Mübariz Əhmədoğlu: Təmas xəttində hərbi gərginliyin təşəbbüskarının Ermənistan olduğu sübut edildi

"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi gərginliyin təşəbbüskarının Ermənistan olduğu sübut olundu. İndi Ermənistanın daxilində baş verənlər bunu deməyə tam əsas verir". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Humanitar Tədqiqatlar Cəmiyyətinin və "Təhlükəsiz dünya" beynəlxalq təşkilatının hazırladığı Ermənistan-Azərbaycan sərhədindəki kəndlərin əhalisinin vəziyyəti ilə bağlı hesabatın təqdimatı zamanı deyib. Politoloq qeyd edib ki, Ermənistan prezidenti, Ermənistanda hakimiyyəti zəbt etmiş "Qarabağ klanı"nın başçısı Serj Sarkisyan Ermənistanda ana müxalifətə qarşı yeni hücum kampaniyasına başlayıb: "Çiçəklənən Ermənistan" partiyasının lideri, multimilyoner, deputat Qaqik Sarukyanın müxalifətçiliyi "Qarabağ klanı"nı hakimiyyətdən məhrum edə bilər. Bu qorxunun təsiri altında "Qarabağ klanı"nın başçısı S.Sarkisyan yerevanlı Qaqik Sarukyan və onun ətrafına qarşı repressiyaya başlamaq əmri verdi. "Çiçəklənən Ermənistan" partiyasının lideri, yerevanlı Qaqik Sarukyana qarşı başladığı mübarizənin yaradacağı effekti başa düşən S.Sarkisyan cəbhədə atəşkəsi pozmasını dayandırıb". Onun sözlərinə görə, Qərbin bu vaxtadək Ermənistandakı demokratik pozuntulara göz yumması, 2008-ci ilin 1 mart gülləbaranını ört-basdır etməsi, 2013-cü ilin prezident seçkilərinin nəticələrinin S.Sarkisyanın xeyrinə saxtalaşdırmaqda iştirakı S.Sarkisyanı "Çiçəklənən Ermənistan" partiyasına qarşı repressiyaya daha da ruhlandırır: "Hərbi gərginlikdə Ermənistanın rolunun sübut olunmasını ATƏT MQ həmsədrləri nəzərə almalıdırlar. S.Sarkisyan ATƏT MQ həmsədrləri ilə müzakirələrdən sonra atəşkəs rejimini pozacaqsa, buna həm də vasitəçilər məsuliyyət daşıyıcaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00