Millət vəkili AŞ PA-nın tribunasından bəyan etdi

"İlk Avropa Oyunları ilə bağlı ölkəmizə qarşı təzyiqlər hədəflədiyi nəticəyə çata bilməyəcək"

"Şübhəsiz, Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur və bu müstəqilliyinin cəmi 24 yaşı olan bir dövlətə böyük etimad, böyük inamdır". Bunu millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova sözügedən qurumun yaz sessiyasında çıxışı zamanı dilə gətirib. Millət vəkili əlavə edib ki, belə möhtəşəm idman tədbirinin keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinə ciddi əsaslar var: "Cəmi 24 illik müstəqillik tarixinə malik müasir Azərbaycan dövləti bu qısa zamanda böyük uğurlara imza atmaqla, yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Azərbaycan dövlətinin bu uğurlarının mərkəzində dayanan əsas amil isə istər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən, həmçinin, xarici təşkilatlar və dövlətlərlə əlaqələrinin normal və tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin həyata keçirilməsidir". S. Qafarovanın bildirdiyinə görə, məhz bu, Azərbaycanın siyasi-iqtisadi inkişafı ilə yanaşı, ölkəmizin beynəlxalq aləmdə yaxın tərəfdaş, etibarlı müttəfiq kimi tanınmasında əhəmiyyətli rola malik olub. Bununla yanaşı, bu gün Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınmaqda və Azərbaycanda idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır: "Əlbəttə ki, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir. Qeyd etmək istəyirəm ki, artıq Azərbaycan bu oyunları qəbul etməyə hazırdır. Oyunların keçirilməsi ilə bağlı paytaxtımızda bütün zəruri işlər tamamlanıb, güclü infrastruktur yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları təşkilat komitəsində çalışan peşəkar komanda çox qısa bir müddətdə 3 il ərzində demək olar ki, öz işini yekunlaşdırmaq üzrədir. Baxmayaraq ki, bu səviyyəli idman yarışlarını təşkil etmək üçün dövlətlərə bəzən 7-8 il vaxt lazım olur, amma Azərbaycan bu işin öhdəsindən cəmi 3 il ərzində gəlib. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin və digər beynəlxalq idman federasiyaların rəhbərliyi paytaxtımızda görülən işləri çox yüksək qiymətləndirib və vurğulayıblar ki, Avropa Olimpiya hərəkatının standartları Bakıda müəyyənləşəcək". S. Qafarova həmçinin deyib ki, indi Bakı idmançıları və olimpiya ruhunu yaşamaq üçün paytaxtımıza üz tutan qonaqları salamlamağı səbirsizliklə gözləyir: "Çox təəssüf ki, belə bir ərəfədə bəzi siyasi dairələr ədalətsiz və qeyri obyektiv şəkildə olimpiya oyunlarını siyasiləşdirməyə, ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə çalışırlar. Biz bu kampaniyanın daha əvvəllər də, ölkəmizdə "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi vaxtda da şahidi olmuşuq. Azərbaycan xalqı burada yatan əsas məqsədin də nədən ibarət olduğunu yaxşı dərk edir. Bildirmək istəyirəm ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbul olunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək. İdman, olimpiya hərəkatını belə ucuz siyasi oyunlara alət etmək cəhdləri də əlbəttə ki, cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilir. Mən fürsətdən istifadə edərək sizi bir daha ölkəmizin, o cümlədən, Avropanın idman tarixində çox mühüm hadisə olan ilk Avropa Oyunlarını izləmək üçün Bakıya dəvət edirəm. Bu, həm bizim sülh, barış, dostluğu söykənən olimpiya ruhuna sadiqliymizi nümayiş etdirməklə yanaşı, xalqımızın çox zəngin mədəniyyəti, dövlətimizin uğurlu inkişafının ortaya çıxardığı müasir reallıqları ilə tanışlıq imkanı verəcəkdir".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00