Əli Kərimli, “əl boyda çağa”, selfie və inqilab

AXCP-nin siyasi mübarizə üçün əl atdığı üsul iyrəncdir. Dövlətin milli maraqlarının qorunması çərçivəsində mübarizə apardığını iddia etsə də, AXCP qədər Azərbaycanın siyasi həyatında onun bütün dəyərlərini darmadağın etməyə çalışan ikinci qüvvə AXCP-nin özüdür. Məqsədləri üçün zaman-zaman erməni lobbisi ilə belə sövdələşməyə gedən sədri Əli Kərimli birmənalı olaraq, Azərbaycana qarşı olan bütün qüvvələrə loyal münasibət bəsləyir. Onun əsl xislətini "Azadlıq" qəzeti və Milli Şuraya yaxın olan saytlarda tirajlanan anti-Azərbaycan yazılarından görmək mümkündür. Həmin mənbələr Ermənistan mətbuatında dövlətimizin əleyhinə yönəlmiş məlumatları da dərc etməyə hazırdır. Qərb, Ermənistan və ABŞ mediasında Azərbaycan əleyhinə yayılan məlumatlar cəbhəçiləri sevindirir. Onlar ölkələrinin ərazilərinin 20%-ni işğal edib, bir neçə saatın içində Xocalıda 613 nəfər həmvətənini qətlə yetirən ermənilərlə səmimiyyətə "tolerantlıq donu" geyindirən kəslərdir. Dünya praktikasında AXCP qədər öz ölkəsinə qənim kəsilən siyasi partiya olmayıb. Ayrı-ayrı ölkələrin ən radikal və aqressiv təşkilatları belə, iqtidarla dövlətin milli maraqları kontekstində dialoqa gedir. Lakin Xalq Cəbhəsi bu mədəniyyətdən birmənalı şəkildə uzaqdır. Əbülfəz Elçibəy vəfat etdikdən sonra Əli Kərimli AXCP-ni dövlətin milli maraqların üzərinə narahat halda yeriyən "zombi yığnağı"na çevirib. Bu gün Əli Kərimlinin simasında AXCP bileti alan hər kəs Azərbaycanı söyməyi, xalqı təhqir etməyi "demokratiya" kimi qələmə verir. Ən maraqlısı isə odur ki, o, partiyanın ən sıravi üzvlərini belə öz şəxsi iddialarının "əqidə" olmasına inandıra bilib. Normal düşüncə və təfəkkürə sahib olanlar üçün Əli Kərimli siyasi lider ola bilməz.

***

"Feysbuk"da açdırdığı saxta profillərlə iki dəqiqədən bir status paylaşan Əli Kərimlinin yaratmaq istədiyi süni ajiotaj "virtual inqilab"dan başqa heç nə deyil. Çox təəssüf ki, bunları görməyənlər təxribata gedirlər və sonra da qaçıb gizlənmək üçün səfirlik axtarırlar. Məsələn, bu gün Natiq Ədilov qədər xarici ölkələrin diplomatik nümayəndəliklərini canına yığan ikinci adam yoxdur. Nə həyatı, nə də "siyasi mübarizə"si üçün heç bir təhlükə olmadığı halda, N.Ədilov özü-özündən huyuxur. Kəmalə Bənəniyarlı kimi. Adama deyərlər, "sənin ağırlığın nədir ki, oturduğun yeri də çökdürəsən?" Bir-iki qeyri-etik sözü "inqilab" kimi qələmə verib özünü "Janna Dark", "Çaves" kimi təqdim edən adamın pxisologiyasından şübhə edilməlidir. Bu gördüyün yuxunun gerçəkliyinə inanmaq, şizofreniya əlamətidir. Sədri Əli Kərimli olanlardan məntiq gözləmək, ən son düşünülən məsələ belə ola bilməz. Hakimiyyətə etiraz edib, "tale yüklü məsələlər"dən bəhs etdiyini deyən heç bir lider, iqtidara qarşı keçirdiyi etiraz mitinqlərində "əl boyda çağa"nın özçəkiminin obyektivi qarşısında gülərək dayanmaz. Bu, "sizi ələ salıram" deməkdir. Bəli, siyasi lider humanist və tolerant olmalıdır. Lakin "ciddi məsələlər"dən danışıb, sonra buna gülmək normal hal deyil. Əslində Əli Kərimlinin həmin "əl boyda çağa"nın telefonu qarşısında dayanıb selfie etməsinin əsl məqam olduğunu gözəl bilir. O, apardığı "mübarizə"nin iddia etdiyi kimi xalqın yox, özünün şəxsi mənfəətlərinin təmininə hesablandığını da gözəl bilir. Əli Kərimlini selfie qarşısında güldürən faktor mitinq üçün xarici donorlardan aldığı külli miqdarda pullardır. Həmin qüvvələrin AXCP sədrinin onları necə aldatdıqlarını görməmələri isə, adamı dəhşətə gətirən məsələdir. Nə isə...


Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00