianlıq rəsmən katolik və pravoslavlara bölünəndən az sonra Kiçik Asiyada, bu gün ermənilərin ən çox iddia etdikləri ərazilərdə türklərin qüdrətli Səlcuq dövləti yarandı. Qan-millət düşmənçiliyi var idisə, türklər o zaman onsuz da əli Bizansdan üzülmüş ermənilərin axırına niyə çıxmadı? Halbuki, həmin dönəmlərdə Şərqə ayaq açmış yırtıcı səlib yürüşçülərinin xeyrinə bir neçə dəfə tarixi satqınlığa yol verən erməni sərkərdələri buna əsas da yaratmışdılar. Ancaq istər səlcuqlar, istərsə də başqa türk xalqları "səlibçi xəyanətinə" görə bircə nəfər sadə ermənidən belə hesab sormadılar.
Osmanlı türkləri İstanbulu tutandan sonra isə o ana qədər müxtəlif səviyyələrdə təhlükələrə məruz qalanların hamısı, hətta yəhudilər 1500-2000 illik təqibdən sonra Osmanlı İmperiyasının humanizminə sığındılar, ermənilər də bu sırada idilər. Türklərin erməniləri soyqırım etməyə ehtiyacları və niyyətləri var idisə, niyə bunu qüdrətli bir imperiya yaratdıqları XV, XVI, XVII, XVIII əsrlərdə etmədilər? 4 əsr boyu hansısa bir millətin axırına çıxmaq fürsətinə göz yummuş, əksinə, bütün millətlərin mədəni kimliyinə və dövlət idarəçiliyində iştirakına yol açmış Osmanlı Türkləri nədən birdən-birə 1915-ci ildə dönüb ermənilərə düşmən oldular və kütləvi qətliam törətdilər? Normal və soyuq məntiqlə düşünən baş sahibləri buna inanarmı?
Sadəcə zəifləmiş, taqətdən düşmüş bir imperiyanın çöküşünü sürətləndirmək, onun dağılmasından özünə pay tutmaq kimi düşmən xislət böyük bir od-alova çevrilərək erməniləri yandırdı. Bu od-alovun içində başqa millətlərdən, elə türkün özündən də minlərlə insan yanıb məhv oldu. Tarixi faktdır ki, ermənilərin daxildə vətəndaş müharibəsinə başlamaq üçün ilk hazırlıqları hələ XIX əsrin 90-cı illərindən başlamışdı. Ölkəni ciddi-cəhdlə vətəndaş müharibəsinə hazırlayan, başqa millətdən olanları öldürməyi planlamış bir xalq özünün də çoxsaylı itkilər verə biləcəyini əvvəlcədən bilməli idi. Əlində silah vətəndaş müharibəsinə qalxmış, ölkəni parçalamaq istəyən, xarici oyunlara alət olmuş qanunsuz silahlı dəstələri məhv etmək nə vaxtdan genosid sayılıb? Bütün bunlar ermənilərin illərdən bəri Türkiyənin başında gizli-gizli toxuduğu, nəhayət Birinci Dünya Müharibəsini fürsət bilərək "cin kimi şüşədən buraxdıqları" antibəşəri, cinayətkar, qanlı planların təzahürləri idi. Əslində Osmanlı başbilənləri bu əməllərə görə də ermənilərdən qisas almadılar, sadəcə erməniləri ölkəyə düşmən sayılan xarici qüvvələrin ələ keçirə biləcəyi sərhədyanı bölgələrdən daha iç regionlara köçürdülər ki, daxili və xarici düşmənlər birləşə bilməsinlər.
Təəssüf ki, Roma Papası bütün Türk dünyası haqqında həqiqətə uyuşmayan ədalətsiz çıxışlarını davam etdirdi. Əslində papalıq tarixinə yaxından bələd olanlar indiki Papanın 500-1000 il əvvəlki sələflərindən heç nə ilə fərqlənmədiyinə, fərqlənə bilmədiyinə təəccüblənməz. Bu həmin papalardı ki, təkcə müqəddəs Quranın Avropa dillərində tərcümə olunduğu XI əsrdə islamı böyük təhlükə kimi görərək xaçlıların ilk səlib yürüşünə rəvac vermişdilər. O zaman papalar bütün Avropanı, qızıl-gümüş eşqilə alışıb-yanan Avropa rıtsarlarının başını "Qüdsü kafirlərdən təmizləyək" kimi aldadıcı fikirlə tovladılar. Əslində isə özləri Şərqdə böyük var-dövlət ələ keçirmək istəyən hərislər olmaqla, həm də xristian dininin keçirdiyi dərin ideoloji-xarizmatik böhranı başqa istiqamətlərə yönəltmək istəyirdilər. Papanın əsl din xadiminə yaraşmayan bir formada erməni soyqırımı ifadəsini dilinə gətirməsi haqdan-ədalətdən dönmək deyilsə, bəs nədir?
