Müsavatda köhnəliklə yeniliyin mübarizəsi gedir
ADR-çilər ictimai rəydə üstün mövqedədirlər
17 Aprel 2015 13:35 SiyasətMüsavat partiyasında ötən ilin sentyabrından-son qurultaydan başlanmış ziddiyyətlər, narazılıqlar bitmir. Yeni başqan Arif Hacılı və komandasının repressiya siyasəti partiyada sabitliyin yaranmasına gətirib çıxarmır. İndiyə qədər "Arif Hacılının başqanlığını qəbul etməyən narazılar 16-20 nəfərdir" deyib bir neçə şəxsi partiyadan çıxarıblar, rəhbər strukturlardan uzaqlaşdırıblar. Ancaq narazılıq azalmayıb. Yəqin ki, narazıların yaratdığı ADR-ə qoşulmuş Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədlinin də partiyadan çıxaracaqlar. Xaricetmə cəzası Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürdüyü üçün Hacılı komandasının qəzəbinə tuş gəlmiş Müsavat Suraxanı təşkilatının sədri Rövşən Dəmirliyə də şamil olunacaq. Ancaq yenə də zorla gözəllik olmayacaq, narazılar Arif Hacılını qəbul etməyəcəklər. Bəs Müsavatdakı narazılığın səbəbi nədir? Niyə insanlar qurultayda başqan seçilmiş Arif Hacılını qəbul etmək istəmirlər? Məsələ burasındadır ki, problem Arif Hacılıda və ya başqasında deyil. Başqanlığa Nəsib Nəsibli, Arzu Səmədbəyli, Mehman Cavadoğlu da seçilsəydi, belə olacaqdı. İsa Qəmbər özü də başqanlıqda qalsaydı, parçalanma olacaqdı və bəlkə də daha sürətlə və geniş miqyasda. Müsavatdakı narazılıq Arif Hacılıdan deyil, onun təmsil etdiyi köhnələrdən, mühafizəkarlıqdandır. Müsavatçılarn böyük əksəriyyəti yenilik istəyirdi. Bunu gözəl bilən İsa Qəmbər zamanında əvəzetməyə getdi, Arif Hacılının başqan olmasına şərait yaratdı. İsa Qəmbər başqanlığa namizədliyini versəydi, gənclərin üsyanı qaçılmaz olacaqdı. Bu gün Arif Hacılıya qarşı qəzəb əslində İsa Qəmbərə, partiyada ciddi dəyişiklik istəməyən qüvvələrə qarşıdır. Azərbaycan Demokratiya və Rihaf hərəkatının yaradılması, narazı müsavatçıların bu ictimai təşkilata üzv olması Müsavatdakı monopolistlərə səssiz üsyandır. İsa Qəmbər sözdə "demokratik seçki" keçirdi, yeni başqanın seçilməsinə mane olmadı. Arif Hacılının seçilməsinə şərait yaradan, qurultayda buna gizli dəstək verən İsa Qəmbər partiyanın başqa əllərə keçməsinə imkan vermədi. Qubad İbadoğlu və ya Tural Abbaslı başqan seçilsəydi, proseslər başqa yöndə cərəyan edəcəkdi. Arif Hacılı başının dəstəsi ilə Müsavatdan gedəcək, başqa partiya yaradacaqdı. Yeni başqan tədricən Müsavatı İsa Qəmbərin təsirindən çıxaracaqdı. Müsavatda AMİP ssenarisi təkrarlanacaqdı. Xatırladaq ki, Etibar Məmmədov partiya sədrliyindən istefa verəndən sonra AMİP qurultay keçirmiş, sabiq sədrin yaxın adamı, təşkilat məsələləri üzrə müavin Əli Əliyev sədr seçilmişdi. Lakin Əliyevin müstəqil addımları, partiyanı yavaş-yavaş E.Məmmədovun təsirindən çıxarmaq cəhdləri qəzəblə qarşılandı. Partiyada parçalanma yarandı, fövqəladə qurultay keçirildi, Əli Əliyev və tərəfdarları partiyadan çıxarıldılar, AMİP-ə E.Məmmədovun yaxın adamı sədr gətirildi. İsa Qəmbər bu perspektivdən qaçmaq üçün Arif Hacılının başqan olmasına dəstək verdi.
ADR-çilər mübarizəni çox doğru aparırlar. Prosesi təbii axarına buraxmaq, əsəb müharibəsini səbrlə aparmaq lazımdır. Bu gedişlə özündən tez çıxan, səbrsiz Arif Hacılı və qəzəbli komandası səhvlər buraxmaqda davam edəcək. İctimai rəydə qalib olan Müsavatın elektoratı uğrunda savaşı qazanmış olacaq.
Ərhun Abbas