“Azərbaycanda bəzi dairələr “Mayn kampf”ın təbliğatını aparırlar”

Elçin Mirzəbəyli: “İnsanlara bu ideologiyaların əsl mahiyyəti açıqlanmalıdır”

Rusiyada Faşist Almaniyasının lideri Adolf Hitlerin doğum gününü qeyd edən bir qrup şəxs saxlanılıb. Saxlanılanların üzərindən travmatik silah və nasist simvolları götürülüb. Klubda aparılan axtarış zamanı 4 ədəd travmatik silah, 10 ədəddən çox bıçaq, o cümlədən Hitlerin portreti aşkar edilib. Qonşu Rusiyada nasizmin baş qaldırması Azərbaycan üçün də düşündürücüdür. Digər qonşu dövlət Türkiyədə isə radikal sol qrupların son aylarda fəallaşması bölgədə həssas situasiya yaradıb. Azərbaycanda da sosial şəbəkələrdə sürətlə yayılan belə məlumatları, ekspertlərin qənaətinə görə, təbliğat xarakteri daşıyır. Radikallığa meyil yaradan hər iki ideologiyanın ölkədə baş qaldırması arzuolunan deyil və təhlükəlidir. "Olaylar"a açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Azərbaycanda radikal nasizm və radikal solçuluğun ortaya çıxmasını mümkünsüz hesab etdiyini bildirib. Solçuluğa bir müstəvidən yanaşmağı doğru saymadığını deyən E.Mirzəbəyli, onun iki - radikal və mötədil solçluq kimi qollarının olduğunu vuğulayıb. "Əgər ölkədə sosial-demokratiya prinsiplərinə söykənən insanlar varsa, buna normal yanaşmaq lazımdır. Təbii ki, Azərbaycan demokratik ölkədir və bu baxımdan insanların seçimlərinə də hörmət etmək vacibdir. İfrat solçuluğa meyillənmək isə təhlükəlidir. Çünki ifrat solçuluq son nəticədə terrorizmə gətirib çıxarır. Bunun qarşısını almaq üçün maarifləndirmə işi aparılmalıdır. İnsanlara sol düşüncənin mahiyyəti açıqlanmalıdır. Bu gün Türkiyədə dövlətin milli maraqlarının əleyhinə çıxanlar radikal solçuluğun nümayəndələridir. Problemin qarşısının alınması üçün maarifləndirmə işiylə insanları doğru istiqamətə yönəltmək mümlündür" - deyə BAXCP rəsmisi qeyd edib. Elçin Mirzəbəyli Azərbaycanda nasizmin bərqərar olacağına inanmadığını ifadə edib. O, Azərbaycanda milli düşüncəni formalaşdıracaq kifayət qədər ideoloji istiqamətlərin olduğunu da vurğulayıb: "Bu baxımdan heç vaxt nasizm Azərbaycana təşəkkül tapa bilməz. Mümkündür ki, müəyyən gənclər hansısa təbliğatın təsiri altına düşürlər. Bəzi dairələr Hitlerin "Mayn Kampf"ının ("Mənim mübarizəm") təbliğatını aparırlar. Lakin bütün bunlar zamanla ötüb keçən hisslərdir. Azərbaycanda ifrat formada faşizmin elementlərinin ortaya çıxacağı gözlənilən deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00