“Zakir Həsənova qarşı təxribat gözlənilən idi”

Mehman Muradlı: “...həmin çat səviyyəsində olan sayt idarə olunandı”

"Aztoday.az" adlı sayt müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu döyməsi haqqında məlumat yayıb. Mənbə hadisəyə səbəb kimi Z.Həsənovun bir neçə dəfə etdiyi xəbərdarlığa baxmayaraq, A.Məmmədovun Şəmkirdə yerləşən "N" saylı hərbi hissədə açdığı restoranı bağlamaması göstərilib. "Aztoday"ın mənbəsi göstərilməyən məlumatı sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Əsassız hesab edilən məlumat Azərbaycanın dövlət maraqları baxımından da etik deyil. Ümumiyyətlə son günlərdə düşmən ölkə Ermənistana qarşı isti münasibəti olan bəzi siyasi dairələr haqqında irəli sürülən iddiaları Azərbaycana qarşı əks fəaliyyətlə təsdiq edirlər. Müdafiə nazirinə qarşı irəli sürülən iddia da həmin təxribatın tərkib hissəsinə daxildir. Əgər belə bir hadisə baş veribsə, Azərbaycanın dövlət maraqlarını qorumaq istəyənlər məsələni gizli yolla həll etməyə çalışardılar. Dövlət başçısına və digər aidiyyatı qurumlara məktub yazmaqla problemin həllinə nail olmaq mümkün idi. Əgər bu edilmirsə, demək ki, yayılan informasiya həqiqəti əks etdirmir və məqsədli şəkildə hazırlanıb. Azərbaycanda hakimiyyəti tənqid edən saytlar var və bu normal haldır Lakin bir ölkənin dövlət maraqlarını əzərək, düşmənin maraqlarına xidmət etmək müxalifətçilik deyil, düşmənçilikdir. Belə mənbələrin məqsədi birmənalı olaraq, Azərbaycanda siyasi qarşıdurma yaratmaqla, düşmən ölkənin maraqlarından çıxış etməkdir. Millət vəkili Fazil Mustafa isə bu fikirləri təsdiq edən başqa bir məsələni gündəmə gətirdi. O, Azərbaycanda ermənilərin sayt idarə etdikləri barədə məlumat verdi. "Mənə məlumat verdilər ki, Bakıda yaşayan ermənilərin bir saytı var. Adı "baku-dental.az"dır. Orada mənimlə bağlı təhqiramiz yazılar verirlər. Ancaq sayt məndə açılmır. Bu ermənilər azərbaycanlı adı ilə yazılar" - deyə F.Mustafa öz "Facebook" profilində yazıb. Millət vəkilinin iddiasının üzərindən bir neçə saat keçməmiş artıq "aztoday.az" saytı bunu təsdiq etdi.

"Nəinki ermənilərə qarşı, hətta Azərbaycanı parçalamağı özləri üçün müqəddəs iş sayan hər bir xırda etnik qrupa qarşı da tolerant ola bilmərik"

Hüquq müdafiəçisi Mehman Muradlı "OLAYLAR"a açıqlamasında deyib ki, müdafiə naziri Zakir Həsənova qarşı təxribatın gözlənilirdi: "Sadəcə bunu cılız bir sayt vasitəsilə edilməsi və daha sonra həmin sayta istinadən başqa saytlar tərəfindən tirajlanması təxribatın dairəsinin genişləndirilməsi onu deməyə əsas verir ki, həmin bu çat səviyyəsində olan sayt idarə olunandı. Məsələyə ciddi yanaşmaq lazımdı və gələcəkdə bu cür təxribatların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi zərurətini ortaya qoyur". M.Muradlı son günlərdə sosial şəbəkələrdə və bəzi internet portallarında ermənilərə loyal münasibət sərgiləyən materialların yayılmasına da münasibət bildirib: "Biz nəinki ermənilərə qarşı, hətta Azərbaycanı parçalamağı özləri üçün müqəddəs iş sayan hər bir xırda etnik qrupa qarşı da tolerant ola bilmərik. 1993-cü ildə "TMR" adında qondarma bir qurumun yaradılması buna bariz nümunədi. Mərhum Heydər Əliyev olmasaydı "TMR"-çilər də ermənilər kimi öz separatçı hərəkətlərini reallaşdıra biləcəkdilər". Mehman Muradlı Azərbaycan daxilindəki bəzi dairələrdə ermənilərə isti münasibətin kökündə maddiyyatdan daha çox, azərbaycanlılara nifrət hissinin durduğunu vurğulayıb. O, bu məsələdə maddiyyatın ikinci dərəcəli olduğunu da diqqətə çatdırıb.


Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00