“Müsavat Milli Şuranın biabırçı mitinqlərini təkrarlamaqdan qorxurdu”

Elşən Musayev: “Radikal müxalifət ciddi kompleks içindədir”

Müsavat Partiyası mitinq keçirməkdən yayınıb və bunun təqsirinin Bakı Şəhər İcra Hakimiyyətində olduğunu bildirib. Lakin BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov partiyanın yürüş-mitinq istəyinin məqsədəuyğun hesab edilmədiyini və bu barədə Müsavata məlumat verildiyini deyib. Z.Ramazanov həmçinin qeyd edib ki, aprelin 19-da keçmiş "Məhsul" stadionunda mitinqlə bağlı müraciətə baxıla bilər. Lakin o, bununla bağlı Müsavat Partiyasının BŞİH-ə müraciət etmədiyini bildirib. Ümumilikdə isə Müsavatın yürüş-mitinq planı ictimaiyyət və siyasətçilər tərəfindən birmənalı qarşılanmır. Belə ki, Milli Şuranın 5 aprel mitinqinə az sayda elektoratın gəlməsindən çəkinən Müsavat Partiyası yürüş-mitinqlə insanların diqqətini cəlb edərək ajiotaj yaratmaq niyyətindəydi. "Olaylar"a açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bu fikirləri təsdiq edib. Radikal müxalifətin ciddi kompleks içində olduğunu deyən E.Musayev hesab edir ki, yürüş-mitinq Müsavat Partiyası üçün çətin verilən qərar idi: "Azərbaycanın radikal müxalifəti daxilində qəribə ab-hava yaranıb. Artıq radikal kəsim keçirdikləri nümayişlərə 3-5 adamın belə gəlməyəcəyindən qorxur. Yürüş-mitinq niyyəti də, bu mənada fikir yayındırmaq məqsədi daşıyırdı. Belə mitinqdə say elektoratını hesablamaq mümkün deyil, onun konfiqurasiyasını təyin etmək mümkün deyil. Bu həm də özünü sığortadır. Mitinqdə isə müəyyən bir meydan olur və həmin meydanda say hesabını müəyyən etmək mümkün olur. Müsavat bilir ki, Milli Şuranın birabırçı mitinq seriyasını yenidən təkrarlasa, az sayda narazı elektorat da müxalifəti tərk edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00