İndi bildinizmi ki, Azərbaycan xalqının məruz qaldığı erməni təcavüzünü, Qarabağ faciəsini dilinə gətirmək istəməyən Papanın iç dünyasında nələr var imiş? Onun obyektiv ola bilməməsinin kökü də elə burada axtarılmalıdır...
20 ildir Ermənistanın Azərbaycana davam edən təcavüzündən, Xocalı kimi bir şəhərin zülmlə yer üzündən silinməsindən, dinc əhalinin kütləvi qətliamından bir kəlmə də danışmayan Papa həzrətləri, maraqlıdır ki, niyə uydurma erməni genosidinə bu qədər məhrəmanə şəkildə himayədarlıq edir. Biz onun sonuncu genosid bəyanatına görə erməni lobbisinə 25 milyarda satıldığı barədə informasiyanı bir kənara tullamırıq. Ancaq onu da istisna etmirik ki, Papa dünya tarixində guya ilk genosid aktı kimi XX əsrin əvvəllərinə aid edilən erməni genosidini gündəmə pərçimləməklə xristianlığın öz tarixindəki, məhz papaların özlərinin əli ilə törədilmiş qanlı cinayət və kütləvi qətliamları nəzərlərdən yayındırmaq istəyir. Ancaq yox, mümkün deyil. Papadan fərqli olaraq, ikibaşlı genosid oyunu oynayanlar da meydana çıxır. Bunlar isə daha təhlükəlidir, çünki Papa Türk dünyasına zərbəni bu gün vurur, onlar isə illər sonra zərbə vurmaq üçün əlverişli mövqeyə keçən ehtiyat hücumçulardır. Konkretləşdirək. ABŞ-ın Ermənistandakı səfiri və BMT-nin Baş katibi uydurma genosidə göstərdikləri yanaşmalarla Papanın yaydığı ziyanlı xəstəlik viruslarının təsir dairəsində olduqlarını göstərdilər. ABŞ səfiri Riçard Mayls deyib ki, ABŞ Ermənisanla birlikdə Osmanlının son illərində 1,5 milyon erməninin qurban getməsindən kədərlənir. Eyni bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf da deyib, bildirib ki:" Osmanlı İmperiyasının son dövrlərində 1,5 milyon erməninin öldürüldüyünü və ya ölümə göndərildiyini tarixi gerçək olaraq qəbul edirik". Xüsusi nümayəndənin BMT Baş katibi Ban Ki Munun adından verdiyi bəyanat da ikibaşlı olmaqla ermənilərin mənafeyinə tam uyğunluğu ilə seçilir:"Ban Ki Mun Osmanlı İmperiyasında ermənilərin sıxışdırılmasını dəhşətli cinayət sayır". Diqqətlə fikir verin, söhbət bir neçə nəfər yox, 1,5 milyon ermənidən getdiyi kimi dünya ictimai fikrinə oturdulur. Demək, bu gün də olmasa, sabah ABŞ-ın müəyyən strukturları hadisəyə "genosid" adı qoyacaq və buna zəmin bu gün məqsədli şəkildə hazırlanır. Əks halda bu "1,5 milyon erməni" rəqəmi niyə xüsusi olaraq qabardılır?
Atatürk demişdi, Heydər Əliyev dedi, İlham Əliyev tamamladı...
