Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
15 Aprel 2015 12:19 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Serbiyanın Baş naziri Aleksandr Vuçiçlə görüşüb. Qonağı salamlayan Oqtay Əsədov bildirib ki, iki ölkə arasında indiyədək 25 sənəd imzalanmış və iqtisadi münasibətlərimizin inkişafı üçün geniş potensial mövcuddur. Sədr diqqətə çatdırıb ki, Azərbaycan böyük iqtisadi layihələrdə iştirak edən ölkədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Söhbət zamanı qeyd oludub ki, ölkələrimizi bir-birinə bağlayan bir sıra amillər vardır. Hər iki ölkə müharibənin, ərazi bütövlüyünün pozulmasının nə olduğunu bilir. Buna görə də ölkələrimiz bu istiqamətdə bir-birilərini daha yaxşı başa düşür və beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini dəstəkləyirlər. İki ölkənin parlamentlərarası münasibətləri sürətlə inkişaf edir və hazırda hər iki ölkənin parlamentində qarşılıqlı işçi qrupları fəaliyyət göstərirlər. Belə bir fikir vurğulanıb ki, ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi münasibətləri inkişaf etdirməyə ehtiyac vardır. Söhbət zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. Sədr Serbiyanın 2015-ci ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına inamını ifadə edib. Görüş üçün təşəkkürünü bildirən Serbiyanın Baş naziri Aleksandr Vuçiç diqqətə çatdırıb ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməz olaraq qalır. Qonaq bildirib ki, səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsinə xidmət edir.