İtki və təlafatların qiymətləndirilməsi media müstəvisində

Aprelin 22-də "Azərbaycanın Qaçqınları və Məcburi Köçkünləri: İtki və təlafatların qiymətləndirilməsi media müstəvisində" mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə "İşçi Qrupu" və Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutub. "İşçi Qrupu"nun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Auditorlar Palatasının sədri müavini Qəşəm Bayramov, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər, tarixçi alimlər, QHT sədrləri və KİV nümayəndələri tədbirdə iştirak ediblər. Tədbirin əhəmiyyətindən danışan Əflatun Amaşov ilk öncə qondarma erməni soyqırımı barədə Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməni pisləyib. Xanhüseyn Kazımlı qondarma soyqırım və Dağlıq Qarabağ münaqişəsinə bir sıra dövlətlərin ikili standartlarla yanaşdıqlarını bildirib. O, eyni zamanda Avropa Parlamentinin qəbul etdiyi qətnamənin həqiqətlərdən uzaq olduğunu və sabitliyə qarşı atılmış addım olduğunu diqqətə çatdırıb. X.Kazımlı qeyd edib ki, Ermənistanın silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın çoxsaylı itkilərə məruz qalıb. Digər çıxışçılar da işğal prosesi davam etdikcə, itkilərin daha da artacağını diqqətə çatdırıblar. Çıxışıçılar həmçinin mövzu ilə əlaqədar medianın üzərinə ağır yük düşdüyünü bildiriblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00