Dağlıq Qarabağa qanunsuz səfərlər

Belə səfərlərin qarşısını necə almaq olar?

Erməni Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal olunduqdan sonra bu əraziyə qanunsuz səfərlər mütəmadi xarakter alıb. Vəziyyət o həddə çatıb ki, işğal olunmuş ərazilərə qanunsuz səfər edənlər sırasında adi turistindən tutmuş yüksək məncəbli dövlət məmurlarına qədər müxtəlif şəxslər var. Düzdür, əslində belə səfərlər erməni diasporası tərəfindən təşkil edilir, Dağlıq Qarabağa səfər edənlər yüksək səviyyədə maliyyə təzminatı ilə təmin olunurlar. Elə bu səbəbdən də bir sıra avropalı siyasətçilər illərlə qazandıqları siyasi karyeranın üstündən xətt çəkərək Qarabağa getməyə razılıq verirlər. Azərbaycan tərəfi dəfələrlə belə səfərlərə qarşı adekvat addımlar atsa da hələlik belə səfərlərin qarşısını almaq mümkün olmayıb. Konkret olaraq Xarici İşlər Nazirliyi tərəfindən bu addımı atan şəxslər "qara siyahı"ya salınıb, "persona non qrata" elan olunub. Təəssüf ki, avropa siyasətçilərində maddi maraq şəxsi karyeranı üstələməkdə davam edir. Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri qeyri-qanuni səfərlər edir, orada qondarma "seçkilərdə" və müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər və biznes adamları bilərəkdən və ya bilməyərəkdən beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər. Məhz bu səbəbdən müvafiq dövlət orqanları işğal olunmuş ərazilərə Azərbaycanın razılığı olmadan səfər edən şəxslər barədə konkret tədbirlər görmək qərarına gəliblər. Artıq Azərbaycan ərazilərinə qanunsuz səfər edən slovakiyalı siyasətçi barəsində həbs qətimkan tədbiri seçilib, axtarış elan olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun yaydığı birgə məlumatında qeyd olunur ki, Slovakiya vətəndaşı Frantişek Mikloşkonun (František Mikloško) Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə bu ərazilərə xarici ölkə vətəndaşlarının səfərlərini təşkil etməsi, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr üçün kifayət qədər əsaslar olduğundan həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, F.Mikloşko Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə razılaşdırmadan icazəsiz Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər edib, həmin ərazilərdə keçirilən qondarma seçkilərdə "müşahidəçi" kimi iştirak edib və etnik və dini zəmində millətlərarası nifaqı qızışdıran hərəkətlər edib. Bu şəxs qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə İrəvan şəhərində keçirdiyi mətbuat konfransında "qondarma parlament seçkiləri müstəqillik haqqında özünəməxsus referendumdur" deyə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. O, həmçinin qondarma rejim barədə "müstəqil dövlət kimi qəbul olunmalıdır", "bizim üçün müstəqil dövlətdir" kimi müraciətlərlə çıxış edib. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından F.Mikloşko Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.
Təqsirləndirilən şəxs F.Mikloşkonun tutulub istintaqa cəlb edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi məqsədilə axtarış qərarının icrası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və "İnterpol"un Milli Mərkəzi Bürosuna həvalə edilib. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, barəsində cinayət təqibi aparılan şəxsin vətəndaşı olduğu Slovakiya Respublikasına bu barədə diplomatik kanallarla məlumat verilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, F.Mikloşko 1990-1992-ci illərdə Slovakiya Milli Şurasının spikeri olub.
Deputat Azay Quliyev Baş Prokurorluq tərəfindən Slovakiyanın keçmiş spikeri Frantişek Mikloşko barəsində cinayət işinin açılmasını düzgün qərar hesab edir. Millət vəkili bildirib ki, Slovakiyanın keçmiş spikeri F.Mikloşko dəfələrlə Azərbaycanın dövlət sərhədini qanunsuz yolla keçərək işğal olunmuş ərazilərə səfərlər etdiyinə, qondarma Dağlıq Qarabağ rejimini beynəlxalq səviyyədə təbliğ etməklə respublikamızın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlara və ölkəmizin suverenliyini şübhə altına alan qərəzli hərəkətlərə yol verdiyinə görə Baş Prokurorluq tərəfindən onun barəsində cinayət işi açılıb. Deputat deyib ki, bu qanunsuz hərəkətlərinə görə çox haqlı olaraq Nəsimi rayon məhkəməsi tərəfindən F.Mikloşko haqqında həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub. Onun axtarışı və tutularaq istintaq orqanlarına təhvil verilməsi İnterpolun Milli Mərkəzi Bürosuna həvalə edilib: "Azərbaycanın hüquq-mühafizə orqanlarının bu qərarı alqışlanmalı və təqdir olunmalıdır. Ümid edirəm ki, Baş Prokurorluğun bu qərarı gələcəkdə belə qanunsuz hərəkətlərə yol verənlərə yaxşı bir dərs olacaq və onları bu yoldan çəkindirəcək". Qeyd edək ki, bu, Azərbaycanın dövlət orqanları tərəfindən atılan ilk sərt addımdır. Yeri gəlmişkən xatırladaq ki, bir qədər öncə millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərlə bağlı qanun qəbul olunmasını təklif etmişdi. Güman olunur ki, belə tədbirlər əcnəbi vətəndaşların Dağlıq Qarabağa qanunsuz hərəkətlərinin qarşısını ala biləcək.


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00