Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır

Bunun arxasında Azərbaycanı istəməyən qüvvələr durur

"Hər bir dövlətin müstəqil siyasəti onun beynəlxalq aləmdə baş verən hadisələrə münasibətində, ölkənin sosial-iqtisadi inkişafında, daxili və xarici məsələlərin sərbəst həll edilməsində ifadəsini tapır. Bu gün Azərbaycan dövləti bu yöndə dünyaya bir nümunədir və ölkə rəhbəri cənab İlham Əliyevin yeritdiyi müstəqil, düşünülmüş siyasət dövlətimizin inkişafına, qüdrətlənməsinə, dünya dövlətləri arasında seçilməsinə və söz sahibi olmasına zəmin yaradıb". Bunu deyən millət vəkili Tahir Rzayevin sözlərinə görə, ölkə prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan müstəqil dövlətdir və heç bir qüvvə ona öz iradəsini qəbul etdirib, müstəqil siyasət yeritməsinin qarşısını ala bilməz: "Əlbəttə, bu qətiyyət, siyasi iradə, hansısa bir dövlətdən asılı olmamaq, kiminsə diktəsi ilə hərəkət etməmək Azərbaycanın bugünkü sürətli inkişafının əsasıdır və Azərbaycan xalqı öz rəhbərinin müstəqil siyasət yeritmək bacarığını, diplomatik uğurlarını yüksək qiymətləndirir, onu müdafiə edir. Həyata keçirilən çox mühüm layihələr, çox əhəmiyyətli tədbirlər, bağlanmış müqavilələr, keçirilən görüşlər, yaradılan dostluq əlaqələri, bilavasitə dövlətimizin müstəqil siyasətinin uğurlarıdır və bu uğurlar ildən-ilə artmaqdadır". T.Rzayevin qeyd etdiyinə görə, sözsüz ki, bu uğurlar nəinki Azərbaycan xalqına, eləcə də dünyanın bir çox xalqlarına, dövlətlərinə fayda verir, insanları, dövlətləri birləşdirir, qarşılıqlı etimadı və dostluğu artırır: "Dost dövlətlər Azərbaycanın inkişafına qürur duyduqları, bu uğurları yüksək qiymətləndirdikləri halda, əksinə bir çox dövlətlər, xüsusilə də Qərb ölkələri əksər məqamlarda bu nailiyyətlərə kölgə salmağa, qara yaxmağa çalışırlar. Bu qarayaxmalar, gözügötürməməzlik daha çox Azərbaycan çox mühüm əhəmiyyətli layihələrə imza atanda, beynəlxalq tədbirlərə ev sahibliyi edəndə, mühüm idman, mahnı yarışlarının təşkilatçılarına çevriləndə baş verir ki, bu da başadüşüləndir. Çünki Qərb hər an ölkəmizin inkişafına qısqanclıqla yanaşır. Sərbəst, müstəqil siyasət yeritməyimizi, dünya ölkələri arasında söz sahibi olmağımızı, tanınmağımızı, irəliyə getməyimizi istəmir. O, Azərbaycanı asılı, yoxsul, qeyri-sabit bir dövlət kimi görmək və ona daim təsir etmək imkanlarına malik olmaq arzusundadır. Qərb ölkələri üçün Ermənistan kimi araqarışdıran, təcavüzkar, öz siyasəti, sözü və yeri olmayan, qeyri-stabil bir dövlət daha çox lazımdır. Çünki bu dövləti əldə saxlamaq, daim oynatmaq, ondan təsir vasitəsi kimi istifadə edib bəhrələnmək mümkündür. Azərbaycan isə öz müstəqilliyini heç nəyə dəyişməyən, kimlərinsə əlaltısına çevirməkdən, diktə ilə işləməkdən çox-çox uzaq olan və bunu qəbul etməyən bir dövlətdir. Elə buna görə digər beynəlxalq əhəmiyyətli tədbirlərdə olduğu kimi, Birinci Avropa Oyunlarının keçirilməsinə az bir müddət qaldığı günlərdə də Qərb ölkələri tərəfindən Azərbaycanın ünvanına söylənilən qərəzli fikirlər, böhtan, yalan kampaniyası ölkəmizin imicinə ziyan vurmağa hesablanır və bu, inkişafımızı gözü götürməyənlərin çirkin əməllərindən başqa bir şey deyil. Ancaq bütün bunlar müvəqqətidir. Elə bilirəm Azərbaycan Birinci Avropa Oyunlarını böyük bir müvəffəqiyyətlə başa çatdıracaq və bütün dünyaya bir daha sübut edəcək ki, o, azad, müstəqil, demokratik, həm də ən çətin anlarda öz iradəsini ortaya qoyan və onu qətiyyətlə müdafiə edib həyata keçirməyə qadir olan bir dövlətdir".

