Müxalifət:köhnələr yenilikçilərə qarşı

1993-cü ildə formalaşmış, ənənəvi müxalifət adlanan siyasi qüvvə ciddi böhran yaşayır. Bu günə qədər çoxlu partiya sıradan çıxıb. Qalan son iki partiya:Müsavatla AXCP-də ciddi böhran yaşanır. Sosial baza, kadrlar dağılır. Bu prosesin bir səbəbi obyektivdirsə, subyektiv səbəblər də var. Cəmiyyətdə sosial rihafın artması, qaçqınlıq, işsizlik  kimi problemlərin həlli narazı kəsimi müxalifət partiyalarından ayırıb. Adamları kütləvi tədbirlərə, qərargaha cəlb etmək olmur. Xalq müxalifətdən üz döndərib. Bacarıqlı kadrlar müxalifət düşərgəsini tərk ediblər. Subyektiv səbəbləri isə müxalifətin özündə axtarmaq lazımdır. Bacarıqlı kadrlar, nüfuzlu ziyalılar partiya liderlərinin şəxsi ambisiyasına görə partiyaları tərk ediblər. 2000-ci ildən bu yana neçə-neçə adlı-sanlı ziyalı AXCP və Müsavatı tərk edib. Sülhəddin Əkbər, İbrahim İbrahimli, Qabil Hüseynli, Məmməd Zeynalov, Nəsib Nəsibli kimi istənilən partiyanın vitrinini bəzəməyə layiq ziyalılar Müsavatdan gedib, İbrahim Vəliyev, Fuad Mustafayev, Asəf Quliyev AXCP-ni tərk edib. 2015-ci ildən ənənəvi müxalifətdə daha bir maraqlı proses yaşanır. Hər iki partiyada yenilikçilərə qarşı sanki səlib yürüşü başlanıb. Müsavat partiyasında bu proses qurultaydan sonra başlanıb. Başqanlığa sabiq namizədlər Qubad İbadoğluna, Tural Abbaslıya qarşı diskriminasiya siyasəti aparıldı. Tural Abbaslı partiyanın rəhbər strukturlarına yaxın buraxılmadı, Qubad İbadoğlu isə tamamən Müsavatdan çıxarıldı. Müsavat başqanı Arif Hacılının adamları yenilik istəyənlərin hamısını partiyadan uzaqlaşdırmağa çalışırlar. Səxavət Əlisoy partiyadan çıxarılıb. Vurğun Əyyub və Ellada Məmmədlini də bu aqibət gözləyir. Hikmət Hacızadə özü istefa verib. Rayon təşkilatlarında gənc və perspektivli siyasətçi Qubad İbadoğluna qoşulanların əksəriyyəti partiyadan çıxarılıb, qalanlar da təqib olunur. Yenilikçilər partiyadan çıxmağa, başqa təşkilat qurmağa məcbur edilirlər. Artıq Qubad İbadoğlu özünə təşkilat yaradıb. Demoktariya və Rihaf Hərəkatı yəqin ki, yaxın zamanlarda partiyaya çevriləcək.

AXCP-də də eyni proseslər gedir. Partiyadan uzaqlaşdırılmış sabiq sədr müavini Razi Nurullayev Əli Kərimliyə qarşı ciddi ittihamlar irəli sürüb. AXCP qaragüruhu onu satqınlıqda, xəyanətdə suçlandırsa da, əsas səbəb sabiq müavinə qarşı qısqanclıqdır. Razi Nurullayev deyir ki, o, AXCP-də düşüncə tərzini dəyişmək, bolşevizm meyllərini aradan qaldırmaq istəyirmiş. Razi Nurullayev istəyirmiş ki, AXCP üzvləri və funksionerləri cəmiyyətdə baş verən hadisələrə yalnız qara çərçivədən baxmasınlar, proseslərə yalnız Fuad Qəhrəmanlı zehniyyəti ilə yanaşmasınlar. Lakin buna nail ola bilməyib. AXCP-də məğlub olmuş və qisas hissi ilə alışıb-yanan radikallar hökmranlıq etdiyindən Razi Nurullayev kimi liberal düşüncəli, yenilik tərəfdarı olan bir ziyalı uğur qazana, möhkəmlənə bilməzdi. Yenilikçilərə qarşı barışmaz mövqe AXCP və Müsavat elitasının əsas qüsurudur. Bu siyasət davam etdikcə, hər iki partiyadan qopmalar davam edəcək.

Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00