Razi Nurullayevin AXCP-dən istefasının şok təfərrüatı
“Əli Kərimli ABŞ və Britaniya səfirliklərinin məsələ ilə bağlı ona məlumat verdiklərini bildirdi”
24 Fevral 2015 17:22 Siyasət"AXCP sədri partiyada gəncləşmə siyasəti apardığını və onlara etimad göstərdiyini deyir. Bunun müqabilində ömrünün böyük hissəsini partiyaya həsr etmiş yaşlı nəsil sıxışdırılır". Fevralın 24-də mətbuat konfransı keçirən AXCP sədrinin keçmiş müavini Razi Nurullayev belə deyib. "Çünki onlar Əli Kərimlidən nəticə istəyirlər, onlar sədr haqda çox şeyi bilirlər. Lakin bu o demək deyil ki, yaşlıları tamamilə kənara itələyib yerinə gəncləri gətirmək lazımdır. Məqsəd yalnız Əli Kərimlinin maraqlarına xidmət edən gəncləri partiya sıralarına qatmaqdır. O yalnız öz maraqlarına xidmət edən partiya istəyir" - deyə R.Nurullayev qeyd edib.
"Əli Kərimli cəbhəçiləri aşağılayır"
AXCP Rəyasət Heyətinin iclasının 4 saatdan çox davam etdiyini deyən R.Nurullayevin sözlərinə görə, iclasın 80%-i "Facebook"da yazılan statuslara gələn "like"lərin sayılmasına sərf olunur: "Mənim kimi vicdanı olan digər cəbhəçilər etiraz edirdilər ki, bu boyda partiyanın bu qədər xırdalığa getməsi düzgün deyil. O, fərqli fikirləri qəbul edə bilmir. Tez-tez cəbhəçiləri aşağılayır". R.Nurullayev qeyd edib ki, partiyanın bütün rayon şöbələri məcburi şəkildə "Azadlıq" qəzetinə abunə edildilər. Onun sözlərinə görə, Əli Kərimli keçirdiyi bütün iclaslarında bütün cəbhəçilərdən bunu tələb edir: "Bu düzgün deyil. Amma bir dəfə də olsun, öz ailəsinin büdcəsindən kəsib "Azadlıq"a abunə olan AXCP-nin rayon təşkilatlarının sədrləri, bunu qəzetdə işıqlandırılmayıb. Ancaq sədrin maraqlarına xidmət edən və onun seçdiyi adamların fəaliyyətləri, müsahibələri qəzetdə dərc edilir. Partiyanın bir rayon təşkilatının sədrini "Azadlıq"da görə bilməzsiz. Amma AXCP-nin 70-dən çox rayon şöbəsi var. Əli Kərimli həmin rayon sədrlərinin sıxıb suyunu çıxarıb".
"Rayon sədrlərinin sıxıb suyunu çıxarıb"
"Partiyaya gətirilmiş gənclər Əli Kərimlinin bəlağətli çıxışlarından təsirlənə bilərlər, amma köhnə cəbhəçilər nə baş verdiyini çox gözəl bilirlər. Keçmiş cəbhəçilər heç bir vəchlə Əli Kərimlinin təlimatlarına və onun özünə tabe olmaq istəmirlər. Qruplaşmalar var, onlar sırf "Facebook"a nəzarət edirlər ki, kim kimi "like" edir, kim nə yazır və bu gün gündəmdə nədir. Cəbhəçilərə Əli Kərimli tərəfindən verilən təlimat budur. Yüzlərlə cəbhəçilər var ki, bu tapşırıqları yerinə yetirməkdən imtina edirlər. Rəyasət Heyətində bir neçə nəfər var ki, Əli Kərimli yalnız həmin adamlarla pıçıldaşır, qalanlarına heç bir məlumat verilmir. Sədr bu insanlarla öz siyasətini qurur. Rəyasət Heyətində öz mənliyini saxlayan insanlara mənə kömək olmağa çağırıram" - deyə Razi Nurullayev qeyd edib.