Faktdır ki, bir vaxtlar saxta genosidi əsaslandırmaq üçün "yerin-göyün dərin qatlarından" tapıb quraşdırdıqları uydurma faktları dünya siyasətçilərinin və alimlərinin başına nisbətən asanlıqla yerləşdirə bilən ermənilər son iyirmi ildə möhkəm çətinliyə düşüblər. Dünyanı azdırmaq taktikası daşa dirənib. Çünki düz bir əsrdən çox müddətdə öz ifrat yalanlarının heyrətləndirmə gücü ilə çox başları tovladıqları dövrdə qarşılarında tək Türkiyə Cümhuriyyəti var idi. Qalan Türkdilli toplumlar "qırmızı sovet sisteminin" içində səsiçıxmaz bir duruma salındıqları üçün rəhmətlik Atatürk tənhalıqdan doğan Türk yenilməzliyinin ən sərrast ifadəsini milyonlarla Türk gəncinin başına, ruhuna, mənəviyyatına, düşüncəsinə oturda bildi - "Türkün türkdən başqa dostu yoxdur". Bax bu şuar qardaş ölkəni cahan savaşlarından, solçu qüvvələrin ölkə boyu yaydığı saxta bərabərlik xülyalarının zəhərindən, PKK terrorunun qanlı səhnələrindən keçirərək bugünkü qüdrətli duruma gətirə bildi. Həm də indi Türkiyə bütün cahan boyu hətta ən mənəviyyatsız və ən cinayətkar üsullarla işləyən "erməni maşını" ilə mübarizədə tək deyil. Onun Azərbaycan kimi qardaşı və müttəfiqi artıq meydana atılıb. Böyük Atatürkün zamanında və daha sonralar dünyanı heyrətə salmış nəticələri olan "türkün türkdən başqa dostu yoxdur" şüarı da tək qalmadı. Heydər Əliyevin "bir millət - iki dövlət" tezisi Atatürkün ideologiyasını "quşun ikinci qanadı" kimi tamamladı. Bundan sonra da proses yerində durmadı. İlham Əliyevin "bir millətin iki diasporu olmaz" bəyanatı, mübaliğəsiz desək, "hər iki qanadı sazlanmış quşun reaktiv güc mənbəyinə" çevrildi. Razılaşaq ki, Türkiyənin tək qaldığı dönəmlərdə saxta genosid sayıqlamalarını sağa-sola rahatlıqla fırladan ermənilər İlham Əliyevin "Türkiyənin nümayəndəsi burada yoxdu, ancaq mən burdayam" kimi vüqarlı və qardaşlıq borcuna sadiq bəyanatından sonra özlərini daha əvvəlki kimi rahat və "xəsilə düşmüş toy toğlusu" kimi hiss edə bilməzlər.
Pul erməni lobbisindən, fitnə Papadan gəldi
Azərbaycanla Türkiyənin qardaşlığı gücləndikcə Qərbin bir sıra dairələrinin uydurma erməni genosidini bir cəza çubuğu kimi əldə saxlamaq taktikası yavaş-yavaş zəifləyəcək, 1915-ci il barədə danışanda "faciəli hadisələr", "insanlığın fəlakəti" kimi ifadələrdən o yana keçə bilməyəcəklər. Bu gün İrəvandakı saxta genosid abidəsinin önündə enən başlar Qərbdəki ədalətsizliyin, şərəf və ləyaqətin itirilməsinin nümayişindən başqa bir şey deyil. Çünki ədalətli olsaydı, o başların sahibləri yalançı abidənin önünə getməz, şərəfi olsaydı, o başlar əyilməzdi...
Nə yaxşı ki, Azərbaycan və Türkiyənin birgə qardaşlıq səyləri ilə dünya ictimai fikrində 24 aprel tarixinin doğurduğu assosiasiyanın vahidliyi itib, təsəvvür ikiləşib. Əvvəllər 24 aprel deyəndə, ümumiyyətlə mətləbdən xəbərsizlər istisna olmaqla, yerdə qalanların başına, istər-istəməz, ermənilərlə bağlı hansısa suallar gəlirdi. Ancaq 24 aprelin uydurma erməni soyqırımına işarə olduğuna şübhə edənlər, onu inkar edənlər indi dünya miqyasında kifayət qədərdir. Üstəlik, Azərbacan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın düşündükləri gerçək yüzillik təqdimatları 24 aprelin yalnız erməni məzmunlu assosiasiya doğurmasına kəskin zərbə oldu. Həmin tarixdə Çanaqqalada 200 min türk-azəri əsgərinin şəhidliyi bahasına əldə olunmuş tarixi qələbənin əsl dolğun, məzmunlu yüzilliyi qeyd olunacaq.
Beləliklə, 2015-ci ilin 24 apreli dünya tarixində iki fərqli məzmunlu "yüzillik ideologiya"nın mübarizə tarixinin başlanğıcı ola bilər - əsl Çanaqqala, ya uydurma erməni soyqırımı...
Yeni tarix başlayır...
Aydın Quliyev
"Bakı-Xəbər" qəzetinin baş redaktoru
P.S Yazının tam versiyasını "Bakı Xəbər" qəzetində oxuya bilərsiniz.