“Cənub axını”nın Qərb-Azərbaycan əlaqələrinə təsiri
Layihənin reallaşması ilə Avropanın enerji təchizatında yeni mərhələ başlayacaq və geosiyasi qüvvələr balansı yeniləşəcək
13 Fevral 2015 15:44 SiyasətAzərbaycanın yürütdüyü enerji siyasəti səmərəsini verir. Ölkənin tutduğu mövqe regional və qlobal əməkdaşlıq baxımından da müstəsna əhəmiyyətə malikdir. Həyata keçirilən iri layihələr ölkənin dünya siyasətindəki mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərir. Cənubi Qaz Dəhlizi layihəsinin də bu məsələdə payı böyükdür. Məsələ ilə əlaqədar keçən ilin sentyabrın 20-də Bakıda keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı "neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır" - deyə bildirmişdi. Bu fikir Azərbaycanın enerji sahəsində qlobal əhəmiyyətli layihə üzrə beynəlxalq komandanın formalaşmasında prinsipial rol oynadığını göstərir. Avropa Komissiyasının sədri Joze Manel Barrozo eyni zamanda Cənubi Qaz Dəhlizi və digər beynəlxalq layihələrin Qərb-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcəyini bildirdi. Layihənin reallaşdırılması, xüsusilə regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında tarixi hadisədir. Cənub qaz dəhlizi Xəzər dənizi hövzəsi ilə Avropanın mərkəzini nəqliyyat axını cəhətdən birləşdirəcək. Asiyadan Avropaya uzanan yol Bakıdan keçəcək. Bu, Azərbaycanın dünya ölkələrilə əlaqəsini inkişaf etdirən mühüm faktordur. Azərbaycanın belə yüksək səviyyədə qlobal təhlükəsizlik sisteminin formalaşmasında iştirakı strateji əhəmiyyətli bir məsələdir. Məsələn, Bolqarıstanın prezidenti R.Plevneliev 2019-cu ildə ölkəsinə ildə 1 milyard kubmetr qaz nəql ediləcəyindən bəhs edib. Gürcüstanın baş naziri İ.Qaribaşvili yoxsulluğun aradan qalxmasında və yeni iş yerlərinin açılmasında Azərbaycanın təşəbbüskarı olduğu layihələrin rolundan danışıb. Yunanıstanın baş naziri Cənub qaz dəhlizinin hökumət üçün prioritet məsələ olduğunu deyib. Türkiyənin energetika və təbii sərvətlər naziri T.Yıldız bu layihənin Avropanın qaza olan ehtiyacının ödənilməsində əsas rol oynayacağını bildirib. Onun reallaşması ilə Avropanın enerji təchizatında yeni mərhələ başlayacaq, həm də geosiyasi qüvvələr balansı yeniləşəcək. Ekspertlər hesab edirlər ki, layihənin işə düşməsiyilə Azərbaycan Avropaya qaz nəqlində əsas mənbəyə çevriləcək. Qərbdən olan analitiklər də Avropa İttifaqı və ABŞ üçün "Cənub axını"nın prioritet olduğunu bildiriblər. Layihə eyni zamanda Azərbaycanın iqtisadi inkişafının sürətinə də təkan verəcək. Paralel olaraq, Qərb-Azərbaycan yaxınlaşmasında mühüm rol oynayacaq.