"110 saxta profili var"
Razi Nurullayevin sözlərinə görə, istefa qərarını açıqlayandan sonra, müxtəlif partiya sədrləri və QHT rəhbərlərindən 2 saat ərzində gələn telefon zənglərinin sayı 127 olub: "Onların içərisindən çox az sayda adam mənə dedi ki, açıq şəkildə səni müdafiə edə bilərik. Çünki o böyük çoxluq bilirdi ki, məni müdafiə etsələr saxta profillərdə "Facebook"da onun üzərinə gələcəklər. Təsəvvür edin, Rəyasət Heyətində təmsil olunan şəxsin bir il əvvəl 110 saxta profili vardı. "Facebook"un qaydaları sərtləşəndən sonra həmin profillərin çoxusu bağlandı. Bu böyük biabırçılıqdır, böyük ideyalardan danışan sədr üçün yaxşı hal deyil. Sosial şəbəkələrdə fəaliyyət göstərən cəbhəçilərdən ortaya mövqe qoymaq tələb olunur. Dəfələrlə buna açıq şəkildə etirazımı bildirmişəm".
"Əli Kərimli Zərifə Məhiyyədinovanı şantaj etdi"
"Əgər desəm ki, "Bulvar çox gözəldi" AXCP-də "vətən xaini" elan olunacam. Asəf Quliyev də bu cür məsələlərin qurbanı oldu. Vaxtilə AXCP-dən istefa vermiş Zərifə Məhiyyədinovanın maliyyə imkanları vardı və partiyada bir çoxları bundan istifadə ediblər. Lakin onun şantaj olunması yaxşı deyildi. Bir dəfə yadımdadır, o mənə zəng edib ağladı. Bu gün də peşmançılıq hissi keçirəm ki, ona həmin vaxt dəstək ola bilmədim. Bu cür şantaj yolunun seçilməsi düzgün deyildi. Çünki Əli Kərimli həmişə şantaja qarşı mübarizə apardığını deyirdi. Sonradan sədrin bunu başqasına tətbiq etməsi, onun qeyri-səmimiliyindən irəli gəlir" - deyə sabiq müavin bildirib. R.Nurullayevin sözlərinə görə, onun AXCP-də apardığı əsas mübarizə partiyanın gəncləşməsiylə bağlı olub: "Bu başqa partiyalarda da aparılmalıdır. Amma Əli Kərimli buna imkan vermir. Çünki onun məqsədi müxalifətdə birinci olmaqdır. Bu düzgün siyasət deyil. Əli Kərimli həmişə müxalifətdə birinci olmaq uğrunda mübarizə aparıb və bundan doymayıb, doymayacaq da".
"Əli Kərimli satqındır"
Daha sonra R.Nurullayev belə deyib: "Əli Kərimli məni evinə dəvət etdi. Bizim çox ağır söhbətimiz oldu. Aldığım məlumatlarla o mənə şok yaşatdı. Məni hakimiyyətə işləməkdə ittiham etdi və bu barədə onda dəqiq faktların olduğunu dedi. ABŞ və Britaniya səfirliklərinin məsələylə bağlı ona məlumat verdiklərini bildirdi. Adı çəkilən səfirliklərin məni dinlədiklərini vurğuladı. Əli Kərimlinin dediklərindən belə çıxdı ki, ABŞ və Britaniya səfirliklərində ölkəni və onun siyasətçilərini dinləmə cihazları quraşdırılıb. Bundan narahat oldum. Çünki Azərbaycanda elə bir səfirlik yoxdur ki, oranın başçısıyla görüşməyim. Bütün səfirliklərlə isti münasibətlərim var. Həmişə keçirdiyim görüşlərdə müzakirə edilən mövzuları kənara çıxarmamışıq, belə görüşlərdə tez-tez diplomatik prinsiplərin olduğunu xatırlatmışıq. Orada da ancaq qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmişik. Belə çıxır ki, həmin səfirliklər siyasətçiləri dinləyib Əli Kərimliyə məlumat verirlər. Bu barədə artıq ABŞ və Britaniya səfirliyinə məktub göndərmişəm. Məsələnin araşdırılması və bu barədə mənə məlumatın verilməsini tələb etmişəm. Bu