Müavin sədrdən qabağa çıxanda...

Məşədi Cəfər

Mən bu irəli-geri söhbətini 2000-ci illərin yürüş-mitinqlərində müşahidə etmişəm. Bir dəfə "klassiklər" Elçibəyin məzarını ziyarətə gedirdilər, mən də getdim ki, qoşulam bunlara. Kütlə Əzizbəyov heykəlinin yanından yürüşüə başlamışdı, mən elə avtobusdan düşüb qoşulmaq istədim. Özüm üçün irəlidə gedirəm. Bir də gördüm Bəybala Əbil başılovlu üstümə gəlir. Əbil bəy narazılığını mümkün qədər gizlədərək "Bəy, bir az arxada gedək" dedi. Bir də baxdım ki, sədr və müavinlərin düz tuşundayam. O zaman anladım ki, kənar adam sədrin qarşısına çıxa bilməz. Diqqət etdim, ortada və qabaqda Mirmahmud bəy şəxsən özü irəliləyirdi. Müavinləri onun yanında və yarımaadım arxada gəlirdi.
Bəli, anlayışlı müavin gərək sədrdən qabağa keçməsin. Lap siyasi, iqtisadi və dil bilgisi sədrdən artıq olsa belə, üzə vurmasın, özünü bilən kimi göstərməsin. Müavin sədrdən önə çıxanda axırı yaxşı olmur. Ona qarşı paxıllıq başlanır, partiyada belə müavini sevmirlər. Məsələn, indiki dövrün cavan yazarları tanımaz,  AMİP-də Nazim İmanov vardı. Gənc yaşlarında elmlər doktoru elmi dərəcəsini almış, olduqca savadlı, intellektual və siyasətçi üçün vacib keyfiyyət olan hazırcavab idi. Tədbirlərdə yanaşı dayananda AMİP sədri Etibar Məmmədovdan ən azı bir baş yuxarı dayanardı. Harizması, intellekti, xoş görüsü ilə jurnalistlərin, ümumiyyətlə publikanın rəğbətini qazanırdı. KXCP-də Zəlimxan Məmmədli digər müavinlərdən fərqlənirdi. İxtisasca diş həkimi olan Zəlimxan bəy kasıb sədr müavinlərindən yaxşı geyinir, adamlarla mehriban danışır, özü haqqında xoş münasibət yarada bilirdi. AXCP-də də belə fiqurlar olub. Məsələn, hazırkı sədrin özü müavinlərin çoxunu üstələyirdi. Amma zaman öz işini görür. AXCP sədri gənc, parlaq dövrünü bitirib. İndi o da kimlərinsə yanında sönük görsənir. Belələrindən biri artıq sabiq müavin Razi Nurullayevdir. İndi Fuad Qəhrəmanlıdan təlimat alan  cəbhəçilər onu sərt tənqid, bəzən təhqir edirlər, "hakimiyyətin layihəsi" olmaqda suçlandırırlar. Ancaq kim nə deyir-desin, ona qarşı mənfi münasibətin kökündə Razi bəyin bir neçə xarici dildə sərbəst danışması, diplomatik korpus tərəfindən qəbul olunması dayanır. Razi Nurulayev harizması, dil bilgisi ilə Əli Kərimlinin üstələyirdi. Əli Kərimlini ləhcədə danışan digər müavinlərinin yanında ingilisdilli Razi Nurullayevin şəxsiyyəti daha  parlaq görsənirdi. Ona görə də Əli Kərimli cənabları Stalin prinsipi - "adamlar yoxdur, problem də yoxdur" prinsipi ilə Razi Nurullayevi AXCP-dən uzaqlaşdırdı. Bəlkə də partiyada qalıb deputat mandatı almaq niyyətində olan Razi Nurullayev üçün bu itkidir. Ancaq Razi Nurullayevin gedişi AXCP üçün də itkidir. Hər halda Razi Nurullayev rus dilini belə düz-əməlli bilməyən  Həsən Kərimovdan, Kərim Mehdiyevdən, Fuad Qəhrəmanlıdan, Əbülfəz Qurbanlıdan, Natiq Ədilovdan qat-qat üstün fiqur idi. Əli Kərimli o zaman Razidən imtina edərdi ki, onun yerinə təyin etməyə başqa kadr olaydı. İndilikdə Razi bəyin gedişi itkidir, sədr gərək sabiq müavinini bu qədər qısqanmayaydı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00