"Anti-Azərbaycançı dairələr özləri qazdıqları quyuya düşəcəklər”

Ölkəmizin uğurları, nailiyyətləri, sürətli və dinamik inkişafı daim ermənipərəst anti-Azərbaycançı dairələri qıcıqlandırıb, onları dövlətimiz və xalqımız əleyhinə təxribatlara əl atmağa "ruhlandırıb". Bunu deyən Milli Məclisin deputatı Kamilə Əliyevanın sözlərinə görə, indi də həmin məkrli qüvvələrin, dairələrin əlinə növbəti "fürsət" düşüb, yəni, onlar qarşıdan gələn ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini heç cür həzm və qəbul etməyərək, ölkəmiz əleyhinə növbəti kampaniyaya, boykot, sanksiya çağırışlarına əl atıblar: "Bildiyiniz kimi, ilk Avropa Oyunlarının Azərbaycana salınması heç də təsadüfdən verilən qərar olmayıb. Bu, ilk növbədə ölkəmizin inkişafından, əmin-amanlığından, sabitliyinidən, dünyada, xüsusilə, Avropada söz və nüfuz sahibi olmasından qaynaqlanan, ondan irəli gələn bir addım, qərar olub. Əgər onlar Azərbaycandakı sabitlikdən, inkişafdan, əmin-amanlıqdan əmin olmasaydılar, bu tədbirin heç bir halda Azərbaycanda keçirilməsinə razılıq və qərar verməzdilər. Bu isə heç zaman dinc durmayan ermənipərəst anti-Azərbaycançı dairələri, qüvvələri razı sala bilməzdi və necə ki, razı salmayıb. Ona görə də onlar müxtəlif "məsələlər"dən bəhanə kimi istifadə edərək ölkəmiz əleyhinə növbəti təxribat kampaniyasına start veriblər, hətta, bu "fəaliyyətlərinə" Azərbaycanın daxilindəki bəzi üzdəniraq qrupları, insanları da qoşub, cəlb edib, sinxron fəaliyyətə baş vurublar". K. Əliyeva hesab edir ki, amma həmin qüvvələrin və dairələrin bütün cəhdləri əbəsdir,yersizdir, faydasızdır, yenə də heç nə alınmayacaq və baş tutmayacaq, yenə də onlar dərin xəyalqırıqlığına, fiaskoya uğrayacaqlar: "Başqa cür də ola bilməz. Atalar məsəli var ki, gen qaz, dərin qaz, ancaq axırda özün düşərsən. Həmin qüvvələr və dairələr də özləri öz qazdıqları quyuya düşəcəklər, məkrli niyyətləri bu dəfə də öz başlarında çatlayacaq. Birinci Avropa Oyunlarının boykot olunmasına və onun uğursuz, sönük alınmasına əsla və əsla nail ola bilməyəcəklər. Azərbaycan xalqı və dövləti daha bir sınaqdan, imtahandan üzüağ və alnıaçıq cıxacaq, növbəti beynəlxalq yarışmaya uğurlu evsahibliyi edəcək. Kimsənin buna şübhəsi olmasın, elə məkrli və hiyləgər anti-Azərbaycançı dairələrin də".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00