Musa Qasımlı: “Qətnamə tarixi gerçəkliyi qətiyyən əks etdirmir”

Sevinc Fətəliyeva: “Bu qətnamə Avropa Parlamentinin obyektivliyinə ciddi şübhələr yaradır”

"Avropa Parlamenti uydurma "erməni soyqırımı" ilə bağlı qətnaməni erməni lobbisinin təsiri ilə qəbul edib". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, bu qətnamə regionda sülhə xidmət etmir, əksinə bölgədəki atmosferin gərginləşməsinə əsaslar verir: "Sənəddə əksini tapan bəndlər Azərbaycanın da milli təhlükəsizliyinə aid olan məsələlərdir. Azərbaycan qardaş Türkiyə ilə bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi kimi, bu məsələdə də eyni fikirləri bölüşür. Bu sənəd hər ki dövlətin milli maraqlarına ziddir və ümumiyyətlə, tarixə zidd olan, tarixi faktları əks etdirməyən bu qətnamə və bu tipli bəyanatlar qəbulolunmazdır". Azərbaycanın Avropa İttifaqı ilə dialoqu və əməkdaşlığı hər zaman dəstəkləyəcəyini deyən S.Fətəliyeva vurğulayıb ki, bu prosesdə bərəbərhüquqlu yanaşma öz əksini tapmalıdır: "Əməkdaşlıq qarşılıqlı olaraq səmimiyyət və obyektivlik üzərində qurulmalıdır. Son hadisə Avropa Parlamentinin nüfuzuna zərbə vurmaqla yanaşı, onun obyektivliyinə də ciddi şəkildə şübhələr yaradır. Buna baxmayaraq, Avropa İttifaqı, Avropa Parlamenti və digər qurumlarla dialoq reallıqlar əsasında davam etməlidir". S.Fətəliyevanın fikrincə, tarixi məsələlərlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır: "Bütövlükdə, təşkilatın hadisələrə selektiv, reallıqlara fərqli yanaşması qəbuledilməzdir. Biz neçə illərdir ki, Xocalı soyqırımının dünyada tanınması üçün kampaniya aparırıq. Bu soyqırımının ermənilər tərəfindən hansı vəhşiliklərlə törədildiyi haqda konkret faktlar, real sübutlar var. Əgər Avropa Parlamenti obyektiv təşkilatdırsa, bəs niyə onun Xocalı soyqırımı haqqında sənəd qəbul etməsini görmürük? Bu təşkilat uydurma "erməni soyqırımı" haqqında qətnamə qəbul etməklə obyektivlikdən uzaq bir addım atdığını təsdiqlədi. Amma belə sənədlər tarixi həqiqətləri dəyişdirə bilməz".

Millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı isə bildirib ki, Avropa Parlamentinin uydurma erməni soyqırımına dair qəbul etdiyi qətnamə tarixi gerçəkliyi qətiyyən əks etdirmir, tamamilə səhvdir. Tarix məsələləri ilə parlamentarilər deyil, tarixçilər, tədqiqatçılar məşğul olmalıdırlar. Onun sözlərinə görə, belə bir qətnamə hələ 1987-ci ildə də qəbul edilmişdi: "O zaman Türkiyə Böyük Millət Məclisinin həm iqtidar, həm müxalifət, həm də bitərəf deputatları birgə etiraz sənədi də imzalamışdılar. İndiki qətnamə türk və erməni xalqları arasında sülhə, mehriban qonşuluğa deyil, düşmənçiliyin qızışdırılmasına xidmət edir, Türkiyəyə təzyiq, inkişafına və çoxyönlü xarici siyasət xəttinin reallaşdırılmasına mane olmaq məqsədi daşıyır. Ancaq nə qədər belə saxta qərarlar qəbul edilsə də, türk xalqının etmədiyini kimsə ona qəbul etdirə bilməz". Musa Qasımlı bildirib ki, ən mötəbər tarixi mənbələr sübut edir ki, XX əsrdə dinc türk-müsəlman əhaliyə qarşı ilk dəfə olaraq kütləvi qırğınları erməni silahlı dəstələri 1905-1906-cı illərdə və Birinci Dünya Müharibəsi illərində Cənubi Qafqazda, Şərqi Anadoluda, Cənubi Azərbaycanda və başqa yerlərdə törədiblər. Daha sonra isə daşnak Ermənistanı dinc türk-müsəlamn əhalinin soyqırımını dövlət siyasətinə çevirib: "Avropa Parlamenti 100 il əvvəl olmayan bir şeyi siyasət alətinə çevirməkdənsə, 1992-ci il fevralın 25-26-da Ermənistanın Xocalıda günahsız insanları soyqırıma uğratdığını müzakirə etsin, təcavüzkarı ittiham etsin, işğalı pisləsin və qətnamələr qəbul etsin. Xocalıda törədilən soyqırımının şahidləri, fotoları və videoçəkilişləri durur. Təəssüf ki, biz belə bir münasibəti görmürük. Avropa Parlamentinin qondarma qərarı ikili standartların, erməni təəssübkeşliyinin, antitürk və antimüsəlman mövqenin konkret təzahürü olmaqla, Avropa demokratiyasına və dəyərlərinə olan inamı sarsıdır, qitə ölkələrini gözdən düşürür".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00