"Azərbaycan bu sahədə həmişə özünün sabit mövqeyini ortaya qoyub"
BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli "Olaylar"a açıqlamasında Cənub Qaz Dəhlizinin ixracın çoxşaxəliliyinə təminat verdiyini deyib. Azərbaycanın da bu prosesdə aktiv rol oynadığını dəfələrlə bəyan etdiyini qeyd edən E.Mirzəbəyli hesab edir ki, digər layihələrin bu günədək kağız üzərində qalmasının əsas səbəbkarı, marşrutlar arasında vargəl edən Qərbdir: "Bir çox hallarda Avropanın enerji təchizatını düşünmək və daha sabit təminatçılar axtarmaq əvəzinə, manipulyativ davranışlara yol verilir. Azərbaycan bu sahədə həmişə özünün sabit mövqeyini ortaya qoyub. Həyata keçirdiyi layihələrin heç birisinə siyasi motivlərlə yanaşmır. Sırf iqtisadi mövqe nümayiş etdirir. Bu baxımdan mən Qərbin münasibətlərində öz maraqlarına uyğun müəyyən pozitiv notların əmələ gələcəyinə gözləyirəm. Çünki Azərbaycan bu günə qədər yürütdüyü siyasətdə sabit və birmənalı olub. Azərbaycan bundan sonra da dünyada gedən proseslərə, eyni zamanda regionda həyata keçirilən iqtisadi layihələrə, bölgənin təhlükəsizliyinə özünün dövlət maraqlarından çıxış edərək yanaşacaq".
"Azərbaycan layihənin reallaşması ilə bağlı lazım olandan da artıq dəstək verir"
Sabiq millət vəkili, politoloq Əliməmməd Nuriyev hesab edir ki, layihənin işə düşməsi Qərb-Azərbaycan münasibətlərini müsbətə doğru dərinləşdirəcək. Azərbaycanla Qərb arasında iqtisadi məsələlərdə hansısa problemin olmadığını deyən Ə.Nuriyev qeyd edib ki, Prezident İlham Əliyevin Almaniyada Münhen Təhlükəsizlik Konfransında iştirakı, orada Cənub dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda bu proyektdə maraqlı olan tərəfləri tələsdirməsi, Azərbaycanın bu prosesdə aktiv iştirakının göstəricisidir. Politoloqun sözlərinə görə, layihə xüsusilə Qərbin maraqlarına cavab verir: "Çünki Qərb bu yaxınlarda enerjiyə, xüsusilə qaza tələbatının ödənilməsində alternativlər barədə düşünür. Bu alternativlərdən biri də Azərbaycan qazıdır. Eyni zamanda fevralın 12-də Azərbaycan prezidentinin Cənub dəhlizi ilə bağlı nazirlərlə keçirdiyi müşavirədən məlum oldu ki, Azərbaycan Avropa ilə enerji dəhlizinin genişləndirilməsində çox ciddi mövqe nümayiş etdirir. prosesin sürətlə inkişafına çalışır. Əslində Avropanın NABUCCO kəmərlərinin çəkilməsiylə bağlı yetəri qədər iradəsi olmayıb. Cənub dəhlizi bu baxımdan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktor olacaq. Layihədən Azərbaycanın da iqtisadi səmərəsi olacaq. Bu siyasi layihə deyil, iqtisadi-geosiyasi poryektdir. Qərbin enerji şirkətləri bu prosesdə nə qədər fəal iştirak edəcəklərsə, bir o qədər sabit təminat əldə edəcək. Çünki Azərbaycan layihənin reallaşması ilə bağlı lazım olandan da artıq dəstək verir. Ölkəmizin proyektdə iştirakı digər geosiyasi maraqlarının təmin olunmasına da əlavə stimul verir. Ermənistanın Azərbaycana təcavüzünün nəticəsinin aradan qaldırılması prosesində də bu münasibətlərin inkişafı vacibdir. Konfliktlər beynəlxalq layihələrin həyata keçirilməsinə maneə ola bilir. Bu baxımdan kəmərlərin çəkilməsi məsələsində regionda təhlükəsizlik əsas rol oynayır. Həmin layihə də Cənubi Qafqazdakı münaqişələrin həll edilməsini zəruri edir ki, Qərbin bu istiqamətə istəyi və iradəsi olarsa, bu, münaqişələrin həllini sürətləndirə bilər. Belə olanda halda Cənubi Qafqaz Qərbin ən etibarlı portnyorlarından birinə çevriləcək. Azərbaycan bu gün bu portnyorluğu nümayiş etdirir, amma Ermənistanın təcavüzü bu prosesə müneə olmağa çalışır. Yəni ki, Cənub dəhlizinin işə salınması Dağlıq Qarabağ münaqişəsinin həll prosesini sürətləndirə bilər".
Mənsur