Millət vəkilləri Roma Papasını ədalətsizlikdə suçladılar
“Toz basmış məsələyə diqqət verən Roma Papasının Xocalı soyqırımına münasibət bildirməməsi təəssüf doğurur”
14 Aprel 2015 17:45 SiyasətMilli Məclisin aprelin 14-də keçirilən iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məsələlərdən danışıblar. İlk olaraq millət vəkili Siyavuş Novruzov bildirib ki, I Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədar həm daxili, həm də xarici təşkilatlar bu və ya digər şəkildə, eləcə də qeyri-hökumət təşkilatlarının vasitəsilə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Son günlər belə bir xəbər də var ki, guya ölkədə korrupsiya halı baş alıb gedir. Lakin qeyd edim ki, Azərbaycanda hər zaman korrupsiyaya qarşı mübarizə aparılıb". Millət vəkili əlavə edib ki, Azərbaycan az-az ölkələrdəndir ki, burada Korrupsiyaya Qarşı Mübarizə Komissiyası fəaliyyət göstərir və bu qurumda müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edirlər: "Etiraf edək ki, dünyanın hər yerində bu bəla var. Təəssüf ki, bəzi qurumlar Azərbaycanda beynəlxalq tədbirlərin yaxınlaşması ilə əlaqədar ölkənin adını hallandırmağa daha çox üstünlük verirlər". Onun sözlərinə görə, Azərbaycan xalqının, dövlətçiliyin əleyhinə işləyən elə siyasi partiyalar və qeyri-hökumət təşkilatları var ki, onlar xarici qüvvələrin sifarişi əsasında Azərbaycanda aksiyalara çağırma, ayrı-ayrı müraciətlər qəbul etmə, hətta partiya səviyyəsində bəyanatlar verirlər ki, Azərbaycandakı oyunlarda iştirak etməsinlər. Bütün bunlar onun göstəricisidir ki, onlar eyni mənbədən - erməni lobbisinin maliyyəsi hesabına bu addımları atırlar. Bu cür antimilli insanların fəaliyyətinə qiymət verilməlidir. Deputat Məlahət İbrahimqızı da Azərbaycanda korrupsiya olması ilə bağlı verilən bəyanatlara münasibət bildirib. O, beynəlxalq təşkilatlar tərəfindən korrupsiya ilə bağlı yayılan hesabatlara diqqət çəkib. Bildirib ki, həmin hesabatlarda Avropa Birliyinə daxil olan ölkələrdə tibbi sığorta sahəsində külli miqdarda korrupsiya faktlarının olması öz əksini tapır.
Məlahət İbrahimqızı Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına da etiraz edib: "100 il bundan qabaq arxivin küncündə toz basmış məsələyə diqqət verən Roma Papasının Xocalı soyqırımına münasibət bildirməməsi təəssüf doğurur". Millət vəkili Fəzail Ağamalı isə qeyd edib ki, Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı bəyanatı tamamilə uydurmadır. Bu dini lider haqqı, ədaləti kənarda qoyaraq uydurma bir iddianı qabardır. O qeyd edib ki, Roma Papası I Fransisk Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bir dəfə də olsun danışmayıb: "O bu məsələdə ədalətli olmalıdır". Millət vəkili Vahid Əhmədov isə Azərbaycan Mərkəzi Bankına məzənnə siyasətinə yenidən baxmasını və bu siyasətdə dəyişikliklər etməsini təklif edib: "Mərkəzi Bank yumşaq devalvasiya siyasətini yavaş-yavaş həyata keçirməlidir ki, 5-6 ay sonra ciddi problemlə üzləşməyək. Mərkəzi Bank məzənnə siyasətini valyuta ehtiyatlarını qoruya biləcək siyasətinə dəyişməlidir". Xətai rayonu ərazisində binanın yanmasını dəhşətli hadisə adlandıran deputat İqbal Ağazadə qeyd edib ki, binalar süni fasadlarla üzlənməməlidir: "Bu materialları kim gətirir? Təsəvvür edin, bir anın içərisində bütün bina alışdı. Bu zəhərli, tez alışan materiallar şəhərdə əksər binalara vurulur. Bu binalar bir gecənin içərisində təxribat nəticəsində yandırıla bilər. Xahiş edirəm, aidiyyəti orqanlar qarşısında bu problem qaldırılsın və həmin tez alışan maddələrin binaların fasadına çəkilməsi qadağan edilsin".
