Niyə susursunuz, ay şeyxlər, üləmalar?
22 Aprel 2015 12:10 Siyasət"Üzərimə benzin düşərsə, namaz qıla bilərəmmi?", "Oruc tutanda divarda Mayli Sayrusun şəklinə qəflətən baxsam, orucum pozularmı?", "Dul arvad məhəllədə gedəndə başını qaldırıb ətrafına baxarsa, bu, göz zinası sayılarmı?"
Və sair və ilaxır belə suallar. Dindar olmaq pis iş deyil. Əksinə, dünyanın indiki məhvərində, hadisələrin hansının yaxşı, hansının da pis olduğunu tam anlamadığımız, yalanın gerçək, həqiqətin də şər göstərildiyi, cəlladların munis kimi qələmə verildiyi, haqqını tələb edib ədalət istəyənlərin də "demokratiya və insan haqlarına qarşı çıxanlar" adlandırıldığı, mənəviyyatın dəhşət səviyyəsinə yuvarlanan aşınmaya məruz qaldığı, əxlaqi və etik dəyərlərin anaxronizm, köhnəlmiş vaqeələr sayıldığı bir dönəmdə din bizi başıpozuq kütləyə, bir-birlərinə düşmən kəsilən fərdlərə çevrilməyə qoymayan ülvi məqamlardan biridir.