İzmitdə Xocalı abidəsi açılıb
23 Aprel 2015 12:48 SiyasətTürkiyənin İzmit şəhərində Xocalı abidəsinin açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, abidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə İzmit bələdiyyəsi tərəfindən ucaldılıb. Açılış mərasimində TADEF sədri Bilal Dündar çıxış edərək Xocalı soyqırımı haqqında mərasim iştirakçılarına məlumat verib. Diaspior rəhbəri abidənin hazırlanmasında göstərdiyi dəstəyə görə İzmit Bələdiyyəsinə təşəkkür edib. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev də abidənin ucaldılmasına görə İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan başda olmaqla hər kəsə təşəkkürünü bildirib. V.Hacıyev abidənin açılışının Çanaqqala zəfərinin 100-cü ildönümü ərəfəsində təşkil edilməsinin ayrıca əhəmiyyət kəsb etdiyini qeyd edib: "Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan bu abidə dünyadakı erməni yalanlarına ən gözəl cavabdır. Nə Türkiyədə, nə də Azərbaycan torpaqlarında kütləvi erməni məzarlarına rast gələ bilməzsiniz. Kütləvi məzarlarda həmişə türklər vardır. Tarixin heç bir mərhələsində türklər ermənilərə qarşı soyqırımı aktı həyata keçirməyib".
Xocalı abidəsinin açılış mərasimində Azərbaycanın İstanbuldakı Konsulu Rəşad Eyvazov, Kocaeli Böyükşəhər Bələdiyyəsi sədrinin nümayəndəsi Zəkəriyyə Özak, Azərbaycan Türk diaspor təşkilatlarının, QHT-lərin, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak edib. Sonda İzmit Bələdiyyəsinin sədri Nevzat Doğana Azərbaycan diasporuna göstərdiyi diqqətə və dəstəyə görə plaket təqdim olunub.