Müsavatda barışıq pozula bilər
Arif Hacılının qardaşı partiyada qarşıdurma yaradır
16 Fevral 2015 15:25 SiyasətMüsavat partiyasında müvəqqəti əldə olunmuş barışıq pozula bilər. Buna Qubad İbadoğlu ilə görüşüb razılaşma əldə etmiş başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli səbəb olacaq. Beləki facebook sosial şəbəkəsində sağa-sola atəş açan Mustafa bu dəfə İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbəri hədəfə alıb. Rövşən Qəmbəri "hakimiyyətə işləməkdə" suçlandıran Mustafa yazıb ki, ona layiq olduğu cavabı İsa Qəmbərə xatir vermirik. Qəzəbdən və nifrətdən nə etdiyini bilməyən Mustafa əslində qardaşı Arif Hacılını pis vəziyyətə salır. Rövşən Qəmbər 90-cı illərin əvvəllərindən ölkədən gedib. Onun rəhbərlik etdiyi, təkadamlıq Ana Torpaq Partiyası Müsavata 1994-cü ildə birləşib. O zamandan Rövşən Qəmbər siyasətlə məşğul olmur. Rövşən müəllimin Müsavatda baş verən hadisələrə heç bir təsiri yoxdur. Varsa da, bu təsir Arif Hacılının böyük qardaşı, Əhrar partiyasının sədri Vaqif Hacıbəylidən çox deyil. Belə olan halda Mustafanın Qəmbər ailəsinə hücum etməsi heç də yaxşı qarşılanmır. Mustafanın eyni zamanda Müsavatdan istefa verib narazılara qoşulmuş Hikmət Hacızadə ilə polemikaya girməsi də mənfi qarşılanıb. Açıq görünür ki, dəstəksiz qalmış Arif Hacılının yeganə güvənə biləcəyi elə qardaşlarıdır. Onlar isə siyasətdə təmkin, səbr nümayiş etdirə bilmirlər, Arif Hacılının rəqibləri ilə dava-dalaş yolunu seçiblər. Bu gedişlə Arif Hacılı tam dəstəksiz qala bilər. M. Hacıbəylinin eyni zamanda həm Qubad İbadoğluna, həm Hikmət Hacızadəyə, həm də İsa Qəmbəri qardaşına hücum etməsi A. Hacılı üçün yaxşı heç nə vəd eləmir. Bu gedişlə narazılar barışıq şərtlərindən biri kimi Mustafa Hacıbəylinin partiyadan çıxarılmasını qoya bilərlər.
Bu arada yaranmış durumdan istifadə edən Qubad İbadoğlu şərt dili ilə danışmağa başlaıyb. Azərbaycan Demokratiya və Rifah hərəkatının sədri bildirib ki, Müsavat Partiyasında azadlıqlara dəyər verilmədiyinə görə, təşəbbüslər sistemli şəkildə boğulur. Q. İbadoğlu deyib ki, son zamanlar partiya üzvlərinin hüquqlarına və Nizamnaməyə zidd addımlar daha da genişləndiyindən yaxın dövrdə əsas mübarizə müsavatçıların hüquqlarının müdafiəsinə yönəlib. ADR lideri repressiyalar dayandırılmasa növbədənkənar qurultay təşəbbüsünün irəli sürüləcəyini bəyan edib.
Fövqəladə qurultay ideyasının gündəliyə gəlməsi əslində Arif Hacılının təhdid olunmasıdır. Qubad İbadoğlunun partiyadan çıxarılması, ardınca Mustafa Hacıbəylinin Rövşən Qəmbərə, Qubad İbadoğluna və Hikmət Hacızadəyə qarşı çapına uyğun savaş açması narazıları ictimai rəydə əzabkeş kimi göstərib. Bu da Arif Hacılının zərərinədir. Görünən odur ki, Arif Hacılı Müsavat uğrunda savaşı uduzur və mart-aprel aylarında ictimai rəy Müsavatda fövqəladə qurultay ideyasının zəruri olduğuna tam inanacaq.
Ərhun Abbas