Qərbin və Aropanın Bakıya yönəlik qərəzi

Elman Nəsirov: “Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfra bərabərdir”

I Avropa Oyunları ərəfəsində bir sıra Qərb dövlətlərinin və onların nəzarətində olan beynəlxalq qeyri-hökumət təşkilatlarının ölkəmizə qarşı basqıları intensivləşir. Bir qayda olaraq bu kimi mötəbər tədbirlər ərəfəsində Avropanın bəlli təşkilatları Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia edir, ölkəmizə qarşı qərəzli mövqe sərgiləyirlər. Yeni Azərbaycan Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elman Nəsirov deyir ki, hər zaman Azərbaycanda nəzərdə tutulan belə tədbirlər ərəfəsində müəyyən dairələr təzyiqetmə kampaniyasına yeni bir dinamika verirlər: "Son vaxtlar bu proses xüsusilə geniş xarakter alıb. Ona görə də bu gün Azərbaycan cəmiyyətində birliyə, həmrəyliyə, monolitliyə xüsusi ehtiyac var". Elman Nəsirovun sözlərinə görə, irəli sürülən iddialardan biri də Avropa Oyunlarına külli miqdarda vəsaitin xərclənməsi ilə bağlıdır ki, bu fikirlərin də heç bir əsası yoxdur və burada məqsəd yalan məlumatlar yaymaqla cəmiyyətdə ziddiyyət yaratmaqdır: "Bu gün Azərbaycanı Birinci Avropa Oyunlarına daha çox vəsait xərcləməkdə ittiham edənlər, həmin pulların korrupsiya hallarına yol açdığını iddia edənlər ilk növbədə özlərinin müxtəlif adlar altında keçirdikləri əməliyyatlardan əldə etdikləri külli miqdarda vəsaitin hesabatını versinlər. Təkcə, Birləşmiş Ştatların nümunəsində bunu görmək mümkündür.  Bu, bir həqiqətdir ki, 2012-2014-cü il seçkiləri ABŞ tarixində ən bahalı  seçkilər hesab olunur. Onlar əsasən korporativ vəsaitlər hesabına reallaşdırılmışdı. Sual yaranır. Niyə Amerika şirkətləri mühüm siyasi kampaniyalara belə böyük pullar xərcləməkdə maraqlıdır? Cavabı sadədir. Əvəzi olaraq bəzən 10 dəfə çox qazanc əldə edirlər. Axı necə? ABŞ-ın nüfuzlu Sunlight Foundation fondunun hazırladığı hesabat bu suala tutarlı cavab verir. Hesabatda qeyd olunur ki, siyasi kampaniyaya qoyulan hər dollara görə, korporasiyalar  hökumətdən  biznesin inkişafına federal dəstək adı altında 760 dollar vəsait alırlar. Tədqiqatda  o da vurğulanır ki, 2007-2012-ci illərdə 200 ən böyük korporasiya-sponsor siyasətçilər üçün lobbi fəaliyyətinə və onların seçkiqabağı kampaniyalarına 5,8 milyard dollar vəsait xərcləsələr də, əvəzində federal hökumətdən 4,4 trilyon dollar vəsait alıblar. Müqayisə üçün qeyd edək ki, federal hökumət həmin müddətdə sosial ödənişlər hesabına yaşayan 50 milyon insana  cəmisi 4,3 milyard dollar pul vəsaiti odəyib. Hesabatda başqa bir vacib məsələyə də diqqət cəlb olunur və qeyd edilir ki, həmin 200 kampaniyanın 2008, 2010 və 2012-ci illər 2 prezident və 1 parlament seçkiləri dövründə əldə etdikləri 4,4 trilyon dollar, əslində il ərzində bütün əhalinin ödədiyi vergilərin 2/3-nə bərabərdir. Hesabatda xatırladılır ki, vergilərin həcmi 6,5 trilyon dolar təşkil edir. Yaxud hesabatda qeyd olunur ki, Lockheed Martin silah korporasiyası son prezident seçkilərinə 8,4 milyard dollar, lobbiçilik fəaliyyətinə isə 84,1 milyard dollar xərcləsə də, əvəzi olaraq isə hökumətdən biznesə yardım adı altında 332 milyard dollar vəsait almaqla bu "siyasi oyun"da hökumətin ən yaxın və ən böyük  tərəfdaşına çevrilib. Bundan savayı, əczaçılıq kompaniyası olan McKesson və maliyyə idarəetməsi üzrə firma Carlyle Group da hökumətin leqal korrupsiya siyasətinin mühüm həlqələrindən biri kimi özünü təsdiqləyib". Elman Nəsirov deyib ki, ABŞ-la bağlı digər böyük və leqal korrupsiya  faktı. 2008-ci ildə yaradılmış ABŞ hökuməti nəzdində Əfqanıstanın Bərpası üzrə Xüsusi Müfəttiş Xidmətinin (XMX) 2013-cü ilin 30 sentyabr tarixində yaydığı hesabatdır: "Təkzibedilməz faktlar və arqumentlər əsasında sübüt edilir ki, ABŞ-ın Əfqanıstanın iqtisadi bərpası ilə bağlı  son 12 ildə ayırdığı fantastik həddə olan 96,6 milyard dollar vəsaitin böyük bir hissəsi ünvanına çatmayıb. Xərclənən vəsaitin nəticəsinin olmamasını da Əfqanıstanda bir acı həqiqət olaraq etiraf edirlər. Niyə ABŞ-ən Əfqanıstana ayırdığı olduqca böyük vəsaitlər lazımi effektə səbəb olmur? Cavab sadədir. Bu, korrupsiya ilə bağlıdır". Ekspert deyir ki, Qərbin bir parçası olan və demokratiyanın "beşiyi"  statusuna ABŞ-la bərabər şərik çıxan "qoca" Avropada korrupsiya sahəsində vəziyyət daha acınacaqlıdır: "Avropa İttifaqının antikorrupsiya agentliyi olan OLAF təşkilatının illik hesabatında qeyd olunur ki, iqtisadi birliyin 28 dövlətinin korrupsiya səbəbindən maliyyə itkiləri  hər il orta hesabla 323 milyard avro təşkil edir. Avropa Komissiyası strukturunda  Ədliyyə Baş Direktoratının rəhbəri Fransuaza Le Bay Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Avropa İttifaqı ölkələrində korrupsiyanın real vəziyyətini qiymətləndirmək çox çətindir. Çünki, cinayətkar sxemin izi milli hökumətlərin kompetensiyası başladığı yerdə müəmmalı şəkildə  itir. Göründüyü kimi, "qoca qitə"nin  nüfuzlu antikorrupsiya qurumları və onların rəhbərləri Avropada korrupsiyanın acınacaqlı vəziyyəti ilə bağlı faktiki olaraq həyacan təbili çalırlar. Bu, reallıqdır". Elman Nəsirovun sözlərinə görə, Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfra bərabərdir: "Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilib. Ən başlıcası, xalq-hakimiyyət vəhdəti vardır. Xalq prezidentini sevir, prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə döğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir  fraqment, bir ləkə kimi qalacaqlar".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00