Müsavatda Stalin metodları

Arif Hacılı “adamlar yoxdur, problem də yoxdur” prinsipi ilə hərəkət edir

Müsavat Partiyasında istefalar davam edir. Partiyanın Sabunçu rayon təşkilatının üzvləri Elməddin Qəmbər, Vidadi Həsənov, Nizami Əliyev, Ehtiram Məmmədov, Asif Yusifov, Rövşən Əliyev, Musa Əsgərov və Rövşən Həsənli partiya sıralarından istefa veriblər. Bu barədə  məlumat verən partiyanın üzvü, hüquq müdafiəçisi Elşən Həsənov deyib ki, istefalara səbəb partiyanın Sabunçu təşkilatında sədrliyə keçirilən seçki ilə bağlı olub: "Təşkilatdakı hörmətimə, fəaliyyətimə baxmayaraq, partiya rəhbərliyi mənə Sabunçu təşkilatında sədr seçilməyə imkan vermədi. Çünki mən partiya rəhbərliyini tənqid edirəm. Ona görə də keçmiş sədrə tapşırıq veriblər ki, Elşən Həsənov sədr olmasın. Bunların əməllərinə görə o qədər istefalar olub ki. Hazırda on nəfərə yaxın üzv Sabunçu təşkilatında baş verənlərə görə partiyadan istefa verib". Partiya fəalı təşkilat sədrliyinə keçirilən seçkilərə partiya rəhbərliyinin müdaxilə etdiyini qeyd edib: "Təşkilatda iki dəfə seçki keçirilib, birinci dəfə kvota olmadığına görə seçki baş tutmadı. Onda açıq-aşkar təşkilat departamentinin rəhbəri Zöhrab Məhərrəmli təşkilat üzvlərinə zəng edərək "İsa Qəmbər Arif Haclının adından tapşırıb ki, Elşən Həsənov sədr seçilə bilməz" deyib. Partiya rəhbərliyi seçkiyə müdaxilə edib. Rəqibim pis adam deyil, amma bunun adını kəndlərdə eşitməyiblər. Təşkilatın inkişafına dəstək verən adam ona səs verər? Arif Hacılının və Divan üzvlərinin müdaxiləsi ilə belə hallar baş verir". E.Həsənovun fikrincə,  ona həm də başqanlığa sabiq namizəd Tural Abbaslını dəstəklədiyinə görə əngəllər yaradılır. Qeyd edək ki, seçkidə Müsavat Partiyasının Sabunçu təşkilatına Elnur Əsgərov sədr seçilib.

Arif Hacılı və komandasının Sabunçu təşkilatına həssas yanaşması təsadüfi deyil. Partiyanın Sabunçu, Suraxanı təşkilatları narazılara, özəlliklə də Vurğun Əyyuba yaxındır. Hətta Suraxanı təşkilatı Vurğun Əyyubun Milli Məclis üzvlüyünə namizədliyini irəli sürüb. Bu məsələ ilə bağlı rayon təşkilatı ilə rəhbərlik arasında ziddiyyətlər yaranıb.
   Baş verənlər deməyə əsas verir ki, artıq Arif Hacılı və komandası narazıları Müsavatdan uzaqlaşdırmağa qəti qərar verib. Bundan sonra heç bir barışıqdan söhbət gedə bilməz. İsa Qəmbər-Arif Hacılı dueti partiyanı əldə saxlamağın başqa yolunu görmürlər. Onlar narazılarla danışığa və barışığa getməyəcək, Stalinin "adamlar yoxdur, problem də yoxdur" prinsipi ilə hərəkət edirlər. Halbuki barışıq qapısı bağlanmamış, şanslar tam itirilməmişdi. Sabiq başqan İsa Qəmbər Müsavatda hamının hörmət etdiyi və inandığı Mirbaba Babayevin rəhbərliyi ilə barışıq komissiyası yarada bilərdi. Partiyanın bütövlüyünü qorumaq üçün hətta fövqəladə qurultaya da gedilə bilərdi. Postİsa Qəmbər dövrünə rahat keçid üçün həmsədrlik institutu da yaradıla bilərdi. Lakin Stalin  repressiyasından əziyyət çəkmiş bir partiyanın hazırkı rəhbərliyi Stalin metodlarından kənara çıxa bilmədi. Bundan sonra Müsavatın bütövlüyü haqqında danışmaq ciddi söhbət olmayacaq. Partiyadan qopmalar sürətlənəcək, Müsavat Arif Hacılının boyuna uyğun balacalaşacaq.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00