Hüquq müdsafiəçisi Vaşinqtonun demokratiya adı altında yürütdüyü siyasəti tənqid etdi
17 Aprel 2015 14:38 SiyasətAvstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in növbəti toplantısı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, toplantıda ATƏT coğrafiyasında sərbəst toplaşmaq azadlığının vəziyyətinə həsr olunmuş müzakirələr keçirilib. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer öz çıxışını Azərbaycan üzərində quraraq, rəsmi Bakını sərt tənqid edib və Azərbaycanda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını iddia edib. Daha sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda sərbəst toplaşmaq azadlığının durumu barədə məlumat verib, Milli Şuranın son etiraz aksiyalarında aparılan monitorinqin nəticələri haqqında danışıb. ABŞ-in ATƏT-dəki səfiri Daniel Bayerin çıxışına cavab olaraq, ABŞ-dakı son hadisələri xatırladan Əhməd Şahidov amerikalı polislərin qara dərili insanları küçənin ortasında güllələdiyini deyərək, rəsmi Vaşinqtonun demokratiya adı altında yürütdüyü siyasəti sərt tənqid edib və səfir Daniel Bayerin ikili standartlardan çıxış etdiyini bildirib. Azərbaycanda heç vaxr polisin küçədə adam öldürmədiyini, etiraz aksiyalarında rezin güllələrdən istifadə olunmadığını deyən ADİHİ rəhbəri Əhməd Şahidov ABŞ və Avropanın digər ölkələrində vəhşicəsinə dağıdılan etiraz aksiyalarına göz yumulduğunu və bunun ikili standart olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əhməd Şahidovun çıxışından dərhal sonra ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer tədbiri tərk edərək, səslənən fikirlərə münasibət bildirməkdən yayınıb.