YAP seçkiyə ciddi şəkildə hazırlaşır
16 Fevral 2015 12:01 Siyasət"Yeni Azərbaycan Partiyası hər bir seçkiyə ciddi şəkildə hazırlaşır və bunun nəticəsində də böyük uğurlara imza atır. Ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkiləri bu reallığı bir daha təsdiqləyir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov bu gün keçirilən partiyanın rayon və şəhər təşkilatları sədrlərinin müşavirəsində deyib. Bildirib ki, son bələdiyyə seçkilərində YAP yüksək nəticə əldə edib. Onun sözlərinə görə, partiyamız digər bələdiyyə seçkiləri ilə müqayisədə ən yüksək nəticəni bu dəfə qazanıb: "Seçkilərdə 15035 bələdiyyə üzvülüyünə seçilənlərdən 10315 nəfər YAP-ın üzvləridir. Bu da bütövlükdə bələdiyyə üzvlərinin 68 faizi deməkdir. Bu, indiyə qədər keçirilmiş bələdiyyə seçkilərində ən yüksək nəticədir. Təbii ki, bu möhtəşəm qələbənin başlıca səbəbi, Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməsidir.