İlham Əliyev: “Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi”
13 Aprel 2015 14:37 SiyasətCari ilin fevralında Mərkəzi Bank tərəfindən manatın məzənnəsində edilən dəyişiklik müxtəlif fikirlərin ortaya çıxmasına səbəb oldu. Hətta bunun ölkə iqtisadiyyatına ciddi zərbə vura biləcəyi barədə arqumentlər gətirənlər də peyda oldu. Lakin həyata keçirilən uğurlu iqtisadi və inzibati tədbirlər nəticəsində baş verə biləcək neqativ halların qarşısı alındı və məzənnə siyasətinin əhalinin maddi vəziyyətinə mənfi təsiri minimuma endirildi. İstər daxili istehsal, istərsə də idxal məhsulların qiymətlərinə edilən dövlət nəzarəti nəticəsində sünii qiymət artımının baş verməsinin qarşısını almaq mümkün oldu. Baxmayaraq ki, beynəlxalq praktikaya görə, valyutaların devalvaliyası zamanı qiymət artımı qaçılmaz olur. Lakin buna baxmayaraq dünya bazarında neftin qiymətinin qeyri-stabilliyini əsas gətirən bəzi ekspertlər hələ də manatın ucuzlaşma ehtimalından ehtiyatlanırlar. Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı məzənnə siyasətinin labüdlüyü və görülən tədbirlər barədə bir daha fikirlərini açıqlayıb. Dövlət başçısı qeyd edib ki, ümumiyyətlə, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz bir hal idi: "Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar 5000 manat idi və bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməliydik ki, manat çox bahalaşsın. Çünki bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük bir manat artıq 1,3 dollar səviyyəsindədir. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətlidir və bahalıdır". Prezident daha sonra deyib: "Bilirsiniz ki, biz istəyirdik ki, məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı. Belə getsəydi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi. Ona görə də görülən tədbirlər nəticəsində iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz, eyni zamanda biz imkan vermədik ki, bu vəziyyətdən natəmiz insanlar istifadə etsin, bütün bu məsələlər vəziyyətin sabit qalmasına xidmət göstərdi".
Dövlət başçısının bu fikirləri bir daha deməyə əsas verir ki, ölkənin düşünülmüş pul-kredit siyasəti mövcuddur və bu siyasət təkcə bu gün üçün deyil, uzaq prespektiv üçün də özünü doğruldur. Dünyada baş verən iqtisadi tənəzzül, maliyyə maxinasiyalarının tüğyan etməsinə baxmayaraq, Azərbaycanın pul-kredit siyasəti manatın uzunmüddətli stabilliyin təmin etməyə qadirdir. Manatın məzənnəsinin dəyişdirilməsi isə dünyada baş verən iqtisadi proseslərin nəbzini tutmaq baxımından ən effektli və səmərəli variantdır. Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, manatın ucuzlaşması çox ciddi məsələdir: "Azərbaycan MDB-də yeganə dövlətdir ki, keçən maliyyə böhranında öz valyutasını qoruyub saxlaya bilib. Manatın devalvasiyasında isə müsbət tərəflər mövcuddur. Müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycanın ixracının 92%-i neft məhsullarıdır. Düzdür, qeyri-neft məhsullarını ixrac edə bilmirik, çünki onun maya dəyərində ciddi problemlər var. Ona görə də, biz manatın məzənnəsini müəyyən qədər aşağı salmaqla, məhsulların ixrac potensialını yüksəldirik ki, rəqabətyönümlü məhsulların ixracı artsın". İqtisadçı ekspert Samir Əliyev bildirib ki, manatın ucuzlaşması uzunmüddətli prosesdir. "Hər il AMB manatın məzənnəsini qorumaq üçün $ 2,3 mlrd və ya 1,5 mlrd manat xərcləyir. Bu isə valyuta ehtiyatlarının 15%-dir. Bu amil olmasaydı, risklərə davamlılıq 6 ildə iki dəfə artardı. Bundan başqa, əgər hökumət qeyri-neft sektorunun imkanlarını artırmaq istəyirsə, devalvasiya labüddür".
