İsa Qəmbər Əli Kərimliyə qarşı yeni birlik yaradır
AXCP və Müsavat arasında rəqabət meyilləri güclənir
8 Aprel 2015 15:40 SiyasətMüsavat Partiyası aprelin 19-na mitinq təyin edib. Nümayiş Milli Şuranın ayın 5-də keçirdiyi mitinqə cavab olacaq. Müsavatın Milli Şuranın keçirdiyi etiraz aksiyasına qoşulmaması fikri təsiq edir. Arif Hacılının Müsavat başqanı seçilməsindən sonra partiyanın AXCP ilə əlaqələri tamamilə qırıldı. İsa Qəmbərdən fərqli olaraq, Xalq Cəbhəsinə qarşı aqressiv mövqeyilə seçilən A.Hacılı qurumlar arasında radikal müxalifətin əsas gücü olması yönündə rəqabəti gücləndirib. Uzun illər İsa Qəmbərin kölgəsində qalan A.Hacılı üçün 19 aprel mitinqi özünü göstərmək üçün yeni şansdır. Əli Kərimlinin radikal müxalifətin lideri olması barədə səsləndirdiyi fikirlər A.Hacılını qıcıqlandırır. Belə olan halda hələ də, "İsa Qəmbərin kölgəsi sindromu"ndan yaxa qurtara bilməyən A.Hacılı AXCP ilə olan əlaqələrini tamamilə qırmaq niyyətindədir. Təktərəfli formada keçiriləcək mitinqə AXCP-nin dəvət olunmaması da bundan qaynaqlanır. Digər tərəfdən aprel ayının ilk yarısında baş verən bu hadisələr radikal müxalifətin uzun illər bir araya gəlməyəcəyini göstərən əsas tezisdir. AXCP və Müsavat arasında yaranmış fikir ayrılığının mərkəzində dayanan əsas faktor partiyaların müxtəlif siyasi dairələrə olan marağından qaynaqlanır. Belə ki, xarici siyasi dairələrdən aldığı qrantlar hesabına Azərbaycanın siyasi həyatında səs-küy yaratmağa cəhd edən AXCP-dən fərqli olaraq, Müsavatın belə imkanları məhduddur. Varsa da, bunu gizli saxlamağa çalışan Müsavat rəhbərliyinin hədəfi sabiq başqan İsa Qəmbərin 2018-ci ildə keçiriləcək prezident seçkisində radikal müxalifətin vahid namizədi olmasına nail olmaqdır. İ.Qəmbərdən fərqli olaraq, Əli Kərimli mətbuat və cəmiyyətin "Qərbin siyasi dairələrinin Azərbaycandakı ruporu" damğasını üzərində gəzdirir. Nəticədə Arif Hacılı İsa Qəmbərin təlimatları əsasında AXCP-ni Müsavatdan uzaqlaşdırmaq planını həyata keçirir. İ.Qəmbərdən təcrübəsiz olan Əli Kərimli isə asanlıqla sabiq başqanın oynadığı oyunların içinə düşüb özünə qarşı çevrilə bilir. Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən getməsindən sonra qurumu ələ keçirən Əli Kərimli siyasi partiyaların birlikdən qaçmasında da məsuliyyət daşıyır. Müsavat rəhbərliyi isə, bu faktı asanlıqla Əli Kərimliyə qarşı çevirir. AXCP ilə soyuq münasibətdə olan partiyaları tərəfinə çəkən Müsavat Ə.Kərimliyə qarşı yeni birlik yarada bilər. Əli Kərimlinin xüsusilə Milli Şura daxilində özündən narazı saldığı partiyaların Müsavatla birlik yaratmaları qaçınılmazdır. Bu isə, 2018-ci il prezident seçkisində radikal müxalifətin yaradacağı yeni blokda AXCP-nin iştirak etməyəcəyi deməkdir. AXCP-ni küncə sıxışdıran İsa Qəmbər seçkidə Müsavatla yanaşı digər radikal partiyaların səsini almaqla Əli Kərimli üzərində siyasi ağırlığını artırmağı hədəfə alıb. Ən azından AXCP və Müsavat arasında rəqabət meyllərini gücləndirən təktərəfli mitinqlər yuxarıda irəli sürülən iddialara əsas verir.
Ömər Zamin