Azərbaycan regionun vacib siyasi oyunçusu qismində
Arzu Nağıyev: “Azərbaycan öz ehtiyatlı və balanslı siyasəti ilə regionda Türkiyə ilə bir yerdə əlaqələndirici və vacib bir dövlətə çevrilə bilər”
8 Aprel 2015 15:38 SiyasətSon vaxtlar Azərbaycanın ərəb dünyası, müsəlman aləmi ilə əlaqələrində yeni bir mərhələ müşahidə edilməkdədir. Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri, bunun ardınca Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun Azərbaycana səfəri və səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişinin imzalanması fonunda bunu aydın görmək mümkündür. Bu səfərlər başa çatar-çatmaz isə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfər etməsi ilkin mərhələdə ehtimal kimi səslənən fikirlərin həqiqiliyini ortaya qoydu. Xəbərlərdən də məlum olduğu kimi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına səfər edib. Səfər çərçivəsində dövlət başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud, eləcə də bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşüb. Dövlət başçısının Səudiyyə Karlı ilə görüşündə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib. Həmçinin İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Görüş zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.
Maraqlıdır ki, Azərbaycanın son vaxtlar İslam dünyası ilə əməkdaşlığında yeni bir mərhələnin açılması Azərbaycanın yaxın və uzaq qonşuları tərəfindən də maraqla izlənilir və müxtəlif yanaşamalar ortaya qoyulur. Bəs görəsən, rəsmi Bakı ilə Ərəb dünyası, İslam aləmi arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar nəyə xidmət edir və Azərbaycana hansı dividentlər gətirəcək?
Azərbaycanla ərəb dünyası arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində son günlər müşahidə edilən qarşılıqlı səfərlər barədə fikirlərini bölüşən siyasi ekspert Arzu Nağıyevin sözlərinə görə, məsələyə Səudiyyə Ərəbistanı mövqeyindən baxsaq görünür ki, Ər-Riyad İranla həmsərhəd olan və ona hər hansı bir təsir göstərə biləcək Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmaq məqsədi güdür. Ekspert hesab edir ki, Səudiyyə Ərəbistanı bununla da Tehranın regionda apardığı siyasətə təsir göstərməyə çalışır: "Məlumdur ki, regionda baş verən proseslər heç də Səudiyyə Ərəbistanının xeyrinə deyil. İranın Yaxin Şərqdə apardığı siyasət Yəməndə hakimiyyət dəyişikliyinə səbəb oldu və husilər vasitəsilə öz istəyinə qismən çatdı. Səudiyyə Ərəbistanı isə buna qarşı silahlı müqavimətlə cavab verdi. Bununla yanaşı nüvə proqramı ilə bağlı Qərbin İranla əldə edilən razılaşması Səudiyyə Ərəbistanının nüfuzunu aşağı sala bilər. Belə bir vəziyyətdə Azərbaycan öz ehtiyatlı və balanslı siyasəti ilə regionda Türkiyə ilə bir yerdə əlaqələndirici və vacib bir dövlətə çevrilə bilər". Qarşılıqlı münasibətlər sistemi fonunda Azərbaycanın ərəb dünyasında yeri və rolunun nə dərəcədə artacağına aydınlıq gətirən Arzu Nağıyev bildirib ki, Azərbaycan regionda vacib bir siyasi oyunçuya çevrilə bilər: "Lakin bunun da öz təhlükəli tərəfləri var. İlk öncə məlumdur ki, Səudiyyə Ərəbistanı islamın radikal cərəyanlarından birini təbliğ edir. Hər hansı bir sərmayə qoyuluşu ilə bir yerdə dini ekstremizm də gələ bilər. Bundan başqa Birləşmiş Ştatlar -Rusiya münasibətlərini və onların regiondakı marqlarını da unutmaq olmaz. Məlumdur ki, Moskva şiələri,Vaşinqton isə sünniləri dəstəkləyir. Məhz buna görə də Azərbaycanın mövqeyi Rusiya üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin də səfəri böyük maraqların toqquşduğu bir vaxtda taktiki və balanslı bir gedişdir". Siyasi ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq ərəb kapitalının Azərbaycana yolunu açır və bir sıra meqalayihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynaya bilər. Arzu Nağıyev həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının neft ölkəsi olmasının bu sahədə əməkdaşlığın yeni bir mərhələsinə yol açacağı mümkünlüyünə də toxunub: "Məlumdur ki, İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırıldıqdan sonra dünya bazarına ucuz neft daxil ola bilər. Bu isə Azərbaycana və Səudiyyə Ərəbistanına xeyir etmir. İndiyə qədər bazarda neftin qiymətini əsasən Səudiyyə Ərəbistanı və onun müttəfiqləri tənzimləyirdi. İran kimi bir neft oyunçusunun bazara yenidən daxil olması balansı poza da bilər. Yəni Qərb və İranın razılığa gəlməsi bir çox dövlətlərin geosiyasi nüfuzunu aşağı sala bilər. Lakin Tehrana qarşı sanksiyaların aradan qaldırılması İran qazının Azərbaycanın TANAP kəməri ilə nəqlini də reallaşdıra bilər. Bu gün isə İranın öz qazını Avropaya çatdırması üçün nəql imkanı məhdudur".
Süleyman