məsələyə aydınlıq gətirəcəm, mətbuatı da bu işi araşdırmağa çağırıram. Səfirlərlə görüşümdə AXCP-nin gəncləşməsini müzakirə etmişəm və indiki vəziyyətlə hansısa dəyişikliyə getməyin mümkünsüzlüyünə diqqət çəkmişəm. İkinci məni şoka salan məsələ bu idi ki, o mənə "sən gedən yolu mən qayıtmışam" deməyi oldu. Yəni ki, bu "sən hakimiyyətə indi işləyirsənsə, mən bu yolu çoxdan keçmişəm" demək idi. Mənim heç bir getdiyim yol yoxdur, bu tamamilə absurd iddiadır. Ümumiyyətlə satqınlıq məfhumunu qəbul etmirəm. Heç vaxt belə bir söz ağzımdan çıxğmayıb, amma mən bu sözü onun özünə qaytarıram. Əli Kərimlinin özü satqındır. O, bu görüşdə, Mənə susmağı təklif etdi. Bildirdi ki, guya sağlamlığımla bağlı və vətəndaş cəmiyyətində işlərim çoxluğuyla istefa vermişəm. İstefa qərarı mediaya çıxana qədər heç nə demədim. Elə bildilər susacam. Bəs, şantaj yoluyla məni partiyadan uzaqlaşdırmaq nə dərəcədə doğrudur? Niyə susmalıyam?! Məndən başqa, Əli Kərimlinin bir çox işləriylə bağlı AXCP-də məlumatı olanlar var. Onları cəsarətli olmağa çağırıram.
Sabiq müavin Əli Kərimli haqda mətbuatın iddiasını təsdiq etdi
"Görüşdə daha sonra, mənə dedi ki, "sən qurultayda cəbhəçiləri mənim üzərimə salıb məni istefa verməyə məcbur etmək istəmisən". Necə yəni? Əbədi bir vəzifə varmı? Əli Kərimli siyasi mədəniyyət göstərib kənara çəkilməlidir. Nə qədər sədr olmaq olar? Əli Kərimlidən başqa lider yoxdu, başqa siyasəti yoxdu? Bunu özü də başa düşəcək və yaxın zamanlarda bunun şahidi olacaqsız. AXCP-dən istefa verməyim o demək deyil ki, mən siyasətdən gedirəm, getmirəm. Siyasi fəaliyyətimi davam etdirəcəm. Əvvəlkindən də aktiv olacam və siyasi təşkilat yaratmaq fikrim var. Bunun detalları ilə bağlı mətbuata əlavə açıqlama verəcəm" - deyə o vurğulayıb. Xalqın Əli Kərimlini dəstəkləmədiyini deyən Razi Nurullayevin sözlərinə görə, Milli Şura və AXCP-nin keçirdiyi mitinqlərə gələn 2-3 min nəfəri "sən öl", "mən ölüm"lə gətirirlər: "Əgər mitinqə gələnlər arasında bizim tanıdığmız simalar yoxdur, orada xalq yoxdur deməkdir. Çünki xalqın ona inamı yoxdur. Əgər Əli Kərimli çağırış etsə də, heç kəs gəlməyəcək. Siyasətdən yox, ən azından AXCP-yə rəhbərlikdən əl çəksin". R.Nurullayev AXCP sədrinin gəlir mənbəyi barədə də danışıb: "Əli Kərimlinin qazanc mənbəyini özündən və partiyada ona yaxın olan iki nəfərdən başqa heç kəs bilmir. Cəbəhçilər ağır məhrumiyyətlər içərisindədirlər, mən də AXCP-də heç vaxt maaş almamışam. Əli Kərimli də işləmir. Onun kiçik oğlu Londonda Avropanın ən bahalı univeristetində təhsil alır. Övladları Bakının ən bahalı məktəbində - Oksfordda oxuyublar. Bu qədər bulu haradan alır? Cəbhəçilər ödəyir? Bu pulları haradan alır, haradan əldə edilir - bu barədə mətbuat çox yazıb və hamı bilir. Amma bunun müqabilində cəbhəçilər çox ağır məhrumiyyətlər içərisindərlər. Əli Kərimli bunun əvəzini çox ağır ödəyəcək. Buna görə ondan əl çəkməyəcəm, sonacan mübarizə aparacam. Allah şahiddir ki, bunları Əli Kərimlini qaralamaq üçün demirəm, heç bir məqsədim də yoxdur".
Mənsur