ATƏT Dağlıq Qarabağ probleminin ədalətli həll edilməsi qarşısında maneəyə çevrilib

Bu günlərdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona daha bir səfəri baş tutdu. Azərbaycan və Ermənistanda dövlət başçıları və xarici siyasət idarəsi rəhbərləri ilə görüşlər keçirən vasitəçilərin görüşün nəticələrinə dair verdikləri bəyanatdan anlaşılan o oldu ki, bu dəfəki səfər prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyır. Özü də bu görüş nə qədər qəribə də olsa 2015-ci ilin sonlarına nəzərdə tutulur. Əslində bununla ATƏT-in Minsk Qrupunun həmsədrləri bir daha sübuta yetirdilər ki, onlar tamamilə fəaliyyətsizdirlər və Minsk Qrupu tərəfindən Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansısa təsirli addımın atılmasını gözləmək sadəlövhlük olar. Belə ki, həmsədrlərin iradəsindən asılı olmayaraq belə Azərbaycan Ermənistan prezidentini məcburiyyət qarşısında danışıqlar masasına çəkə bilər. Təkcə keçən ilin avqust ayında cəbhədə baş verən insidentə oxşar bir hadisənin baş verməsi kifayət edir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistana sarsıdıcı zərbə endirsin və nəticədə işğalçı ölkənin prezidenti yalvararaq Azərbaycandan danışıqlar istəsin.

Həmsədrlərin regiona səfəri və səfər sonrası səsləndirdikləri bəyanatda diqqət çəkən bir təhlükəli məqam isə vasitəçilərin Dağlıq Qarabağın separatçı rejimini bu ərazinin de-fakto hakimiyyəti kimi təqdim etməsidir. Həmsədrlərin yaymış olduğu bəyanatda qeyd edilir ki, regiona səfər çərçivəsində onlar Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə də görüşüblər. Kifayət qədər təhlükəli məqamdır. Problemin həllini öz üzərinə götürən bir qurumun nümayəndələrinin işğalçıları de-fakto hakimiyyət kimi qəbul etməsi onu deməyə əsas verir ki, ATƏT Azərbaycanı işğal faktı ilə barışmağa çağırır. Halbuki indiyə qədər ATƏT daxil olmaqla heç bir beynəlxalq qurum nə Şimali Oeetiya, nə Abxaziya, nə də ki, bu günlərdə Ukraynanın ərazi bütövlüyünü pozaraq öz müstəqilliyini elan etməyə çalışan Donetsk və Luqanskı de-fakto hakimiyyət kimi tanımayıb. Bəs onda Azərbaycana qarşı nə üçün belə ikili mövqe nümayiş etdirilir, işğalçılara dəstək verilir?
Yeni Azərbaycan Partiyasının beynəlxalq məsələlər komissiyasının katibi Elman Nəsirov deyir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin əsas məqsədlərindən biri cari ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməkdən ibarətdir: "Nəzərə alsaq ki, il yeni başlayıb və ilin sonuna qədər hadisələr elə sürətlə inkişaf edə bilər ki, sabah nəyin baş verəcəyini bu gün söyləmək çətin olar. Ona görə də hesab edirəm ki, bu ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti fəaliyyətsizliyidir". Elman Nəsirov vasitəçilərin verdiyi bəyanatda separatçı Dağlıq Qarabağ rejiminin de-fakto rəhbərlik kimi qələmə verməsini də kökündən yanlış addım sayıb. Bildirib ki, həmsədrlərin bu bəyanatı birbaşa ermənilərin maraqlarına xidmət edir: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu bəyanatından həm Ermənistan rəhbərliyi, həm də qondarma rejim məmnun qalıb. Çünki bu gün separatçı rejimi de-fakto rəhbərlik kimi qəbul edən sabah onu de-yure də qəbul edəcək. Hesab edirəm ki, həmsədrlərin belə bir açıqlama ilə çıxış etməsi son dərəcə qorxulu bir tendensiyadan xəbər verir. Bundan sonra da vasitəçilərdən eyni mövqe görsək, onda düşünürəm ki, həmsədrlərlə danışmağın mənası yoxdur".
Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin ( DİPM) sədri, Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli də hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin nəticəsi olaraq verdikləri bəyanatda separatçı rejimin de-fakto hakimiyyət kimi qəbul edilməsi yolverilməzdir və bu məqam Minsk Qrupunun obyektivliyini, ədalətliyini şübhə altına alır: "Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupu problemi sadələşdirib həllinə nail olmaqdansa, əksinə ötən hər il onun daha da mürəkkəbləşməsinə xidmət edir. ATƏT on prinsipindən birini Azərbaycana, digərini isə heç bir əsas olmadan Dağlıq Qarabağda yaşayan ermənilərə şamil etməsi ilə əvvəlcədən özünün obyektivliyini şübhə altına almış oldu. Mütəllim Rəhimlinin sözlərinə görə, əslində ATƏT beynəlxalq təşkilat olaraq Dağlıq Qarabağ probleminin ədalətli həll edilməsi qarşısında maneəyə çevrilib: "Düşünürəm ki, Dağlıq Qarabağda yaşayan bir qrup erməniyə xalq statusu verməyə çalışan həmsədrlərin indi də separatçı-terrorçu rejimi de-fakto hakimiyyət kimi qəbul etməsi düşünülmüş böyük siyasi oyunun tərkib hissəsidir. Görünən budur ki, ermənilər beynəlxalq havadarlarının sayəsində işğal etdikləri torpaqlarımızı hüquqi baxımdan da əldə etmək istəyirlər". Mərkəz rəhbərinin sözlərinə görə,  ATƏT-in Minsk Qrupunun fəaliyyətə başladığı andan bu missiyanı addım-addım yerinə yetirməyə çalışdığı müşahidə olunmaqdadır.


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00