I Avropa Oyunları Azərbaycan dövləti və xalqı üçün siyasi dividentlər də gətirəcək

I Avropa Oyunları yaxınlaşdıqca Azərbaycanın bu uğuru ilə fəxr edənlər sevinir, ölkəmizin daha bir nailiyyət əldə etməsini qısqananlar isə kədərlənirlər. Bütün bu müsbət və mənfi tendensiyaların fonunda isə Azərbaycan hər ötən gün bu mötəbər yarışlara daha ciddi hazırlaşır, yüksək səviyyədə təşkilati işlər həyata keçirir. Heç şübhəsiz ki, belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsini ictimai-siyasi mövqeyindən asılı olmayaraq əksəri Azərbaycan vətəndaşı dəstəkləyir.
Millət vəkili Sədaqət Vəliyeva deyir ki, kütləviliyi ilə seçilən istər idman, istərsə də mədəniyyət tədbirləri ölkələrin dünya ictimaiyyətinə tanıdılması, onun müsbət imicinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Təsadüfi deyil ki, həm idman, həm də mədəniyyət hər bir xalqın dünyada tanınması üçün "vizit kart" hesab edilir. Bu günə qədər idmançılarımız ölkəmizin bayrağını yüksəltməklə, himnimizi səsələndirməklə Azərbaycanı dünyaya bir idman ölkəsi kimi tanıda biliblər. Elə son London-2012 Olimpiya Oyunlarında idmançılarımızın 10 medal qazanması ölkə tarixinə rekord göstərici kimi düşdü. Eyni zamanda, Azərbaycanın 2012-ci ildə "Eurovision" mahnı yarışmasına ev sahibliyi etməsi, minlərlə musiqisevəri Bakıya toplaması, 700 milyonluq tamaşaçıya mədəniyyət bayramı bəxş etməsi ölkəmizin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bununla bərabər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ABŞ-da, Avropanın mədəniyyət beşiyi olan Fransada, Almaniyada, İtaliyada möhtəşəm tədbirlərlə ölkə mədəniyyətini təbliğ etməsi Azərbaycanın müasir, sivil və zəngin mədəni irsə malik ölkə kimi tanınmasına gətirib çıxardı. Məhz, bir daha zəngin mədəniyyətimizin, müasirliyimizin, sürətli inkişaf göstəricilərimizin, qonaqpərvərliyimizin və digər yalnız xalqımıza məxsus keyfiyyətlərimizin Avropa və dünya ictimaiyyətinə əyani şəkildə təqdim etməyimiz üçün I Avropa Oyunları ideal şansdır". Millət vəkili deyir ki, I Avropa Oyunlarına hazırlıqla bağlı cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi Mehriban xanım Əliyevanın rəhbərliyilə misilsiz işlər həyata keçirməkdədir: "Bu baxımdan, həyata keçirilən işlərin nəticəsi olaraq, I Avropa Oyunları Azərbaycana gətirəcəyi iqtisadi-maliyyə dividentlərilə yanaşı, perspektivdə ölkəmizin vurğunu olacaq potensial turistlər kontingenti də formalaşdıracaq. Onsuz da bu gün Azərbaycan dünya turistlərinin seçimidir. Lakin bu cür tədbirlərdən sonra onların sayı daha da artacaq, ölkənin nüfuzu, reytinqi yüksələcək. Bundan başqa qeyd edim ki, I Avropa Oyunları həmçinin, xalqımıza və dövlətimizə bu gün inşa edilən möhtəşəm idman infrastrukturlarını - Olimpiya Stadionunu, Milli Gimnastika Arenasını və digərlərini bəxş edir. Yəni, bu tikilən idman obyektləri bundan sonrakı illər ərzində gələcək nəsillərimizə də xidmət edəcək. Bu mənada düşünürəm ki, I Avropa Oyunları Azərbaycan dövləti və xalqı üçün yalnız uğurlar, iqtisadi və siyasi dividentlər də gətirəcək". Sədaqət Vəliyeva bu ərəfədə Azərbaycanın nüfuzuna xələl gətirmək istəyən qüvvələrin də fəallaşdığını deyib. Bildirib ki, Azərbaycan dövlətinin və xalqının uğurlarına sevinən dostlarımız, müttəfiqlərimiz olduğu halda, inkişafımıza kölgə salmağa çalışan xarici və daxili qərəzli qüvvələr də var: "Həmin qərəzli dairələr erməni lobbisinin təsiri altında olan dairələrdir və onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın demokratik imicinə xələl gətirsinlər, ölkəmizin, xalqımızın mənafelərinə zərbələr vursunlar. Xüsusilə də, mühüm siyasi yaxud, ictimai-mədəni tədbirlər ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri şər, böhtan, reallığı əks etdirməyən fikirlərlə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. "Amnesty İnternational", "Human Rights Watch", "Freedom House" kimi qərəzli beynəlxalq QHT-lər vasitəsilə qeyri-obyektiv rəy formalaşdırmağa cəhd göstərən, ABŞ-da, Avropa ölkələrində baş alıb gedən islamofobiya, rasizm, diskriminasiya, korrupsiya hallarını görməməzlikdən gələn həmin qüvvələr müxtəlif kanallar vasitəsilə maliyyə ayırmaqla 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ərəfəsində olduğu kimi bu dəfə də daxili bədxahlar, qaragüruhçular vasitəsilə ölkə daxilində vəziyyəti mürəkkəbləşdirməyə də səy göstərirlər. Bundan irəli gələrək, erməni lobbisinin nəzarətində olan mətbuat orqanlarına, bəzi dünya KİV-lərinə fikir verdikdə Azərbaycandakı radikal müxalifətin mətbuat orqanlarının sinxron fəaliyyətini də sezirik. Eyni zamanda, xarici siyasi direktivlərə əsasən "mitinq"lər keçirməyə cəhdlərin göstərilməsi də eyni ssenarinin tərkib hissəsidir. Bütün bunlar bir daha isbatlayır ki, radikal müxalifət ermənipərəst dairələrin, erməni lobbisinin Azərbaycandakı "5-ci kolon" funksiyasını yerinə yetirirlər". Millət vəkili deyib kli, bütün bunlara baxmayaraq Azərbaycanda xalq-iqtidar birliyi güclüdür, xalq hakimiyyəti dəstəkləyir və müdafiə edir, bundan sonra da belə olacaq, bütün məsələlərdə də biz bunu görürük: "Bu mənada hesab edirəm ki, Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək və Azərbaycan Avropa və dünya ictimaiyyətinin ona göstərdiyi etimadı doğruldaraq, I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. Necə ki, 2012-ci ildə "Eurovison" mahnı müsabiqəsi möhtəşəm şəkildə baş tutmuşdu".


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00