Müsavatda mərkəzdənqaçma meylləri güclənir
Partiya Arif Hacılının boyuna uyğunlaşır
15 Aprel 2015 13:34 SiyasətMüsavat partiyasında baş verən başqan dəyişikliyi son mərhələsinə yaxınlaşır. Başqan dəyişikliyi Müsavatda fərqli olduğu üçün parçalanma da fərqlidir. Bu vaxta qədər Azərbaycan siyasətində bu cür başqan dəyişikliyi olmamışdı. Ya sədr istefa verib, özünü lider elan etmişdi, ya da sədr dünyasını dəyişmiş, partiya ikiyə bölünmüş, ad uğrunda savaş getmişdi. Müsavatda hər şey fərqli oldu. Sabiq başqan İsa Qəmbər tərəf tutmadı, siyasi varisini göstərmədi. Qurultayda uzun illər partiyanın təşkilati işlərinə rəhbərlik etmiş Arif Hacılı 20 səs fərqi ilə başqan seçildi. Heç kimin gözləmədiyi halda gənc iqtisadçı Qubad İbadoğlu təcrübəli Arif Hacılıdan cəmi 20 səs az topladı. Sülhəddin Əkbər və İbrahim İbrahimlinin gedişindən sonra Arif Hacılı Müsavatda İsa Qəmbərdən sonra faktiki ikinci şəxs idi. Məclis sədri Arzu Səmədbəyli də onunla rəqabət apara bilmirdi. Əksəriyyətin fikri bu idi ki, İstiqlal bəyannaməsinə imza atmış deputatlardan bir olmuş, zəngin seçki təcrübəsi olan Arif Hacılı asanlıqla başqan olacaq və İsa Qəmbərdən sonra liderə çevriləcək. Ancaq proqnozlaşdırılanların heç biri olmadı. Müsavat mətbəxinə bələd olanlar, Arif Hacılını yaxından tanıyanlar deyirdi ki, səbrsiz, tez özündən çıxan, ağılla deyil, emosiya ilə qərar qəbul etməyə meylli olan Hacılı Müsavatın başqanı ola bilməyəcək. Müsavatda baş verənlər sonuncu proqnozu doğrulayır. Doğrudur, Arif Hacılı başqan seçilib, partiyanın rəhbər strukturları formalaşma mərhələsini başa çatdırıb. Ancaq Müsavatın rayon təşkilatları, nüfuzlu partiya təmsilçiləri Arif Hacılını başqan kimi qəbul etmirlər. Rayon təşkilatlarında hər bir partiya üçün təhlükəli proses olan mərkəzdənqaçma meylləri güclənib. Nüfuzlu müsavatçıların əksəriyyəti partiyanı tərk edib. Arif Hacılını bu günə qədər heç kimi tanımadığı Elman Fəttah, Səxavət Soltanlı kimi əyalət səviyyəli siyasətçilər qəbul edir. Yeri gəlmişkən, bir zamanların ana müxalifəti olan Müsavatda hazırda bu iki şəxs başqan müavinləridir.
Aşkar görünən odur ki, Müsavat partiyası Arif Hacılının boyuna uyğunlaşır. Başqanın və komandasının apardığı yanlış siyasət Müsavatı balacalaşdırır. Nüfuzlu müsavatçılara qarşı aparılan repressiya siyasəti, yeni başqanın dözümsüzlüyü vəziyyəti daha da ağırlaşdırıb. Tərəflər arasında əsəb savaşı "əzabkeş" imici formalaşmış Qubad İbadoğlu və Vurğun Əyyub tərəfdarlarının xeyrinədir. İctimai rəydə onlar haqqı tapdanan, repressiyaya məruz qalan, Arif Hacılı cinahı isə partiyanın rəhbər strukturlarını cəza aparatına çevirmiş şəxslər kimi qəbul edilir. Bu gedişlə Müsavat partiyasının əsas simaları Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşulacaqlar. Müsavat getdikcə Arif Hacılının siyasi çəkisinə, boyuna uyğunlaşır. Hətta İsa Qəmbərin 2018-ci il seçkilərinə prezidentliyə namizədliyi elan olunsa belə, bu amilı cəlbedici deyil. Arif Hacılı Müsavatının adamlar üçün cəlbedici heç nəyi qalmayıb. Müsavat Hacılının rəhbərliyində getdikcə Vaqif Hacıbəylinin Əhrar partiyasına oxşamağa başlayıb. Arif Hacılının komandası ictimai rəydə ADR-çilərə uduzduqca Müsavat kiçilməkdə davam edəcək.
Ərhun Abbas