AXCP-nin növbəti sədri Fuad Qəhrəmanlı olacaq?
Parlament seçkilərindən sonra partiyada narazılığın baş qaldıracağı gözlənilir
16 Aprel 2015 14:27 SiyasətMüsavatda, ondan öncə AMİP-də baş verən hadisələr AXCP-də də təkrarlana bilər. Bunu müxalifət mətbəxinə yaxından bələd olan, hazırda Qubad İbadoğlunun ADR-ində təmsil olunan stajlı müxalifətçilərdən biri deyib. Adının çəkilməsini istəməyən mənbə bildirir ki, üzdə arxayın görünməyinə baxmayaraq Əli Kərimli narahatdır və onun əsas təlaşı Fuad Qəhrəmanlı ilə bağlıdır. Özünə maliyyə mənbələri və güclü arxa tapmış Fuad Qəhrəmanlı AXCP sədrliyinə iddialıdır. Qeyd edək ki, partiyaya çevriləndən sonra Azərbaycan Xalq Cəbhəsində ciddi dəyişikliklər baş verib. 90-cı illərdə partiyanın əsas fiqurları Müsavata transfer etmişdilər. 2000-ci illərdə Müsavatın katalizator rolu ilə böyük bir hissə AXCP-dən ayrıldı. 2000-ci illərin əvvəllərində AXCP ciddi itkilər verdi. AXCP-də yalnız Əli Kərimliyə sadiq şəxslər qaldı. Az sonra Qulamhüseyn Əlibəyli, Qorxmaz İbrahimli kimi fiqurlar da pariyanı tərk etdi. İndi AXCP-nin elitasında Həsən Kərimlidən başqa köhnə cəbhəçi qalmayıb. Əksəriyyət gənclərdi. Gənclər arasında daha aktivi Əbülfəz Qurbanlı və Natiq Ədilovdur ki, onların heç biri sədrliyə iddialı deyillər. Əbülfəz Əli Kərimlinin dəstəyi ilə sədr müavini postuna gətirilib, onun belə tezliklə sədr olmaq iddiası yoxdur. Natiq Ədilov mühacirət etdiyindən sədrliyə iddialı ola bilməz. Qalan tək iddialı fiqur AXCP-nin "Göbbelsi" adını almış Fuad Qəhrəmanlıdır. Fuad Qəhrəmanlı Əli Kərimlinin yerini tutmağa iddialıdır. Mənbə bildirir ki, artıq kifayət qədər siyasi təcrübə toplamış, müəyyən dairələrdən dəstək almağı bacarmış Fuad Qəhrəmanlı yaxın vaxtlarda AXCP sədri postuna iddia qoyacaq: "Azərbaycan müxalifətinin əksər partiyası, başda Müsavat, KXCP olmaqla Əli Kərimli kimi intriqabaz, qisasçı siyasətçinin əlindən zara gəlib. Onlar AXCP-yə normal münasibət qurmağı bacaran bir şəxsin sədr olmasını istəyirlər. 2000-ci ildə Əli Kərimlini siyasətdən silməyin bir addımlığında olsa da, buna nail ola bilməyən İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn AXCP sədrinin əlində aciq qalıblar. Əli Kərimli onların siyasi bazarlıq imkanlarını daraldıb. Hazırda onların əlində AXCP sədrini küncə sıxışdırmağın heç bir rıçaqı qalmayıb. Əli Kərimli onların özlərini dalan dirəyib. Onların tək ümidi AXCP daxilində problemlər yaratmaq, Əli Kərimliyə qarşı alternativ qoymaqdır. Ağlagələn belə bir fiqur Fuad Qəhrəmanlıdır". Mənbə bildirir ki, AXCP-nin rayon şöbələrində Əli Kərimlinin özünü təcrid və qisasçı siyasətində narazıların sayı durmadan artır: "Siyasi bazarlıqlarda həmişə öndə olmuş "Yurd"çular Əli Kərimlinin 2005-ci ildən sonra yertiməyə başladığı qisasçı siyasətdən zinhara gəliblər. Təcrübəli cəbhəçilər bilir ki, bu siyasətin axırı yoxdur. Siyasi dairələrin problemi Əli Kərimli ilədir, AXCP ilə deyil. Cəbhədə Razi Nurullayev kimi praqmatik düşünənlərin sayı artır. Onlar hesab edir ki, sədri dəyişməklə AXCP-yə əvvəlki etimadı bərpa etmək mümkündür". Maraqlıdır ki, AXCP-yə yeni nəfəs gətirilməsini istəyənlərin adayı Fuad Qəhrəmanlıdır. Hesab olunur ki, Fuad Qəhrəmanlı siyasi dairələrdə AXCP-yə etimadın bərpa olunmasına nail olacaq, müxalifətin əsas təşkilatları olan Müsavat, KXCP ilə münasibətləri qaydasına sala biləcək. Onun Müsavatla söz davasında öndə olmasına gəlincə, mənbə bildirir ki, bu, məcburiyyətdən doğan addım idi: "AXCP elektoratı Müsavatla söz davasına çox həssas idi. Düzdür, dava əslində müsavatçı ilə cəbhəçinin davası deyildi, Əli Kərimli ilə İsa Qəmbərin, Rauf Arifoğlunun, Arif Hacılının davası idi. Ancaq Fuad Qəhrəmanlı bu davada ön səngərdə yer almaq zorunda idi. Bir az loyal yanaşma onun mövqelərinə zərbə ola bilərdi". Mənbə bildirir ki, payızda keçiriləcək parlament seçkilərindən sonra AXCP-də daxili narazılıq baş qaldıracaq. Fuad Qəhrəmanlı sədrliyə iddiasını qoyacaq. Ola bilsin ki, o, Müsavatda Qubad İbadoğlu tərəfdarlarının yaratdığı ADR kimi bir ictimai təşkilat yaratsın.
Ərhun Abbas