Xatırladaq ki, Azərbaycanda həyata keçirilən məzənnə siyasəti beynəlxalq maliyyə qurumları tərəfindən də müsbət addım kimi qiymətləndirilir. Heç şübhəsiz ki, buna səbəb sözügedən islahatın əhalinin maddi vəziyyətinə təsirsiz ötüşməsidir. Prezident İlham Əliyev qeyd edib ki, bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanın bu addımını dəstəkləyir: "Eyni zamanda əhali də görür ki, məzənnənin dəyişdirilməsinin əhalinin gündəlik həyatına təsiri olmamışdı. Ona görə ki, ilk növbədə vaxtilə görülən işlər nəticəsində biz gündəlik təlabat məhsullarının böyük hissəsini özümüz istehsal edirik. Digər tərəfdən istehlak bazarına nəzarət gücləndirilmişdi və möhtəkirlərə qarşı çox ciddi mübarizə aparılmışdı. Baxmayaraq ki, fevral ayında manatın məzənnəsində dəyişiklik edilmişdir və bu da istər-istəməz idxal olunan malların qiymətinə təsir edə bilərdi. Ancaq görülən tədbirlər nəticəsində istehlak bazarında vəziyyət tam sabitdir. Qiymətlərin qalxmasına imkan vermədik, qiymətlər sabitdir, sabit də qalmalıdır".
Onu da xatırladaq ki, keçmiş MDB ölkələrində Azərbaycan yeganə ölkədir ki, manatın devalvasiyasından uğurla çıxa bilib. Millət vəkili Vahid Əhmədov qeyd edib ki, bunun əsas səbəbi Azərbaycanda düşünülmüş iqtisadi siyasətin olmasıdır: "Misal üçün Rusiyada milli valyuta 90%, Qazaxıstanda 70% ucuzlaşdı. Lakin Azərbaycan buna getmədi. Bunun da əsas səbəbi Azərbaycanın dövlət başçısının göstərişidir. Əhalinin sosial-iqtisadi vəziyyətini nəzərə alaraq, əmək haqları, pensiyaları, o cümlədən onların əmanətlərinin ucuzlaşmaması üçün buna gedilmədi". Yerli və beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycanda manatın məzənnəsinin dəyişdiriləsi əhalinin sosial və maddi durumuna elə də ciddi təsir göstərməyəcək. Çünki, ölkədə bundan sui-istifadə hallarının qarşısının alınması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Qətiyyətlə demək olar ki, bu istiqamətdə görülən və görüləcək tədbirlər şəxsən dövlət başçısının nəzarət altındadır. İlham Əliyev qeyd edib ki, Azərbaycanda məzənnənin dəyişdirilməsi əslində məzənnənin bərpası deməkdir: "Biz 2005-ci ildə müəyyən etdiyimiz məzənnəni bərpa etdik. O vaxt bir manat bir dollar idisə, bu gün də bir manat bir dollardır. Hesab edirəm ki, bundan sonra da belə olmalıdır. Eyni zamanda biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir, yerli istehsalın stimullaşdırılması ilə bərabər bu sahəyə də diqqət verilməlidir. Əgər hansısa əlavə tədbirlər - ya qanunvericilikdə, ya tənzimləyici qərar lazımdırsa, biz bunu etməliyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik". Sonda xatırladaq ki, manatın devalvasiyası labüd haldır. Lakin bu halda ucuzlaşma elə aparılmalıdır ki, insanlar bunu o qədər hiss etməsinlər, onların əmək haqları, pensiyaları, əmanətlərinə təsir etməsin. İqtisadçı ekspertlərin qənaətinə görə, isə cari ildə manatın ciddi ucuzlaşması gözlənilən deyil.
Alim