Müxalifət daxilində yeni birlik axtarışları

Müsavat Milli Şuraya alternativ yarada bilər

Müsavat yetkililərinin  "AXCP müxalifətin geniş birliyi ideyasından qaçır", "Milli Şura başqa qüvvələrlə əməkdaşlıq etmək istəmir" fikirləri yaxın günlərdə yeni siyasi birliyinin yarana biləcəyi ehtimalını artırır. Bəllidir ki, AXCP özünü ana müxalifət, Milli Şuradan cəmləşmiş partiya və şəxsləri isə real qüvvə kimi təqdim edir. AXCP-nin niyyəti Müsavatı ən azı bu ilki parlament seçkilərinə qədər Milli Şuraya buraxmamaq,  seçkiyə təkbaşına getməkdir. AXCP-nin qisasçılıq hissindən yoğrulmuş kor inadı Müsavat və ətrafındakı partiyaları ciddi narahat etməkdədir. İndiki halda "Azadlıq 2015" və Milli Düşüncə Strateji Mərkəzi ilə Milli Şuraya alternativ görünmək mümkün deyil. Yeni siyasi bilrik yaradılmalıdır. Ancaq necə? Necə birlik yaradılsın ki, onu  real müxalifət kimi təqdim etmək mümkün olsun. "Qarabağ" blokunda birləşmiş ADP və Ümid özünü loyal müxalifət kimi göstərib. Üstəlik ADP sədri Sərdar Cəlaloğlunun Azərbaycan tarixi və tarixi şəxsiyyətləri ilə bağlı köntöy açıqlamaları ictimai rəydə qıcıq yaradıb. AMİP təkbaşına fəaliyyət göstərir və Müsavata qoşulmaq fikrində deyil. AXP, Azadlıq, Demokratik Birlik kimi xırda partiyalarla ciddi siyasi uğura imza atmaq olmaz. Müsavat təkbaşına da qüvvə effekti yarada bilməyəcək. Partiyanın daxilində ciddi problemlər var. Qubad İbadoğlu və Vurğun Əyyubun ətrafında toplaşmış narazılar Müsavatın enerjisini alan faktordur. Sanki partiyanın daxilində müxalifət formalaşıb. Ancaq Müsavatın ətrafında blok formalaşdırmaq şansı qalır. Bu şans nədən qaynaqlana bilər?
Bəllidir ki, AXCP özünü ana müxalifət kimi təqdim etsə də, bu partiyanı qəbul etməyən xeyli sayda insan var. Ömrü siyasi mübarizələrdə keçmiş bu adamlar, keçmiş hərəkatçılar 90-cı illərdə siyasi bazarlıqlarda ad çıxarmış Əli Kərimli və onun partiyasına inanmırlar. Fuad Qəhrəmanlı, Əbülfəz Qurbanlı, Natiq Ədilov kimi xırda çaplı siyasi fiqurların ümidinə qalmış AXCP-nin ana müxalifət iddiası bu adamlarda, eləcə də cəmiyyətdə gülüşlə qarşılanır. Bir zamanlar Demokratik Konqres, Bizim Azərbaycan bloklarında olmuş bu adamlar indi siyasətdən kənardadırlar. Başqanlıqdan, aktiv siyasətdən istefa vermiş İsa Qəmbər o adamlarla danışıqlar apara bilər. Müsavatın da qatıldığı, ancaq dominant qüvvə olmadığı yeni siyasi birliyin yaranması mümkündür. Müsavat rəhbərliyi hazırki siyasi bazarlıq ovqatını kənara qoyub səmimi şəkildə bu işlə məşğul olsa, ortaya ciddi siyasi birlik çıxarmaq olar. Bu birliyi İctimai Palatanın bazasında da yaratmaq olar. Müsavat bu işlə ciddi şəkildə məşğul olsa AXCP rəhbərliyi narahat olmağa başlayacaq. Çünki İctimai Palata Milli Şuradan öncə AXCP-nin özünün də iştirak etdiyi real müxalifət qurumu idi. Müsavat partiya daxilindəki gənclərlə (Tural Abbaslı və digərləri-müəl.) problemi yoluna qoyub yeni yaradacağı siyasi birliyə gəncləri də cəlb edə bilsə Milli Şuraya qarşı ciddi alternativ yarada biləcək.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00