Sirr deyil ki, beynəlxalq tədbirlər ərəfəsində bəzi xarici dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana təzyiqlər edilir, müxtəlif xarakterli böhtanlar atılır. Heç şübhəsiz ki, bunun arxasında isə Ermənistan və erməni lobbisi durur. Politoloq Qabil Hüseynli hesab edir ki, onların niyyəti Azərbaycanın artan nüfuzunu zədələmək, ölkəni gözdən salmaqdır: "Azərbaycan beynəlxalq münasibətlərdə aktiv rol oynayır, iqtisadi və siyasi cəhətdən getdikcə güclənir. Ermənistanın mövqeyi isə əksinə, zəifləyir. Bundan başqa, Azərbaycan G20 dövlətlərinin sammitinə dəvət olunmuşdu. Postsovet məkanında Rusiyadan sonra heç bir dövlət bu sammitdə iştirak etməyib. Bu, Azərbaycan üçün böyük göstəricidir və ölkəmiz danışıqlar masasında daha güclü görünür. Bu isə onları narahat edir. Ona görə də Ermənistan və tərəfdaşları ölkəmizin beynəlxalq aləmdəki mövqeyini, dinamik rolunu, nüfuzunu heçə endirməyə çalışırlar".

Siyasi ekspertlərin qənaətinə görə, Azərbaycana qarşı təzyiqlərin kökündə dünyanın fövqəlqüvvələri və onların strateji maraqları durur. Çünki onlar öz mövqelərini müxtəlif bölgələrdə, qitələrdə möhkəmlətmək niyyətindədirlər. Bəzi dövlətlər, qərb koalisiyası dünyanın formatını dəyişmək, yenidən transmilli şirkətlərin maraqlarını müxtəlif yerlərdə yerləşdirmək istəyirlər. Azərbaycanın yerləşdiyi Xəzər, Qafqaz bölgəsi isə həm strateji, həm də təbii resursların zənginliyi baxımından çox əhəmiyyətlidir. Bundan başqa, Azərbaycanın yürütdüyü müstəqil siyasət, innovativ proqramlar, islahatlar xalqın rifahına, yüksəlişinə xidmət edir. Bu isə həmin xarici qüvvələri qıcıqlandırır. Buna görə də onlar Azərbaycanda gedən prosesləri obyektiv qiymətləndirmək əvəzinə, qərəzli mövqe nümayiş etdirirlər.
    Millət vəkili Fəzail Ağamalının bildirdiyinə görə, bəzi xarici QHT-lər və təşkilatlar anti-Azərbaycan koalisiyasında yer alırlar və Azərbaycana davamlı olaraq iftiralar və böhtanlar yağdırmaqda öz fəaliyyətlərini davam etdirirlər: "Təbii ki, demokratiya böyük bir prosesdir. Heç bir ölkədə ideal demokratiya mühiti yoxdur. Azərbaycan da bu gün demokratik cəmiyyətin qurulması yolunda çox mühüm addımlar atır. Bu da dövlətimizin fundamental prinsipidir. Lakin bununla bərabər, demokratiya pərdəsi arxasındakı fikirlərlə müxtəlif təşkilatların çətiri altında dalğalanaraq, Azərbaycan qanunlarını pozanlar varsa, təbii ki, onlar Azərbaycan qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar və olunurlar. Məhkəmələr tərəfindən də onların əməllərinə hüquqi qiymət verilir. Bu, dünyanın bütün demokratik, hüquqi dövlətlərində belədir. Bizdə də belədir və bu cür də olmalıdır. Təəssüf ki, öz ölkələrində insanların qətlinə göz yuman, vəhşiliklərə laqeyd olan belə təşkilatlar Azərbaycan kimi ölkələrdə "stəkanda fırtına" yaratmağa çalışırlar. Əlbəttə, bütün bunların arxasında Azərbaycanı istəməyən anti-azərbaycançı qüvvələr var. Heç şübhəsiz ki, burada da erməni izi var. Erməni lobbisinin bütün mənalarda özünü ifadə etməsi var. Düşünürəm ki, bu deyilənlərin heç bir əsası yoxdur". Onun sözlərinə görə, I Avropa Oyunlarının keçiriləcəyi ərəfədə bu cür təşkilatların yaxasını cıraraq Azərbaycana qarşı böhtanlar yağdırması, tam əminəm ki, heç bir nəticə verməyəcək. Bu oyunlar ölkəmizdə yüksək səviyyədə keçiriləcək. Bir tərəfdə bu cür təşkilatların Azərbaycana qarşı iftiraları, digər tərəfdə isə hörmətli həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə İtaliyada və Avropanın digər ölkələrində keçirilən təqdimatlar. Daha möhtəşəm və yüksək səviyyədə Azərbaycanın tanıdılmasında onun etdikləri. Bu cür iftiralar ona görə də bundan sonra da davam edəcək. Biz onlara qarşı təkcə mətbuatla deyil, onların başa düşəcəyi dildə cavab verməliyik".



Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00