Sonra millət vəkilləri gündəlikdə duran məsələlərin müzakirəsini davam etdiriblər. "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" qanun layihəsi barədə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov məlumat verib. Müzakirələrə qatılan deputat Sabir Rüstəmxanlı qeyd edib ki, dənizdən neft çıxarmaq çətindir. Buna görə, xarici mütəxəssislərin köməyindən istifadə olunur: "Ancaq biz sahilə yaxın hissələrdən özümüz neft çıxara bilərik. Sahilə yaxın yerlərdən axı niyə şərikinə neft çıxarırıq? Buna nə ehtiyac var?" Onun sözlərinə görə, bu müddətdə neft istehsalı ilə bağlı təcrübəmizi artıra bilərdik: "Əgər bu addım siyasi proseslərlə əlaqəlidirsə, o zaman bunu təhlil etmək lazımdır: "Bizim çörəyimiz dizimizin üstündədir. Bizim xeyir verdiklərimiz sonradan gedib Ermənistanın yanında durur. Azərbaycan mədənlərinin ağzını açıb sərvətlərini Avropa ölkələri ilə bölüşürük". Deputat bildirib ki, ölkənin təbii ehtiyatları tükənməz deyil və bu fakt diqqətdə saxlanılmalıdır: "Axı, bu xalq 20 il yaşamayacaq. Xahiş edirəm, mənim bu narahatlığımı nəzərə alasınız". Deputatın qaldırdığı məsələyə münasibət bildirən komitə sədri Valeh Ələsgərov deyib ki, "əmin ola bilərsiniz ki, köhnə yataqlarda işləyən podratçı "Qarasu" şirkəti Rövnəq Abdullayevin əlindən canını qurtara bilsəydi elə qaçardı ki, şalvarı da burda qalardı". Onun sözlərinə görə, köhnə yataqlarda podratçıların boyunlarına elə öhdəliklər qoyulub ki, onlar qaça bilmirlər: "Sovet dövründən bəri kim işləyirdisə, həmin adamlar bu gün də orda qalıblar. Azərbaycan tərəfi həmin layihələrdən mənfəət də götürür. Ölmüş sahələri xarici podratçılara vermişik və onlar özləri üçün para qazanırlar, hələ bizə də vəsait ödəyirlər". Komitə sədri əlavə edib ki, həmin ölmüş yataqlarda minlərlə insan çalışır: "Neftçalada, Kürdəmirdə, Şirvandan olan vətəndaşlarımız alın təri ilə ailəsini dolandırır". Sonra Hesablama Palatasının 2014-cü il üzrə illik hesabatının dinlənilib. Hesabatı təqdim edən HP sədri Vüqar Gülməmmədov bildirib büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlamaq məqsədilə 2-si analitik təhlil olmaqla 82 nəzarət tədbiri həyata keçirilib. V.Gülməmmədov deyib ki, hesabat ilində aparılan nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar Milli Məclisə təqdim olunub, cinayət əlamətləri ehtimal olunan 4 tədbirin nəticələri üzrə müvafiq materiallar Respublika Baş Prokurorluğuna göndərilib. Hesabat ilində 5 təşkilatda palata tərəfindən ilk dəfə olaraq nəzarət tədbiri həyata keçirilib. Nəticələri haqda kollegiya qərarı qəbul olunan 80 nəzarət tədbiri 126 qurumun fəaliyyətini əhatə edib. Hesablama Palatasının sədri qeyd edib ki, 2014-cü ildə aparılan audit tədbirləri zamanı qanunun tələbləri gözlənilmədən 294 mln. manat vəsaitin satınalma proseduru keçirilmədən xərc olunduğu müəyyən edilib: "Hər bir nəzarət obyektində rast gəlinən ikinci nöqsan vəsaitlərin təyinatı üzrə istifadə olunmamasıdır. Bu kimi tədbirlərlə yanaşı, 323,5 ştat vahidinin və 11 qrupun ləğvi təmin olunub. Ümumilikdə, bu ştat vahidləri və qrupların ləğv edilməsi ilə orta hesabla il ərzində 1,9 mln. manat əlavə vəsaitin istifadəsinin qarşısı alınıb". Sonda Hesablama Palatasının illik hesabatı parlament tərəfindən qəbil edilib.
Alim