Fuad Qəhrəmanlı AXCP-nin sədri ola bilər

“Parlament seçkilərindən sonra partiyada siyasi böhran yaranacaq, Əli Kərimlinin istefası tələb olunacaq”

Milli Şuranın son mitinqində maraqlı hadisə yaşanıb. Mitinqin aparıcısı, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı, başqa bir sədr müavini Fuad Qəhrəmanlını "AXCP sədri" kimi təqdim edib. Mikrafonu əlinə alan Fuad Qəhrəmanlı isə tələsik "Mən sədr deyiləm, AXCP sədrinin müaviniyəm" deyə, düzəliş edib. AXCP fəalları sosial şəbəkələrdə bunu sırf təsadüf, texniki xəta kimi qələmə versələr də, partiya daxilində siyasi böhrana istiqamətlənmiş hansısa proseslərin getdiyini söyləmək olar. Adının anonim qalmasını istəyən AXCP fəallarından biri Fuad Qəhrəmanlının "AXCP sədri" kimi təqdim olunmasını təsadüf saymır. Mənbə deyir ki, artıq AXCP sədri Əli Kərimlinin yalnız öz marağını güdən siyasəti partiyada, rayon təşkilatlarında narazılıq yaradıb: "2005-ci ildən sonra Əli Kərimli yalnız öz karyerasını düşünür. İki çağırış deputat olduğu zaman bu günki kimi radikal deyildi. Biz də biznes strukturlarında çalışır, xarici fondlardan qrant yardımları ala bilirdik. Əli Kərimli radikallaşandan sonra bütün resurslarımız əlimizdən çıxıb. AXCP-də irəli getmək, rəhbər strukturlarda vəzifə tutmaq üçün hökmən radikal olmalısan". Mənbənin açıqlaması belə deməyə əsas verir ki, 1995-ci ildən faktiki, 2000-ci ildən isə rəsmi olaraq AXCP-nin lideri olan Əli Kərimli artıq yeniləşmə istəyən gənclərin marağına cavab vermir. Belə bir vəziyyətdə partiyanın təbliğat maşınına rəhbərlik edən, AXCP-nin Göbbelsi adlanan Fuad Qəhrəmanlının aktivləşməsi təsadüfi sayıla bilməz. Mənbə bildirir ki, AXCP-də  Əli Kərimliyə potensial rəqib Fuad Qəhrəmanlıdı: "Payızda keçirilən parlament seçkilərində hazırkı radikal kursun gərəksizliyi bir daha sübut olunacaq. Gənclər dalana aparan bu kursdan çoxdan narazıdırlar. Lakin partiyanın Natiq Ədilov tərəfindən yön verilən qara piar maşınının "satqın", "xain" damğası gəncləri etiraz etməyə çəkindirir". Ədilovun Avropa ölkələrindən sığınacaq almaq üçün Gürcüstana yola düşməsi yenilik istəyən gənclərin yolunu açır. Mətbuat katibi Avropa ölkələrinə sığınsa, partiyadakı mövqelərini itirəcək. Mənbə bildirir ki, parlament seçkilərindən sonra AXCP-də sədr əleyhinə kampaniya başlanacaq. Fövqəladə qurultay keçirilməsi tələb olunacaq. Yeniləşmə istəyən gəncliyin (onlara Əbülfəz Qurbanlı başçılıq edir) əsas hədəfi Əli Kərimlinin partiyadan uzaqlaşdırmaq, sədr postuna Fuad Qəhrəmanlını gətirməkdir. Fuad Qəhrəmanlı indidən iddia qoya bilməz. Çünki onu da Razi Nurullayev kimi linç edə, partiyadan sıxışdıra bilərlər. F.Qəhrəmanlı Razidən təcrübəli siyastəçidir və səbrlə zamanını gözləyəcək. F.Qəhrəmanlı parlament seçkilərindən sonra aktivləşsə onu sıradan çıxarmaq çətin olacaq. AXCP-çi gənclər Əli Kərimlini deyil, onu dəstəkləyəcəklər. Bununla da AXCP-də "qocalar"ın dəstəyinə ümid edən Əli Kərimli xeyli qüvvə itirəcək.

Zaur Sultanbud
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00