Müsavatda sükut pozuldu
Qarşılıqlı ittihamlar kəskinləşir
14 Aprel 2015 14:06 SiyasətMüsavat partiyasına sabitlik yenidən pozulub. Əsəb müharibəsinə dözüm göstərə bilməyən tərəflər söz atışmasına başlayıblar. Bu dəfə Müsavat başqanının qardaşı Mustafa Hacıbəyli ilə partiyanın Suraxanı təşkilatının sədri Rövşən Dəmirli "atışıblar". Vurğun Əyyubla bağlı mövqeyini dəyişmədiyinə görə Rövşən Dəmirli başqanın qardaşının qəzəbinə gəlib. Qeyd edək ki, Suraxanı təşkilatı Müsavat başqanına tabe olmur, üzvlük haqqını vermir və partiyanın qərarı olmadan Vurğun Əyyubu deputatlığa namizəd göstərir. Mustafa Hacıbəyli deyib ki, Rövşən Dəmirli hakimiyyətin sifarişi ilə fəaliyyət göstərir. Hakimiyyətin sifarişi ilə bir təşkilatdan o birinə keçir, müxtəlif qərarlar verir. Məclis üzvü hesab edir ki, partiyanın Suraxanı rayon təşkilatının sədrini Müsavat Partiyasına qarşı sabotajla məşğul olur: "Suraxanı rayon təşkilatının rəhbərliyi uzun müddətdir ki, Müsavat Partiyasının əleyhinə təbliğat aparır. Qərarlara tabe olmamaqla yanaşı, üzvlük haqlarını da vermirlər. Rövşən Dəmirli Müsavat adına iclas çağırıb, lakin Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü olmayan adamları dəvət etməyib. Ona görə də hesab edirəm ki, o, hakimiyyətin sifarişi ilə fəaliyyət göstərir". Rövşən Dəmirli mətbuata açıqlamasında Mustafa Hacıbəylinin özünü Müsavatda aranı qatmaqda suçlandırıb. Onun sözlərinə görə, Mustafa Hacıbəyli Suraxanı təşkilatının separatçılığını sübut edə bilməz: "Bizim Müsavata qarşı mənfi fəaliyyətimizi Mustafa Hacıbəyli heç vaxt sübut edə bilməz. Əksinə, mən düşünürəm ki, Müsavatda daxili çaxnaşmanın yaranmasına səbəb olan şəxslərdən biri də odur. Necə olur ki, qurultay ərəfəsində Rövşən Dəmirli onlara ən əziz adamlardan biri idi, ancaq qurultaydan sonra hakimiyyətə işləməyə başlayıb?! Mən 1992-ci ildə Müsavat bərpa olan gündən partiyanın üzvü olmuşam və onun rayon təşkilatına rəhbərlik etmişəm. Belə bir adam birdən-birə heç vaxt hakimiyyətə işləyə bilməz".
Göründüyü kimi Müsavatda vəziyyət kritikdir. Baş verənlər Arif Hacılının və komandasının ciddi problemlərlə üzləşdiyini göstərir. Arif Hacılı başqan seçilib, ancaq narazılar Müsavatı ona vermək niyyətində deyillər. Elbəyi Həsənlinin (bu adam antiHacılı qrupuna daxildir) Avropada yaşayan müsavatçıları başına yığaraq təşkilat yaratması, Müsavat əleyhinə fəalliyyət göstərməsi, Vurğun Əyyubun rəhbərliyi ilə narazıları Müsavatın rayon təşkilatlarına aktivləşməsi vəziyyətin ciddiliyindən xəbər verir. Belə çıxır ki, Arif Hacılının başqan seçilməsi tamamilə təsadüf olub. İsa Qəmbərin yaxın ətrafının, hətta Almaniyada yaşayan qardaşı Rövşən Qəmbərin, yaxın qohumu Fəxrəddin Bağırovun Qubad İbadoğlunu dəstəkləməsi belə deməyə əsas verir. Belə çıxır ki, İsa Qəmbərin yaxın ətrafı qurultayda Qubad İbadoğlunun daha çox səs toplayaraq başqan olmasını hesablayıbmışlar. Gözlənti doğrulmayınca ADR ideyası ortaya çıxıb.
Arif Hacılı və komandasının şaşkın hərəkətləri onu deməyə əsas verir ki, yeni başqan nə edəcəyini bilmir və prosesləri təbii axarına buraxıb. Proseslər isə Müsavatın xeyrinə deyil. Bu gedişlə bütün ünlü simalar, Müsavatın bərpa qurultayında iştirak etmiş nüfuzlu müsavatçılar Azərbaycan Demokratiya və Rihaf Hərəkatına keçəcəklər. Arif Hacılının Müsavatı qardaşı Vaqif Hacıbəylinin Əhrar, dostu Pənah Hüseynin Xalq, sabiq müttəfiqi Əhməd Orucun Azadlıq partiyalarının səviyyəsinə düşəcək.
Ərhun Abbas