Müsavatın parçalanması rəsmiləşir
Qubad İbadoğlunun tərəfdarları təsis yığıncağı keçirəcək
17 Fevral 2015 13:21 SiyasətFevralın 21-də Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi Demokratiya və Rifah Hərəkatı təsis konfransı keçirəcək. Bu barədə mətbuata açıqlama verən hərəkatın üzvü, Müsavat Partiyası Qadınlar Birliyinin rəhbəri Ellada Məmmədli deyib ki, ADR-in 30 rayon təşkilatı, gənclər və qadınlar qolu olaraq təşəbbüs qrupu yaradılıb. Təşkilat Naxçıvanda da şöbə yaradıb. ADR-in təsis olunması Müsavat partiyasında narahatlıqla qarşılanıb. Müsavat başqanının müavini Səxavət Soltanlı ABŞ Dövlət Departamentinin Amerika vətəndaşlarına "filan ölkəyə getməyin" tipli bəyanatına oxşar şəkildə müsavatçılara "ADR-in təsis yığıncağına qatılmayın" mesajını verib.S.Soltanlı deyib: "Üzvlərimizə də tövsiyə edərdim ki, orda təmsil olunmaları onlar üçün uğur vəd etmir. O təşkilat Müsavata qarşı yaradılmış formal bir təşkilat olacaq. Ona görə də üzvlərimizə də tövsiyə edərdim ki, doğru qərar versinlər. Özləri də görəcəklər ki, o təşkilat Müsavata qarşı yaradılmış formal bir təşkilat funksiyasını üzərinə götürəcək". Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə deyib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan Müsavat Partiyasının üzvləri nizamnaməni pozduqları halda cəzalandırılacaqlar: "Həmin qurumda təmsil olunan Müsavat üzvləri hər hansı nizamnamə pozuntusuna yol verəcəklərsə, bunlar partiya rəhbərliyi tərəfindən araşdırılacaq və nizamnaməyə uyğun tədbir görüləcək. Orada təmsil olunanların əksəriyyəti Müsavat Partiyasından çıxarılmış və ya istefa vermiş şəxslərdir. Ancaq hazırda partiya üzvü olan şəxslər də var ki, onlar nizamnamə pozuntusuna yol verəcəklərsə, cəzalandırılacaqlar". ADR-in Təşkilat Komitəsinin üzvü, Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə APA-ya açıqlamasında bildirib ki, ADR ictimai hərəkat olduğu üçün həm orada, həm də Müsavatda fəaliyyətini davam etdirəcək və bu, nizamnamə pozuntusu deyil. Ellada Məmmədli onu da deyib ki, Müsavat Partiyası Qadınlar Birliyinin buraxılması üçün zəmin hazırlayırlar. E.Məmmədli doğru deyir. Onun ADR-ə qoşulması, toplantılarda iştirak etməsi Müsavat üçün problemdir. Əgər ADR-in təsis yığıncağı ləngisəydi, Qubad İbadoğlunun ardınca digər funksionerlər də partiyadan çıxarılacaqdı. Özəlliklə, Vurğun Əyyubun partiyadan, Ellada Məmmədlinin Müsavat Qadınlar Təşkilatının sədri vəzifəsindən çıxarılması gözlənilirdi. Daha doğrusu, Arif Hacılının komandası bunu edəcəkdi. Lakin vaxt uduzuldu. İndi ADR müsavatçılar üçüm çox cəlbedicidir. Çünki bu qurumun təsis olunmasında bir sıra tanınmış müsavatçılar iştirak edir. Müsavatın rayon təşkilatından qoşulanlar var. Arif Hacılı müsavatçıların ADR-ə
qoşulmasının qarşısını ala bilmədi. Səxavət Soltanlı, Gülağa Aslanlının çağırışı, hədə bəyanatları o qədər də effektli olmayacaq. Yəqin ki, ADR-in təsis yığıncağına xeyli sayda müsavatçı gələcək. Fevralın 21-i müsavatçılar üçün seçim anıdır. ADR-in təsis yığıncağında olanlar Müsavatda olmayacaqlar. Təsis yığıncağı Qubad İbadoğlunun gücünü göstərəcək, perspektivini müəyyən edəcək. Bu yığıncaqla Müsavatın parçalanması rəsmiləşəcək. Yığıncaqda iştirak edən müsavatçılar böyük ehtimalla partiyadan xaric olunacaqlar. Baş verənlər göstərir ki, Müsavatın birliyini qorumaq mümkün olmadı. Partiya ilk dəfədir ki, bu miqyasda parçalanma və qopmalara məruz qalır. ADR-ə gəlincə, güman ki, seçkiyə qədər bu qurum ictimai təşkilat olaraq fəaliyyət göstərəcək. ADR gələn ilin martına qədər partiyaya çevriləcək.
Ərhun Abbas