Bakıda keçiriləcək erməni konserti ilə bağlı açıqlama
Elçin Mirzəbəyli: “Bütün baş verənlər nəticədir, səbəbi aradan qaldırmaq lazımdır”
10 Aprel 2015 13:19 SiyasətBAXCP-nin sədr müavini Elçin Mirzəbəyli erməni Nataliya Yeprikyanın rəhbəri olduğu "Comedy Woman" truppasının Bakıda keçiriləcək konsertinə münasibətini bildirib. "Olaylar"a açıqlamasında E.Mirzəbəyli qeyd edib ki, prinsip etibarilə, konsertlə yanaşı ermənilərin Azərbaycanda keçiriləcək Avropa Oyunlarında iştirakının da qarşısı alınmalıydı. BAXCP rəsmisinin sözlərinə görə, Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlərdə də ermənilərin iştirakı bizim üçün yolverilməzdir: "Hər bir azərbaycanlıda bu məsələyə münasibətdə xüsusi həssaslıq var. Mən də buna həssas yanaşıram. Amma elə tədbirlər var ki, bu prosesin qarşısını almaq mümkün olmur. Bunu da başa düşürəm. Şübhəsiz ki, etirazlar olur və olacaq da, olmalıdır da. İnsanlar buna birmənalı şəkildə etiraz edirlər. Xüsusilə konsert məsələsi insana daha çox toxunur. Bütün baş verənlər nəticədir, səbəbi aradan qaldırmaq lazımdır. Bu problemlərə son qoymağın yeganə yolu Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğalından azad olunmasından keçir. Düşmən üzərində qalib gəldikdən sonra artıq bizdə belə bir kompekslər də yaranmayacaq".
Qeyd edək ki, "Comedy Woman" konsertinin təşkilatçısı "33 event" şirkətidir.