ABŞ-ın Azərbaycana yaxınlaşmasının pərdəarxası

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın ölkəmizdə keçirdiyi bir sıra rəsmi və qeyri-rəsmi görüşlər birmənalı qarşılanmır. Sekutanın son günlərdə fəaliyyətini artırması ABŞ-Azərbaycan yaxınlaşması prosesinin gedişi kimi dəyərləndirilir. Vaşinqtonun Azərbaycana qarşı isti münasibətinin kökündə bir sıra məsələlər dayana bilər. Xüsusilə "Altılıq" ölkələrinin İranla anlaşmasından sonra bölgədən Rusiyanı sıxışdırmaq üçün əlverişli fürsət əldə edən ABŞ-ın Azərbaycanla əlaqələrini normallaşdıracağı gözlənilən idi. Amerikanın Azərbaycana olan isti münasibəti onun Dağlıq Qarabağla bağlı yeni siyasətində də əks olunur. Keçən il Qarabağla bağlı Azərbaycanı qıcıqılandırıcı bəyanatlar verən amerikalı rəsmilər indi məsələnin obyektiv həllini gündəmə gətirirlər. ABŞ-ın Azərbaycanla bağlı siyasətində iddia olunan ən əhəmiyyətli məqam da Dağlıq Qarabağ ətrafı rayonlarla bağlıdır. Belə ki, siyasi analitiklər Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafı rayonları azad etmək üçün hərbi əməliyyatlara başlayacağı halda Vaşinqtonnun Azərbaycana mane olmayacağını iddia edirlər. Belə bir fikirlə politoloq Elxan Şahinoğlu da çıxış edib. E.Şahinoğlu həmçinin Amerika-Azərbaycan əlaqələrinin normallaşdırılması prosesinin sürətləndiyinə də diqqət çəkib: "Bir müddət rəsmi Bakı ilə Vaşinqton arasında gərgin münasibətlər var idi. Ancaq son zamanlar Azərbaycan-ABŞ münasibətlərində intensiv dialoqa start verilib, enerji və təhlükəsizlik sahəsində görüşlərin sayı artıb. O biri tərəfdən ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfir Robert Sekuta iki ölkə arasındakı münasibətlərin inkişafı üçün fəallaşıb. Bu isə Moskvanın xoşuna gəlmir. Azərbaycan-ABŞ münasibətləri gərgin olanda Moskva bundan faydalanırdı, ABŞ-Azərbaycan münasibətləri normallaşanda isə Kreml bundan narahat olmağa başlayıb. Kreml çalışır ki, Azərbaycan ABŞ-la münasibətlərdə çox məsafə qət etməsin, Rusiyanın maraqlarını nəzərə alsın".

"Sülhdən danışsaq da, müharibəyə hazırlaşmalıyıq"

"Real" Hərəkatı idarə heyətinin üzvü, siyasi analitik Erkin Qədirlinin də Robert Sekutanın fəallaşmasını birmənalı qarşılamır. E.Qədirli bildirib ki, ABŞ bir tərəfdən Ermənistana "Dağlıq Qarabağ sülh prosesi" adı altında hər il ayrılan maliyyə yardımını kəsib, başqa bir tərəfdənsə amerikalı səfir Kürdəmirdə yerləşən Hava Qüvvələrimizin bazasında olub, hərbi təyyarələrimizə baxıb. Analitik Amerikanın ermənilərə "sülh üçün" ayırdığı pulları kəsməsi və Azərbaycanın hərbi imkanlarına baxması cəhdlərinin müəyyən məna dağışdığını deyib: "ABŞ - Rusiya qarşıdurması, ABŞ - İran açılımı, Ermənistanın Rusiyanın əlaltısı olması kimi amilləri götürsək, ən azından risklərin idarəolunması baxımdan çox maraqlı gedişlərdir. Böyük dövlətlərin əlində həmişə "proxy war" ("başqasının əliylə savaşmaq") adlı bir alət olub. Anlayışın özü nisbətən yeni olsa da, onunla adlandırılan siyasətin kökləri ən qədim imperiyalara qədər gedib çıxır. Birilərini vuruşdururlar, faydasını isə özlərinə götürürlər. Qarabağ müharibəsinin ilkin mərhələsində bunu görmüşdük. Burası aydındır. Lakin, bununla belə, başqalarının faydalanması bizi qayğılandırmamalı, həvəsdən salmamalıdır, çünki bu savaşda bizim də öz faydamız var. Sülhdən danışsaq da, müharibəyə hazırlaşmalıyıq".

"ABŞ və Rusiya bütün cəbhələrdə toqquşur"

Erkin Qədirli qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində müharibə ən az arzulanan, amma getdikcə qaçılmaza çevrilən seçim kimi görünür: "Bizim halda, müharibə həm də legitim seçimdir. Orası da aydındır ki, bizim əl-qolumuzu bağlayan, yəni məsələni hərbi yolla həll etmək iddialarımızdan çəkindirən bir çox başqa amillərlə yanaşı, həm də böyük dövlətlərin (konkret olaraq ABŞ və Rusiyanın) bu məsələdə bizə qarşı mövqeləri olub. İndi görünən odur ki, ABŞ və Rusiya bütün cəbhələrdə toqquşur və bu toqquşma getdikcə dərinləşir və şiddətlənir. Geriyə dönüşü də görünmür. ABŞ gec başlayır, amma güc başlayır, durdurmaq olmur onu". E.Qədirli doğru seçimin Azərbaycandan asılı olduğunu deyib. Analitikin sözlərinə görə, doğru müttəfiq seçimi, zamanlama kimi məsələlərdə ehtiyatlı olmalı, eyni zamanda gecikməməliyik.

Mənsur
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00