“Əli Kərimli və Vanqa” söhbəti

Qurban Pənahov adlı cəbhəçi "Feysbuk" profilində yazır: "Məşhur görücü Vanqa demişdir ki, müstəqillik qazanmasından 25-30 il sonra Azərbaycanın başına əsl lider gələcək. O insan Azərbaycanı bütün bəlalardan qurtaracaq. Bax həmin insan bu insandır. Mən sizə inanıram, Əli bəy". Bəli, gözlənilən idi. Belə də olmalıydı. Məğlubiyyəti 21 il su kimi içənlər sonda reallıq hisslərini itirməliydilər. Və məclisin bu yerində saflığıyla göz yaşardan Qurbanı da, kərə yağından çəkilmiş qıl kimi gecənin bir aləmində ələyin qırağını cıran Natiq Ədilovu da, həmçinin Əli Kərimlinin ümidlərini Vanqaya bağlayan digər cəbhəçiləri və Ukrayna xalqına məsləhət verən Əli Kərimlini də başa düşürəm. Şairə Elza Seyidcahanın qafiyəsi kimi çıxmasın, belə də ki, başa düşmürəm. Bu başqa məsələdir. Qayıdaq Qurbanın məsələsinə. Deməli, Qurbanın niyə belə dediyini bilmək çətin tənlik deyil. Çünki ona qədər olan bir-iki məsələni bilsək, haqq qazandırarıq Qurbana.

***

Deməli, AXCP fəalı Kəmalə Bənəniyarlının yeni bir işini tutmuşam. Belə ki, Kəmalə xanım "Feysbuk"da öz adına yeni profil açaraq şəkillərini paylaşır. Şəkillərin üzərində isə özü haqda xoş olmayan sözlər yazır. Yeni profilində özü-özünə "həyat qadını" deyən Kəmalə Bənəniyarlı sonra bu əməllərini iqtidar tərəfdarlarının ayağına yazır. Soruşa bilərsiz ki, bunun Kəmalə Bənəniyarlı tərəfindən edildiyini haradan bilirsən? Məsələ ondan ibarətdir ki, hər iki profildə paylaşılan statuslarda nöqtəsinə-vergülünə qədər Kəmalə Bənəniyarlı ruhu duyulur. Yeni profildə paylaşılan statuslara yazılan rəylərdə də Kəmalə xanımın köhnə profilindəki statuslarına yazdığı rəylərlə 100-də 100 oxşarlıq var. Daha sonra isə, K.Bənəniyarlı bunu iqtidarın ona qarşı apardığı mübarizə kimi qələmə verir. Və dəfələrlə bu fikrinə görə, Kəmalə Bənəniyarlıya sosial şəbəkə istifadəçiləri tərəfindən eyni cavab verilib: "Axı siz kimin nəyinə lazımsız?". Yəni, çəkin nədi ki, üstünə çıxanda tərəzinin bir gözünü vurub yerə salasan. Belə...

***

Keçən il Ukraynada ara qarışanda Əli Kərimlinin müavini Nurəddin Məmmədli maraqlı fikirləriylə gündəmə gəldi. Maydanda iqtidar-müxalifət qarşıdurmasının pik həddində Nurəddin Məmmədli Ukrayna xalqını Əli Kərimlinin məsləhətinə qulaq asmağa çağırdı. Professor məşhur ifadəsi təxmini beləydi: "Əgər Ukrayna xalqı hörmətli Əli bəyin məsləhətinə qulaq assaydı vəziyyət indi belə olmazdı". Daha sonra isə Nurəddin Məmmədlinin bu fikri "Feysbuk" istifadəçilərinin ironik münasibətiylə qarşılandı. Sosial şəbəkədə "meselehetver" haştağı açan gənclər cəbhəçilərlə necə lazımdısa, elə məzələndilər. Təbii ki, bu məsələdə mən Nurəddin bəyi zərrə qədər qınamıram. Uzun illər məğlubiyyəti gecə yatar qarnına yeyilən qatıq kimi rahatlıqla həzm edən bir partiya sədri ki, necə inqilab etməyi yaxşı bilən ukraynalılara məsləhət verir, o zaman hörmətli professor da sədrinin sözlərini yerə sala bilməzdi. Nurəddin Məmmədli də digər cəbhəçilər kimi həm Əli Kərimlini, həm də ömrünün axırınadək müxalifətdə qalmağı çox sevir. Belə-belə işlər...

***

"Məsləhətli" müavinləri, özü-özlərindən huyuxan fəalları olan partiyanın sədrinin ümidlərini Vanqaya bağlaması heç vaxt iqtidara gələ bilməmək ümidsizliyindən doğur. Bu, elə bir ümidsizlikdir ki, Allah eləməsin, adamı şizofreniya və qızıdırma xəstəliyinə yoluxdurar. İndi bu qədər hadisədən sonra Asəf Quliyev və Razi Nurullayevin niyə cəbhəni tərk etdiyini başa düşdünüz? Birini qoyum keçim o birinə. Bir lətifə yadıma düşdü. Deməli, bir kişi olur, bu kişi də uzun illər müxalifətçi olur. Belə...


Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00